09 Sentyabr 2024 12:19
1153
ƏDƏBİYYAT

Şirvan şikəstəsi!.. - Əlisəfa Azayev yazır

...Yolum Şirvan şəhərinə idi. Yol boyu sanki mərhum xanəndəmiz Eynulla Cəbrayılovun səsini, avazını eşidir, oxuduğu "Şirvan şikəstəsi"nin ürəkləri fəth edən əvəzsiz təranələri altında yoluma davam edirdim. Hərdən də sanki məni səsləyən xoş səsini esidirdim:

- Eloğlu, salam!..

- ...

- Necəsən?!.

- ...

- Yenə mənim haqqımda yazmaq istəyirsən?!

Bəli, gənclik illərində bu böyük sənətkar haqqında söz deməyə cəsarətlənmiş, "El sənətkarımız! Oxuyur Eynulla Cəbrayılov" yazısı əvvəl "İrəli" rayon qəzetində, sonra da "Mədəniyyət" qəzetində çap olunmuşdu.

Onu hər görəndə səmimiyyətlə görüşər, xoş sözlər deyərdi.Hətta bir dəfə toy şənliyi olan mağara tərəf gələndə onun segah oxuduğunu gördülər. Ona, adına xitabən elə xoş sözlər dedi ki, lap sıxılan, utandıran kimi oldu...

Eynulla Cəbrayılovla qonşu kəndçi idilər. Hər ikisi Kürün sahilində doğulmuş, böyümüş, yaşa dolmuşdular. Ona hərdən elə gəlir ki, elə uşaqlığından Eynulla Cəbrayılovun məlahətli səsinin, xoş avazının təsiri altında böyümüş, bu sirli-soraqlı dünyanın, həyatın işlərinə bələd olmuşdu.

Beləcə bu yazını Eynulla Cəbrayılovla, bu böyük sənətkarla başlaması səbəbsiz deyil. Yetmiş, səksəninci illərdə Şirvan şəhəri əsl mənada elə Şirvanın mədəniyyət mərkəzi idi. Tanınmış el sənətkarı orada keçirilən tədbirlərdə fəal iştirak edər, tanınardılar. Onlardan biri də əvəzsiz səsi, musiqisi ilə o vaxt nəinki Kürdəmirdə, Şirvanda tanınan, bütün respublikanın adını hörmətə çəkdiyi, qəlbəyatan, əvəzsiz sənətinə valehliklə yanaşdıqları Eynulla Cəbrayılov idi. Hətta bəzi tanışları onu görməyəndə həsrətini çəkəndə soruşardılar:

- Ə, qardaş, bu haradadı?

- Şirvanda.

- Ə, vallah, bunu orada cəlb edən nəsə var.

- Bəlkə, orada eşqə düşüb? Deyirsən ki, olmaz?

- Olar, olar... Yəqin, Şirvan gözəllərindən birinə vurulub da...

Bəli, indi Şirvandadı.Uzun müddətli fasilədən sonra bu gözəl şəhəri gəzib dolanır.Kürdəmirdən mikroavtobusla, Hacıqabuldan bura isə marşrut avtobusu ilə gəlmişdi. İlk əvvəl notariat kontorunun binasında oldu. İçəridə adam çox idi. Hətta notariat Əlixan müəllim onu tanımadı. Dilləndi:

- "Əzəl qanun" kitabının müəllifiyəm...

Bu an notarius gülümsər halda yerindən qalxıb onunla görüşdü, "xoş gəlmisiniz" dedi:

- Müəllim, salam... Niyə görünmürsünüz?..

- Hə... Bir müddət idi ki, yolum bu tərəflərə düşmürdü. Son görüşümüz üç il bundan əvvəl olub.

Bəli, respublikamızın əlli dövlət notariusu haqqında yazdığım "Əzəl qanun" kitabında Şirvan şəhər notariusu Əlixan Şirinovun adı da keçirdi. Haqqında öz işini bilən təcrübəli bir notarius kimi xoş sözlər yazmış, işini, fəaliyyətini daha çox təqdir eləmişdim.

Mərkəzi kitabxana tərəfə gedəndə yaşlı bir qadının səs-küylə çoxmərtəbəli binaya tərəf üz tutaraq səsləndiyini eşitdim. Bir neçə adam da ona diqqət kəsilmişdi. Qadın dil-boğaza qoymadan səslənirdi:

- Ay adamlar! Allah bəndələri, mənə bir kömək, yardım edin də!

