26 Iyul 2024 09:10
226
LAYİHƏ

Şirvan – gözəl bir şəhər!

Azərbaycanın bir-birindən gözəl şəhərləri, qəsəbələri, rayonları və kəndləri çoxdur. Təbii ki, hər bir gözəlliyi gerçəkləşdirmək üçün ora çox böyük vəsait yatırtmalı və qüvvə sərf edilməlidir. Ən azından ona görə ki, pul olmasa, bir daşı-daş üstdə qoymaq çox çətin və müşkül bir işdir. Üstəlik də puldan savayı, bir ürək, bir güc və bir qüvvə də lazımdır. 

Bu gün Azərbaycan 30 il bundan əvvəlki ölkə deyil, çünki 30 il bundan əvvəl Azərbaycanın 20 faiz torpağı ermənilər və onların havadarları tərəfindən işğal olunmuş, bir milyondan çox məcburi köçkün və qaçqın var idi. Belə bir mürəkkəb durumda həmin insanları digər ərazilərdə, daha doğrusu, yaşayış məntəqələrində yerləşdirmək, onlara çörək, su vermək, bir sözlə, arxa durmaq o qədər də asan məsələ deyildi. Amma Azərbaycan dövləti heç kimə ağız açmadan bu çətinlikləri öz daxili gücü hesabına həll elədi. Yəni, bir milyona yaxın məcburi köçkün digər rayonlarımıza yerləşdirildi, onlara hər cür şərait yaradıldı. Başqa sözlə demiş olsaq, Ümummilli Lider Heydər Əliyev qaçqınlara və məcburi köçkünlərə atalıq etdi. Ondan sonra isə həmin siyasi kursu davam etdirəm Prezident İlham Əliyev son 20 ildə qaçqınlara arxa durdu və onları çətin vəziyyətdən çıxarmağı bacardı. Bütün problemlər zaman-zaman öz həllini tapdı. 

Üstəlik də 2020-ci ilin sentyabrın 27-də başlayıb, noyabrın 10-da başa çatan 44 günlük İkinci Qarabağ savaşı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə şərait yaratdı. Sonrakı problemlər isə 2023-cü ilin sentyabrın 19-u və 20-də anti-terror əməliyyatı zamanı işğal altında olan bütün kəndlər, qəsəbələr, rayonlar ermənilərdən azad edildi. Və həmin yerlərdə Azərbaycanın üç rəngli bayrağı ucaldıldı. Ölkəmizin bir zamanlar çətin durumda olmasına baxmayaraq, bütün rayonlarda, şəhərlərdə abadlıq və quruculu işləri görülüb. Belə şəhərlərdən biri də Şirvandır. O Şirvan ki, bir vaxtlar sovet dönəmində şəhər baxımsızlıq üzündən bərbad günə düşmüşdü. Hətta şəhərdaxili yolların əksəriyyəti pis vəziyyətə salınmış, yağışlı və yağmurlu havalarda avtomobillər həmin küçələrdə rahat hərəkət etmirdi. Təbii ki, bu cür vəziyyət yerli sakinlərin böyük narazılığına səbəb olurdu. 
Ona görə də Şirvanın sosial-iqtisadi inkişafı və abadlıq-quruculuq işləri Ulu Öndər Heydər Əliyevin vaxtında və Prezident İlham Əliyevin hakimiyyəti illərində diqqət mərkəzində saxlanıldı. Şəhərin bərbad yolları, küçələri, parkları və xiyabanları və hətta ucqar yerləri belə ən müasir üslubda inşaa edilərək, əhalinin istifadəsinə verildi. İnsanlar da gördü ki, Azərbaycan Prezidenti Şirvanın yenidən tikilməsi və abadlaşdırılması üçün nə qədər vəsait ayırıb. Aydındır ki, bu vəsaitlər də şəhərin zaman-zaman abadlığına, yenidən tikilməsinə və qurulmasına yönəldildi. 

