adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Dekabr 2019 10:02
116424
MƏMLƏKƏT

Şaxta Baba qiyafəsində kitab paylayan yazar - REPORTAJ

Bizim beynimizdə şəhər qovluğununiçində də xüsusi "şəhər" qovluğu var. Bu qovluqda şortikli oğlanlar,göbəyiaçıq qızlar, kölgəyə bənzəyən çadralılar, ərəblər, bahalı restoranlar vəbütün bunların cəm olduğu daş döşəməli, mərmər oturacaqlı meydan var."Əlimi sallasam, əllisi" misalı. Bu qovluğa girmək üçün ağ şalvarımı,rəngli köynəyimi, isti paltomu geyinib qolumdan tutub özümü çıxartdım "şəhərə".Təkbaşına tənhalığın neçə addım olmağını bəlli eləyirmiş kimi gəzirəm. Bu"şəhər" də ki, bapbalaca yer. Gəzib, gəzib eyni yerə çıxırsan.

O əli itli, məğrur yerişli Svetalar var ha, onların həyata qarşı"vecimə də deyil heç mənim" ədasından bir cıqqan məndə olaydı. Şəhərinən qələbəlik yerləri Mc. Donalds, Mall və bu kimi yerlərdir. Ki, bunları"Ümumxalq tualet mərkəzi" kimi də cəmləşdirmək olar. Məsələn, şəhərinheç bir tualet sistemində avtomatik duş yoxdur. Əl əməyindən imtina bu olsun gərək!Alqışlar, çox sevindim. Bütün bu kimi şeyləri saya-saya, gəzə-gəzə gəlibçıxırıq səbəbkarın yanına.

"Soyuq əllər, isti ürək”. Buxeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdəntəşkil olunub.

Gəlin, bəzədilmiş hündürdirəklərin altından içəri birlikdə daxil olaq. Girişdən böyük izdihamyavaş-yavaş, ləng yerişlərlə, bir növ dəniz dalğalarına bənzər hərəkət edir.Boyum balacadır deyə qarşıda nələr baş verdiyini bir o qədər də görə bilmirəm.Amma sağım-solum aydın görünür. Kofe, dönər, şirniyyat qoxusu bir-birinəqovuşur. Bu izdihamda telefonunu hündürə qaldırıb dostları ilə selfiçəkdirənlər də var. Bunu təkbaşına edənlər də. Adamların çoxusunun üzündə çoxqəribə sevinc ifadəsi var. Əslində bunun təbii və ya süni olduğunu da seçməkçətin məsələdir. Gərək həmin adamları danışdırasan. Fürsətdən istifadə edibyanımdakı üç-dörd nəfər gəncdən soruşuram:

-Dostlar, bu yarmarkaya niyə gəlmisiniz? Burada sizə maraqlı gələn nə var?

Gözəl bəzənmiş xanımlardan biriməni süzə-süzə dilləndi:

-Dedilər ki, konsert olacaq, gəlmişik ki, bir az əylənək.

Elə bunu demişdi ki, yanındanbir oğlan qızın qolundan dartıb apardı mənim yanımdan kənara.

Ətrafa göz gəzdirirəm. Gözlərimbu bayram ab-havasında, musiqi sədalarına qarışan səs-küy içində simvolik"Şaxta baba”nı axtarır. Çifayda. Yoxdur! Bu qarmaqarışıqlığın içində sıxılıram,darıxıram. Madam ki, Şaxta baba yoxdur, bu işi gizli də olsa boynuma götürürəm.Çantamda 5 kitab var. Bu kitabları oxuyub bitirmişəm, əsl hədiyyə veriləsikitablardır, adları sirr qalsın.

Bir az irəlidə kitab dükanıçıxır önümə. Önündə demək olar ki, bir-iki adam olar, ya olmaz. Yaxınlaşıram.

-Bəy, salam. Bu boyda izdihamın içində satış necə gedir? Kitab alan varmı?

-Salam, xoş gəlmisiniz. Bəli, var, normaldır.

-Mənə maraqlıdır ki, ən çox satılıan kitabınız hansıdır?

-" Möcüzələr”.

Kitaba baxıram. Nədirsə heç cəlbeləmədi.

