adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 20:02
96
SİYASƏT
A- A+

Azərbaycanın yerləşdiyi coğrafiya... - Səxavət Məmməd yazır

Azərbaycanın yerləşdiyi coğrafiya və "Orta Dəhliz" kimi qlobal tranzit marşrutunun mərkəzində olması böyük üstünlüklər yaratsa da, eyni dərəcədə ciddi təhlükələrə də yol açır. Bunu bir dəfə də yazmışam: böyük güclər strateji və logistik xətlərin üzərində müstəqil iradəsi olan, güclü dövlətlər görmək istəməzlər; onlar üçün idarə edilməsi asan, zəif sistemlər daha əlverişlidir. Bu səbəbdən belə kritik mövqedə olan dövlətlər hibrid təhdidlərə, daxili sabitliyi pozmağa yönəlmiş xarici basqılara və neytral qaldıqları üçün hər iki tərəfdən gələn gizli təzyiqlərə məruz qalırlar. Bu cür strateji xətlərin üzərində duruş gətirmək yüksək səviyyəli dövlət ağlı və daimi ayıq-sayıqlıq tələb edir.

Ona görə də, daimi olaraq Rusiyadan, İrandan, Avropa İttifaqından, ABŞ-dən müəyyən dövrlərlə təhdid və təzyiqlər edilir. Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasındakı gərginliyin səbəblərindən başlıcası da məhz bununla bağlıdır. Ümumiyyətlə, hazırkı dünyada içi ABŞ, Çin, Rusiya qarışıq heç bir dövlət 50 illik strateji planlarla deyil, situativ qərarlarla hərəkət edir. Çünki dünyada baş verən proseslər həddindən artıq sürətlə cərəyan edir. Ona görə də, dövlətlər bəzən 50 illik planları bir kənara qoyub, hazırkı situasiyanı dəyərləndirir, ondan çıxış yolları axtarırlar. Bir neçə gündür sosial şəbəkələrdə və mediada İranın Çindən Azərbaycanın hava limanları barədə geoməkan kəşfiyyatı aldığı iddia olunur və tərəflərdən heç biri də bunu təkzib etmir. Azərbaycanla Çin arasında iki strateji müttəfiqlik bəyannaməsi mövcuddur, Azərbaycan bu bəyannamənin altını doldurmaq üçün Çindən HQ-9B hava hücumundan müdafiə sistemləri alıb, ancaq yenə də Çin İrana kəşfiyyat məlumatları təqdim edə bilir. Səbəb çox sadədir: dəyişən maraqlar, daha əhəmiyyətli istiqamətlər və kiçik dövlətlərin daim yem olma taleləri. Eyni yanaşmanı ABŞ-nin timsalında da görmək olar: Donald Trampın vaxtilə Azərbaycan və Ermənistanı sanksiya və ticarət məhdudiyyətləri ilə hədələyərək tərəfləri sənəd imzalamağa məcbur etdiyini açıq şəkildə bəyan etməsi böyük güclərin kiçik dövlətlərə əsl münasibətinin bariz göstəricisidir.

Rusiya-Ukrayna müharibəsi başlayan zaman bunun Avropanın çökdürülməsinə hesablandığını yazanda bir çoxları buna dırnaqarası baxırdı, fikirləri-zikrləri Rusiyanı bölməyə, parçalamağa yönəlmişdi. Hazırda isə prosesin real mənzərəsi ortadadır. ABŞ Avropa ölkələrini də məcbur etdi ki, Rusiyaya qarşı sanksiya tətbiq etsinlər, ancaq ilk sanksiyanı da pozan ABŞ özü oldu. Ümumiyyətlə, sanksiyalar ikibaşlı olur — qarşı tərəfi tutmayanda özünü tuta bilir. Rusiyaya qarşı sanksiyalar tətbiq olunan zaman bir çox Avropa dövlətləri və ekspertləri iddia edirdi ki, Rusiya qısa zamanda çökəcək. Yeri gəlmişkən, Rusiya və İranın sanksiyaya qarşı immuniteti var. Hazırkı proseslər onu göstərir ki, Rusiya Ukraynadakı müharibəni bilərəkdən uzadıb. Rusiyanın nəzəri baxımdan müharibəni qısa zamanda bitirmək imkanı var idi? Əlbəttə. Rusiya müharibəni qısa zamanda bitirmək yerinə, uzun müddətə və sürünən müharibə formatına salaraq Avropadakı reaksiyaları gözlədi. Zamanında yazırdım ki, müharibə və sanksiyaların müddəti uzandıqca Avropa ölkələri daxilində müəyyən problemlər ortaya çıxacaq: qiymət artımı, sosial partlayışlar, ABŞ ilə Avropa ölkələri arasındakı fikir ayrılıqları. ABŞ Trampın dili ilə "Avropa öz təhlükəsizliyini özü qorumalıdır" desə də, paralel olaraq Avropa ordusunun yaranmasının da qarşısını alır. İllər öncə Fransa Avropa ordusunun yaradılması variantını ortaya atan zaman da hazırda baş verən proseslərin bənzəri yaşanmışdı. Yəni, ABŞ Avropanı daim öz nəzarətində saxlamaqdan əl çəkmək niyyətində deyil. Avropa ölkələrinin qısa zamanda güclü ordu qurmaq istəkləri də praktiki baxımdan mümkünsüz görünür. Avropa ölkələri paralel olaraq həm ÜDM-in 5 faizini NATO-ya ödəməli, eyni zamanda öz ordularını da formalaşdırmalıdır. Bu isə ciddi şəkildə sosial problemlərə yol açacaq. Bundan əlavə, Avropa ölkələri Ukraynanın maliyyə yükünü də öz üzərinə götürüb. Faktiki olaraq Avropa dövlətləri həm Ukraynanı müharibə aparması üçün maliyyə ilə təmin etməli, eyni zamanda isə öz təhlükəsizliyini düşünməlidir. Rusiya da müharibə fonunda ciddi şəkildə yaralar alır, iqtisadi çətinliklərlə boğuşur, ancaq Rusiyanın resursu, coğrafi dərinliyi onu dözməyə məcbur edir. Rəsmi Moskva hətta danışıqlar fonunda belə şərtlərindən geri addım atmayacağını bəyan edir. Açıq şəkildə görünür ki, ABŞ tələsir, bu müharibənin istədikləri nəticələri verməyəcəyini anlayır. Avropa ölkələri isə Ukraynanın müharibə aparmasında maraqlıdır. Burada Ukraynanın ərazi bütövlüyündən, dövlət kimi varlığından, beynəlxalq hüquqdan söhbət gedə bilməz. Avropa ölkələri sadəcə olaraq Ukraynanı Rusiya ilə döyüşdürərək vaxt qazanmağı, ordularını formalaşdırmağı əsas hədəf kimi görürlər. Haradan baxsaq, Ukrayna qurbanlıqdır. Ukraynalılar öz vətənlərini qoruyurlar, bunun üçün döyüşürlər, ancaq onların bu qəhrəmanlıqları üzərindən hərə öz marağını təmin etməyi hədəfləyir.