- ...

- Ciddi ehtiyacım var!

- ...

- Sizinlə deyiləm?! Eşitmirsiz səsimi?!.

Onun yanından keçəndə əlimi cibimə atdım. Azdan-çoxdan ona nəsə vermək, əl tutmaq istədim. Manat olmadı, qəpiklər əlimə gəldi. Elə bir manat olardı. Onları cəm şəkildə qadına vermək istəyəndə, narazı halda səsləndi:

- Mən dilənçi deyiləm!..

- ...

- Lazım deyil!..

- ...

- Çəkilin!..

Qadının bu xoşagəlməz münasibətindən orada dayananlar gileyləndilər:

- Sözə bax da!..

- ...

- Utanmır ey!..

- ...

- Bəs nə istəyir görəsən?!.

Arxadan bir nəfər kişinin gileyli halda qadına tərəf gəldiyini hiss etdi:

- Ay bacı, bu nə hərəkətdi?!.

- ...

- Sən qəpikləri götürmürsən?!

- ...

- Haradan gəlmisən belə?!.

Qadın əsəbi, dilxor halda dilləndi:

- Nə borcuna qalıb haradan gəlmişəm?!. Cəhənnəmdən!..

Bir azdan qadını başqa bir binanın yanından gileyli halda keçən gördü:

- Heç olmasa bir manat əl tutun da. Ehtiyacım var da.

Artıq pul xırdalatmışdı. Qadını səsləsə də, onu eşitmədi... Ona əhəmiyyət vermədi... Bəlkə də, bir vaxtlar kimlərsə ona pul verib, pul atıblar çoxmərtəbəli evin yuxarı mərtəbəsindən.İndi də belə olmasını arzulayırdı. Belə "pul yağışı" heç də pis olmazdı...

Şirvan şəhər Mərkəzi Kitabxanasının yerində başqa bir obyektin olduğunu görəndə lap heyrətləndi:

- Bunlar hara köçüb belə?

Bank işçisi olan səliqə-sahmanlı ağ köynəkli, qalstuklu oğlan dilləndi:

- Müəllim, indi onlar notariat kontoru yerləşən binanın ikinci mərtəbəsindədirlər.

Beləcə bir daha həmin istiqamətə tərəf yol aldı. Onu kitabxananın direktoru Alma xanım Cəfərova çox səmimi, istiqanlılıqla qarşılayıb, kollektivə təqdim etdi. Qısa bir müddətdə görüş üçün əla şərait yaradıldı. Tədbiri açaraq onu bir daha salamladı, xeyli müddət haqqında, kitablarından bəhs elədi. Sonra da sözü ona verdi. O da keçdiyi yoldan, kitablarından, son yaradıcılıq nümunələrindən danışdı. Çıxışlar başladı. İlk əvvəl Kitab işləmə şöbəsinin müdiri Dilbər Abdullayeva danışdı. Xüsusi vurğu ilə qeyd etdi:

- Sevindirici haldı ki, sizin kitabları toz basmır. Öz oxucuları var.

Bunu kitabxanada təşkil olunmuş guşədəki xeyli kitablardan da görmək olurdu.Aralarında oxunmaqdan, əldən-ələ keçməkdən əldən düşmüş, didilmiş kitablar çox idi.

Böyük kitabxanaçı Rəşidə Cahangirova, İnformasiyaresurs şöbəsinin şöbə müdiri Mehriban Alxasova, Kitab işləmə və kompleksləşmə şöbəsinin müdiri Dilbər Əsədova, böyük kitabxanaçı Gülzar Əhmədova, Şirvan folklor evinin direktoru, I Qarabağ müharibəsi iştirakçısı Eldəniz Quliyev, "Qarabağ" klubunun müdiri Leyla Ələkbərova, "Energetik" klubunun müdiri Esmira Bəşirova, "İşıq" qəzeti Sahibkarlıq və hüquqi "Səda TV-nın müxbiri Həmidə Fazilqızı kitabları, yaradıcılığı barədə xoş sözlər deyib, ona uğurlar arzuladılar. Arzu etdilər ki, Şirvan şəhərində tez-tez görünüm.

Oradan çıxandan sonra həmişə olduğu kimi "Şirvan" kitab mağazasına tərəf yol aldı. Ancaq mağaza önündə gördüyü lövhə onu bir qədər təəccübləndirən kimi oldu. Yazılmışdı: "Şirvan" kitabxanası".