-Bəy, bəs öz yazıçılarımızdan kim çox satılır?

Bir xeyli fikirləşəndən sonra Elxan Elatlının adını çəkir. Soyuq əllərimlə,isti ürəyimlə gülümsünüb, təşəkkürümü bildirərək köşkdən çıxıram. Şirniyyatdükanlarından biri diqqətimi cəlb eləyir. Adamlar önündə çörək növbəsinə düzülənkimi düzülüblər. Bu növbədə adam acından ölər. Sağda üç-dörd nəfərlik masalarınbirində sahibsiz əşyalar var. Amma hiss edirəm ki, birdən həmin əşyalarıoğurlayarlar deyə kimsə masaya göz qoyur. İlk hədiyyəmi bu masaya qoyacam. Bəli,çantamdan Xalid Hüseyninin "Çərpələng uçuran” kitabını çıxarıb masanın üstünəqoyaraq gözdən itirəm. Necə sevincli olduğumu izah edə bilmərəm. Amma kitabıntaleyindən də narahatam.

Aha, ikinci kitab köşkünü görürəm. Önündə şirniyyat dükanındakı qədərizdiham var. Açığı şübhələnirəm. Şübhəm boş deyilmiş. Ağ vərəqdə "55 kitab 5manat” yazılmış bildiriş stendlərdən birinin arxasına yapışdırılıb. Həə, deməlibuna görə imiş. Satıcı oğlana yaxınlaşıb soruşuram:

- Bəy, sizdən bir soruşum. Bu "5manata 55 kitab” nə məsələdir?

- Bax, gördüyün bu iki kitabstendində olan 55 kitabın hər biri on-on beş manatlıq kitablardır. Endirimlə 5manata veririk.

- Bəs, yaxşı, sizdə ən çox satılanmüəllif kimdir? Məsələn, bayaqkı dükanda Elxan Elatlı dedilər.

- Hmmm. Vallah, nə deyim. Biz dəElxan Elatlı deyək də.

Bu dəfə əllərim də, ürəyim də bumbuz uzaqlaşıram bu köşkdən. Nəhayət, ucabir şam ağacına rast gəlirəm. Bəzədilmiş, başına yekə bir qırmızı ulduzqoyulmuş ağac. Yenə də Şaxta babanı görmürəm. Amma ətrafında xeyli adam var. Şəkilçəkdirirlər. Bir az da irəlidə səhnə var. Böyük monitor, dəmir dirəklər,musiqi. Səhnənin önündə gənclər qaynaşır, əllər göyə qalxır, şəkillər çəkilir.Fürsəti əldən vermək olmaz. Bir qızın çiynindəki ağzı açıq çanta gözüməsataşır. Oğrun-oğrun yaxınlaşıram. Başının qarışıq vaxtında kitablarımdanbirini də qızın çantasına qoyub aradan çıxıram. Təhlükəli məqam idi. Bir azqabaqda "Moskiviç”dir deyəsən, qıpqırmızı, yük yerində şam ağacının budaqlarıvar. Onun da önündə adamlar şəkil çəkdirirlər. Bir kitab da bu maşının üstünəqoyuram.


Yavaş-yavaş getmək vaxtıdır. Deyirdilər ki, qiymətlər çox ucuzdur,yarmarkadır. Amma mən bu təşəbbüsdən heç yararlana bilmədim. Buradakı qiymətləryalnız elit təbəqənin cibinə görə ucuz ola bilər. Çıxışa yaxın üzündəkipeşmanlıq, təəssüf yağan qoca görürəm. Yaxınlaşıram.

- Salam, dayı. Necəsiz?

- Salam, bala, çox sağ ol.

- Dayı, bu yarmarkadan gözünüz nə su içir? Necədir, razısınız?

- Bala, vallah, heç zad. Bayaqdan boş-boş gəzirəm, əllərim cibimdə.

Hə, deyəsən, belə demək istəyirdi– soyuq əllər, isti ürək.



P.S Bu yazının 1 yaşı tamam olur. Təəssüf ki, elə bu yazıdan sonra "Soyuq əllər, isti ürək"lə aramızda soyuq havalar hökm sürməyə başladı.