Başqa sözlə demiş olsaq, Şirvanda çox qısa zamanda möhtəşəm işlər görüldü. Xəstəxanalar, məktəblər, uşaq bağçaları və digər sosial obyektlər inşa edildi. Bununla yanaşı, Şirvanın bir neçə yerində çox möhtəşəm parklar tikildi. Bu parkların birində Ulu Öndər Heydər Əliyevin çox möhtəşəm abidəsi ucaldıldı. Çünki Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik dövründə Şirvana böyük diqqət və qayğı göstərmişdir. Və Şirvan camaatı da onu heç vaxt unutmurdu. Bu gün də Şirvanda biz olarkən Heydər Əliyev parkında bir neçə el ağsaqqalı və ziyalılarla görüşdük. Onlar Şirvanın bugünkü gözəlliyindən söhbət açdılar. Həmin ağsaqqallardan biri olan Həşim Rzayev dedi ki, mənim 85 yaşım var, amma Şirvanın indiki qədər füsunkar və gözəl olduğunu görməmişdim. Ulu Öndər Heydər Əliyev dəfələrlə Şirvana səfər etmişdi və o səfər zamanı mən də şəhər sakini kimi oradaydım. Ulu Öndərin bizim camaatı necə böyük məhəbbətlə sevməsinin şahidi oldum. Bu gün Şirvanda nə gözəllik, nə tikinti və nə quruculuq işləri varsa, hamısı Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləridir. Bunu sadə insanlar çox yaxşı bilirlər. Çünki əvvəllər biz təqaüdçülər gözəl bir yer tapıb, orada istirahət edə bilmirdik, bir stəkan çay içməyə rahat yerimiz yox idi. Amma indi Şirvanın hansı yerinə, hansı məkanına ayaq basırsan, bir-birindən gözəl, səliqəli yaraşıqlı istirahət mərkəzlərinə, yeməkxanalara, çayxanalara rast gələcəksən. Özü də şəhərimiz çox səliqəli və çox da təmizdir. Hər səhər yuxudan duranda yaşıl ağacların arası ilə getmək mənə ləzzət edir. Çünki son vaxtlar Şirvanda on minlərlə şam ağacı və digər növ ağaclar, bəzək kolları, güllər, çiçəklər əkilib. O gözəllikləri yaratmaq nə qədər çətindirsə, onları yayın istisində, qışın soyuğunda becərmək və qorumaq ondan da çətindir. Çox sağ olsun bizim kommunal işçilərini! Onlar şəhərimizin isti yay günlərində bütün yaşıllıqlarına vaxtlı-vaxtında su verir, qulluq göstərir, küçələri və prospektləri çox səliqəli təmizləyirlər. Artıq şəhər sakinləri də bu təmizliyə öyrəşiblər. Yəni insanlar əvvəllər olduğu kimi, əllərinə nə gəldi küçəyə, səkiyə tullamırlar. Çünki hər yerdə məişət tullantılarının yığılması üçün qutular qoyulub və insanlar da həmin tullantıları o qutulara atır. Yəni şəhərimizin təmizliyini və gözəlliyini qorumaq təkcə bu işləri görənlərin deyil, həm də bizim borcumuzdur. 

Həşim müəllimin yanında əyləşmiş Cəmil Əliyevlə də tanış olduq. O, dedi ki, sovet dövründə zavodların birində fəhlə işləyib. Onun da yaşı 85-dən çoxdur. Cəmil müəllim deyir ki, elə mən əslən şirvanlıyam. Şirvanın həm çətin gününü, həm də xoş gününü görmüşəm. Müstəqillikdən əvvəl ölkədə bir dərəbəylik yaranmışdı və Şirvanda da cəbhəçilər burdan vurub, ordan çıxırdılar. Heydər Əliyev gələndn sonra ölkənin hər yerində olduğu kimi, Şirvanda da özbaşınalığa və dərəbəyliyə son qoyuldu. Şəhərdə sakitlik və əmin-amanlıq yarandı. İndi bu əmin-amanlıq uzun illərdir davam edir. Biz təqaüdçülər də ölkəmizin və şəhərimizin firavan həyatını görüb rahat nəfəs alırıq. 

Prezident İlham Əliyev bir neçə dəfə Şirvanda olub. Həmişə də gedəndən sonra şəhərimizdə çox böyük abadlıq və quruculuq işləri görülüb. Biz burda çox rahat və xoşbəxt həyat sürürük. Çünki Şirvanda insanların rahat yaşaması və işləməsi üçün gözəl şərait yaradılıb. Bunu tək biz yox, şəhərimizə gələn qonaqlar da görürlər. Və onlar deyirlər ki, Şirvan son illər daha da gözəlləşib və abadlaşıb.
   

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.