Gözəl-göyçək satıcı qız müştərilərə xidmət etməkdə, yola salmaqda idi. Direktor Fərhad müəllimi görəndə ilk an bir qədər tərəddüddə qaldı: "Bu odur?!.." Onun tərəfindən də bir xoş münasibət olmadığını görüb, sadəcə salamlaşdı:

- Salam...

- Salam...

Az sonra soruşdu:

- Buranın direktorusuz da?

- Bəli...

- Fərhad müəllim...

- Mən də sizi indi tanıdım. Xoş gəlmisiniz.

Əl tutub səmimiyyətlə görüşdülər. Dilləndi:

- Müəllim, niyə görünmürsünüz?

- Hə, pandemiyadan sonra yox...

- Bizdə kitabınız olmamalıdı da.

- Məncə, qalıq olmalıdı...

Qeyd yazısına baxanda on yeddi kitabın olduğu aşkar olundu. Bunlar "Qürbət ellərdə", "Fədakarlıq anı", "Ölüm qorxusu", "Məhbusun fəryadı" kitablarından idi. Fərhad müəllim dedi:

- Onlar indi burada yoxdu. Anbardadı. Sonrakı gəlişdə görüşərik.

- Olsun... - dedi.

Ancaq lövhə məsələsini ona xatırladası oldu:

- Bağışlayın, "Şirvan" kitabxanası" yazısı bura uyğun deyil.

Mağaza müdiri səliqə-sahmanlı bir adam idi. Üz-gözündən əsl mənada centilmenlik yağırdı. Gülümsədi:

- Olsun da... Bura kitabxana deyil?!

Onun bu sözlərinə etiraz elədi:

- Yox...

- Vergidə də belə qeydə alınıb.

- Ola bilər... Ancaq yazılış düzgün deyil. Elə "Şirvan" kitab mağazası yazılsa daha yaxşıdı.

Yenə də onunla razılaşmaq istəməyəndə dedi:

- Mən az-çox başqa yerlərdə, rayonlarda olanam. Heç yerdə belə lövhə yoxdur. Baxın, vergi də "Şirvan" kitabxanası mağazası" yazsın da.

Fərhad müəllim dedi:

- İki ildir belədir, bundan sonra görək də...

Sanki bu an mərhum Eynulla Cəbrayılovun sözlərini, musiqisini eşitdi:

- Ə, eloğlu!.. "Şirvan" şəhəri sənə elə-belə gəlməsin...

- ...

- Elə bilirsən ki... Elə-belə bura gəlib-gedirdim...

- ...

- Məni bura bağlayan bir qüvvə vardı...

- ...

- Mənə buta verilmişdi...

Dəmir yolunun altı ilə geri qayıdanda küçənin adını bilmək həvəsinə düşdü. Neçə adamdan soruşsa da, bilən olmadı. Biri dedi:

- Leytenant İbrahimov küçəsi.

Uzun sorğu-sualdan sonra biri dedi:

- Hə, indi leytenant sözü götürülüb, həmin şəhidin adı və familiyası yazılıb lövhədə.

Bəli, sonradan belə bir lövhəyə təsadüf etdilər. Ancaq çox az idi... Belə lövhələri xeyli sayda vurmaq lazımdı ki, insanlara bələdçilik eləsinlər, hansı küçədə olduqlarını bilsinlər.

Mərkəzdə isə Ulu Öndərimiz Heydər Əliyevin gözəl abidəsi, bu qiymətli sözlər diqqətini cəlb elədi: "Mənim həyatımın mənası Azərbaycandır!" Fəxr etdi ki, onun haqqında yazılmış ilk romanın – "Qarlı zirvə"nin müəllifidi. Necə ki, bu günlərdə Milli Akademiyada keçirilən tədbirdə Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli öz məruzəsində demişdir: "İl ərzində görkəmli dövlət xadimi Heydər Əliyev haqqında dərc olunmuş ədəbi axtarışların nəticəsi olan qiymətli bədii əsərlər də meydana çıxmışdır. Əlisəfa Azayevin"Qarlı zirvə" romanında Ulu Öndər Heydər Əliyevin mübarizələrlə dolu keşməkeşli ömür yolu ayın və obyektiv yazıçı baxışı vasitəsilə işıqlandırılmışdır. Müəllif imkan daxilində mövzunun aktuallığı ilə bədiilik amilini paralel olaraq qoruyub saxlamışdır.