Zamanında ən çox nüvə təhdidi ilə Rusiya çıxış edirdi. Son günlər ABŞ-nin də İrana qarşı nüvə silahından istifadə edə biləcəyi deyilir. Maraqlı məsələdir ki, ABŞ özü Rusiya ilə nüvə silahlarının məhdudlaşdırılmasına dair müqavilələri yeniləməkdən imtina edir, ancaq İranın nüvə silahı əldə etməməsi üçün çalışdığını bəyan edir. Ümumiyyətlə, əlində nüvə silahı olan ən təhlükəli ölkə ABŞ-dir, çünki ondan zamanında istifadə edib. ABŞ faktiki olaraq İranla bağlı istədiklərinə nail ola bilmədi, əksinə, respublikaçılar İran müharibəsi ilə seçkilərdə əzici şəkildə məğlub oldular. Ona görə də, onların yanvara qədər İrana qarşı yeni hücum dalğası başlatmaq ehtimalı mövcuddur. Noyabrın sonuncu həftəsi bunun üçün ən uyğun variantdır. İran isə açıq şəkildə bəyan edir ki, onlar coğrafiyanı daha da genişləndirəcəklər. Bundan əlavə, İran rəsmi olaraq özləri üçün qadağa qoyduqları 2 min km-lik raket istehsalı məhdudiyyətini də aradan qaldırdığını bəyan etdi. Yəni, bundan sonra İranın 4 min, daha sonra isə 6 min km-lik raketlər istehsal etmə ehtimalı çox yüksəkdir. Onsuz da qeyri-rəsmi olaraq 4 min km-lik raketlər istehsal etdikləri barədə məlumatlar var idi. İranın nəzəri baxımdan Avropadakı ABŞ hərbi bazalarına zərbələr endirəcəyi də mümkündür. Ancaq Avropa ölkələrinə çatmadan o raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulma ehtimalı yüksəkdir. İrana qarşı ağır hücumlar olacağı təqdirdə, xüsusilə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Küveytə daha ağır zərbələr endirəcəyi daha inandırıcıdır. Bu dəfəki hücumlar bundan əvvəlkilərdən xeyli fərqlənə və birbaşa ABŞ hərbi bazalarına yox, həmin ölkələrin özlərinin infrastrukturuna da yönələ bilər. Bu isə hakimiyyət dəyişiklikləri, yaxud siyasi sərhədlərin dəyişdirilməsi ilə nəticələnə bilər. ABŞ və İsrail birgə İranın mülki infrastrukturuna zərbələr endirəcəyi təqdirdə, bu dəfə İrana bağlı qrupların teraktlar törədəcəyi ehtimalı da göz önündə saxlanılmalıdır.

Ümumiyyətlə, həm Körfəzdəki qarşıdurmanın, həm də Rusiya-Ukrayna müharibəsinin bu hədlərdə dayandırılması natamamlıq yaradacaq, bu isə gələcəkdə daha böyük müharibənin xəbərçisi olacaq.

Cənubi Qafqaz bu iki ağır müharibə içərisində olan ölkələrin arasında, mərkəzində yerləşir. Müharibələrin bu hədlərdə bitməsi İran və Rusiyanın diqqətinin Cənubi Qafqaza yönəlmə ehtimalını artırır. Bu isə TRİPP layihəsinin gələcəyini sual altına qoyur. Yəni, Azərbaycana qarşı informasiya müharibəsi, psixoloji müharibə, hibrid hücumların və kiberhücumların artma ehtimalı xeyli yüksəkdir. Xüsusilə informasiya məkanında yeni yanaşmaya, fərqli baxışlara ehtiyac olacaq — çünki qarşıdakı dövrdə dövlətin təhlükəsizliyi sərhədlərdən əvvəl məhz informasiya və düşüncə məkanında qorunacaq. Beləliklə, cəmiyyəti qarşıdakı hibrid və psixoloji təzyiqlərə hazırlamaq üçün klassik təbliğatdan imtina edib, "hamılıqla ora hücum, hamılıqla bura hücum" təfəkküründən çıxıb, daha çevik və realist kommunikasiya modelinə keçmək zəruridir.