16 Yanvar 2024 12:56
699
DÜNYA

Şimali Koreya ilə Cənubi Koreya heç vaxt birləşməyəcək

Şimali Koreya lideri Kim Jong-un Cənubi Koreyanı "dəyişməz baş düşmən" kimi təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını tələb etdi.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Ali Xalq Məclisinin (SPA) 10-cu sessiyasında Cənubi Koreya ilə münasibətləri dəyərləndirib. Kim Cənubi Koreya ilə barışıq axtarmayacaqlarını və konstitusiyanın Seulu "dəyişməz baş düşmən" olaraq təyin etmək üçün yenidən yazılmalı olduğunu söylədi.

Kim Cənubi Koreya və ABŞ-ı hərbi təlimlər keçirmək və strateji varlıqları yerləşdirməklə Koreya yarımadasını mümkün müharibə zonasına çevirməkdə ittiham edib və Cənubi Koreya ilə birləşməyə çalışmağın “mümkün olmadığını” vurğulayıb.

Kim həmçinin "Şimalın yarısı, sülh yolu ilə birləşmə və böyük milli birlik" kimi ifadələrin konstitusiyadan çıxarılmasının lazım olduğunu bildirib və Pxenyanda iki ölkə arasında birləşməni təsvir edən abidənin sökülməsini tələb edib.

Şimali Koreyanın birtərəfli müharibəyə başlamaq istəyinin olmadığını, lakin müharibədən qaçmayacaqlarını ifadə edən Kim, “Koreyalararası münasibətlərin acı tarixindən çıxarılan son nəticə odur ki, milli bərpa yolunda birlikdə irəliləyə bilmərik" - deyə vurğulayıb.

Şimali Koreyanın Ali Xalq Məclisi dünən Cənubi Koreya ilə əlaqələri idarə etmək vəzifəsi daşıyan əsas dövlət qurumları olan Sülh Məsləhətli Birləşmə Komitəsini, Milli İqtisadi Əməkdaşlıq Bürosunu və Beynəlxalq Turizm Administrasiyasını ləğv etdiyini açıqlayıb.

 

Emin