Şirvanda olanda istər-istəməz oranın sabiq notariusu, mərhum Vaqif Əminovu xatırladı, onunla olduğu unudulmaz tələbəlik illərin yada saldı. Bir vaxtlar indiki BDU-nun hüquq fakültəsini birlikdə oxumuşdular. Heç vaxt yadından çıxmır, Siyəzəndən Kürdəmirə – rayonlarına gedirdi. Yolüstü Şirvana dönüb onunla görüşmək istədi.Yanında bir vətəndaş vardı. Torpaq alqı-satqısı etmək istəyirdi. Onda rüsumlarda təzə dəyişiklik edilmişdi. Vaqif vətəndaşa ödəniləcək rüsumun məbləğini deyəndə yanlışlığa yol verdi. Vətəndaş çıxan kimi dedi:

- Daha onun yanında demədim. Dərhal geri çağırtdırıb, vəziyyət izah elə... Belə deyil axı.

O, heyrət içində ona tərəf baxanda dedi:

- Siz Dövlət Aktındakı hər torpaq payına görə rüsum dediniz. Torpaq hamısı satılırsa, elə bir rüsum ödənilir.

O onunla razılaşana oxşamadı:

- Axı təzə dəyişiklik edilib. Belə olmalıdı...

Yox... İnanmırsınızsa, baş idarəyə zəng çalın...

O, dərhal Bakıya zəng çaldı. Onun dedikləri təsdiq olundu. Pərt halda dedi:

- Siz Allah bağışlayın... Siz elə oxuyanda da dərslərdə fərqlənirdiniz də...

Daha sonra onu bir dəfəo vaxtı ABU-da gördü. Öz "QAZ-31" markalı maşını ilə gəlmişdi. Centilmensayağı geyinmiş, gülümsər halda deyirdi:

- Bu marka maşınları Rusiya xaricdə satmaq üçün istehsal etmişdi. Alan olmadı, buraxdı daxili bazara da...

Bu ərəfədə ABU-da rektor Elşad Abdullayev hüquq şöbəsinin müdiri dekanı yanına çağırtdırıb demişdi:

- Yazıçı-hüquqşünas Əlisəfa Azayevlə təcili görüş hazırlayıb keçirin.

Həmin görüşdə tələbə – müəllim heyəti ilə yanaşı, rayonlarından olan, hazırda orada işləyən xalq hərəkatının iştirakçısı Elçin Muradxanlı da iştirak edirdi. Elçin müəllim həm də şair idi. Gözəl şeirlər yazırdı. Çıxış edəndə dedi:

- Əlisəfa müəllim həm xoşbəxt yazıçıdı, həm də bədbəxt... Xoşbəxtdi ki, burada sərgilədiyiniz, sərgidən göründüyü kimi xeyli sayda – onlarca gözəl, sanballı kitabların müəllifidi... Bədbəxtdi ona görə ki... Sovet vaxtı olsaydı, bu qədər kitab çap elətdirsəydi, bəlkə də, indi xalq yazıçısı adını almışdır.

Şirvandan ayrılıb, geri qayıdır. Yenə də yollar, maşınlar... Səs-küy, ahəstə, ritmik səslər, mahnılar... Yenə də yada gözəl müğənnimiz Eynulla Cəbrayılov düşür... Gənc yaşında istəkli oğlunun dünyasını dəyişməsi ağır zərbə olmuşdu ona... Sanki o gözəl avazı, ürək oxşayan mahnıları ilə həm onu yaşatmağa çalışır, həm də özünə bir təsəlli tapırdı... Bu ağır dərd-səri, qəm-kədər unutmaq üçün...

Bəlkə də, elə bu səbəbdən həyatdan tez köçdü... Həmin o dəhşətli ölüm xəbərini eşitdiyi gün – 14 sentyabr 1992-ci il... 57 yaş! Ah, İlahi, bu nədi Aşıq Şakir də demək olar ki, bu yaşda dünyasını dəyişmişdi. Elə min bir qayğısını çəkmiş yazıçı Əlfi Qasımov da!.. Eynulla Cəbrayılovun cənazəsi həmin gün vəsiyyətinə uyğun olaraq "Şirvan şikəstəsi"nin təranələri altında götürülüb, axirət evinə yola salındı... Allah sənə qəni-qəni rəhmət eləsin, məzarın nurla dolsun! Böyük bir sənət abidəsi ucaldıb getdin!.. "Şirvan şikəstəsi" də onların içindədi!..