21 Fevral 2022 12:16
747
MƏMLƏKƏT

SEVAN GÖLÜ - İlhami Cəfərsoy yazır

Ermənilərin iddialarına görə Sevan gölünün adı onların dilindəki sev, yəni qara sözü ilə bağlıdır.

Əslində isə Sevan və Zuvan iki qıpçaq nəslidir (Çokan Valixanov. 1974. s. 274; Radlov 1989.s.514). Onlar ermənilərdən çox qabaq Albaniyada və İveriyada yaşayırdılar. Yunanlarla vuruşa-vuruşa indiki Türkiyə ərazisindən Göyçə mahalına çəkilmişdilər. Göyçə gölünün içindəki adada kilsə tikmişdilər. O kilsə ada ilə birlikdə zəlzələdən batdı.

Ərəblər Bizansı məğlub edəndə Sevan və Zuvan yepiskopları xristianlıqdan üz döndərdilər. Keşiş cübbəsini soyundular, xaçı bayunlarından çıxarıb atdılar. Köhnə türk adətilə qurd dərisindən papaq qoydular, samur dərisindən kürk geyindilər (İbn əl-Əsir. Əl-Kamil fit-tarix.1959). Gürcüstandakı Sevənli Azərbaycan kəndinin əhalisi onların son qalıqlarıdır. Sevanların bir neçə nəsli xristian olaraq qalmış, yunanlarla gürcülər arasında assimilyasiya olunmuşdur.

İndi onlar özlərini Svan adlandırırlar və gürcü dilinə bənzəməyən bir dildə danışırlar. Dilləri qrammatik quruluşuna görə Qafqaz dillərinə bənzəsə də, leksik fondunda çoxlu türk sözləri qalmışdır. Akademik Marra və Rozaliya Şora görə svanlar Kam mənşəli Kuş övladlarıdır. Kam mənşəli Kuş övladlarının dili ari və sami dillərinə yox, türk və fin dillərinə bənzəyirdi (A.Traçevski, Z.Raqozina). Adam qədim mənbələrdəki bu bilgiləri oxuduqca aldığı diplomları Kür çayına atmaq istəyir. Çünki Kür yalnız çay adı deyildir. Sevan və Zuvan kimi arxaik bir xalqın adıdır.