adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2024 12:06
2631
MÜSAHİBƏ

Siyasi şərhçi:"Aİ ölkələri Rusiyaya görə Ermənistana təhlükəsizlik zəmanəti vermir..."

İndiyənə qədər Ermənistan Rusiyaya qarşı kifayət qədər saymazlıq etdi. KTMT təlimlərinin Ermənistanda keçirilməsini dayandırdı. Roma Statutunu ratifikasiya etdi. Ukrayna ilə sıx dostluq əlaqələri qurdu. Amma bu günə qədər Ermənistan hələ də cəzalanmayıb.

Siyasi şərhçi Müşfiq Abdulla Adalet.az -ın suallarını cavablandırıb.

- Artıq ordusu üçün silahları Rusiyadan yox, Fransa, Hindistan və diğər ölkələrdən alacağını bəyan etdi və bütün prosesləri nümayişkaranə həyata keçirdi. Hətta Rusiyanın əbədi düşməni olan ABŞ-ın xüsusi təyinatlı 85 hərbçisini İrəvana gətirdi, burda geniş arenada təlimlər keçdi. Üstəlik hazırda 102-ci bazanın Ermənistandan çıxarılması ilə bağlı söhbətlər artıq dedi-qodudan dövlət səviyyəsinə qədər yüksəlib. Rusiya niyə Ermənistana bu qədər səbrlə dözür. Axı ənəvi olaraq Rusiya dözümsüz olduğunu hələ 1990-cı ildən üzü bəri Azərbaycanda, Çeçenistanda, Gürcüstanda, Qazaxıstanda, Ukraynada sərgiləyib? Nədir nankor Ermənistanı qorumaq təmkini?

-Əslində, Rusiyanın Ermənistanı qorumaq niyyətində olmadığı kifayət qədər aydındır. Hətta Ermənistana qarşı cəza tədbirinin görüləcəyi ilə bağlı Rusiya rəsmilərinin xəbərdarlıqları hər gün artır. Çünki Nikol Paşinyan hakimiyyətinin fəaliyyəti yalnız Ermənistanı Rusiyanın geosiyasi təsirindən çıxartmaqla yekunlaşmır. Ermənistan həm də Rusiyanın bütövlükdə Cənubi Qafqazdan çıxarılması və onun Qərb dövlətləri ilə əvəz edilməsi planında iştirak edir. Yəni Nikol Paşinyan Rusiyanın təhlükəsizlik sistemindən imtina edərək Ermənistanı NATO sisteminə daxil etməyə çalışır. Söhbət Ermənistanın NATO-ya üzv olmasından getmir və yaxın onilliklər ərzində də bu real görünmür. Ermənistan NATO-dan, konkret desək, ABŞ, Kanada və Avropa İttifaqından təhlükəsizlik zəmanətləri almaq istəyir.

- Amma hələ ki, adıçəkilən ölkələrin heç biri Ermənistana bu təminatı vermir.

-Bəli, elədir, nə ABŞ, nə  Kanada, nə də  Avropa İttifaqı ölkələri Ermənistana  təhlükəsizlik zəmanətləri vermir.

- Amma Ermənistana silah verilməsinə də göz yumurlar...

-Ermənistanın Fransadan, Hindistandan silah alması isə təhlükəsizlik təminatı alması demək deyil. Çünki Ermənistan bütün ikitərəfli və çoxtərəfli müqavilələr üzrə, eləcə də, daxili qanunvericilik bazasına görə, Rusiyanın təhlükəsizlik sisteminə daxildir. Ermənistanın Hərbi Doktrinası, Milli Təhlükəsizlik Strategiyası və digər hüquqi -normativ aktlarında bu, birmənalı şəkildə əks olunub. Yəni Ermənistan hüquqi cəhətdən Rusiyanın təhlükəsizlik sitemində qaldığı halda, Qərb ona hər hansı təminatlar verməyəcək. Ona görə də Nikol Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan ayırmaq üçün ilk növbədə, ölkədə ciddi hüquqi islahatlar aparmalıdır. Ermənistanın konstitusiyası, Hərbi Doktrinası, Milli Təhlükəsizlik Strategiyası dəyişməlidir. Yəni Ermənistan ən azı bloklara qoşulmayan ölkə elan edilməlidir. Əks təqdirdə, Ermənistan rəsmilərinin dedikləri söz olaraq qalacaq. NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Ermənistanın bu istəyinə susmaqla cavab verməsi də Qərbin belə bir niyyətinin olmadığını göstərir. Ona görə də rəsmi İrəvan Ermənistana guya xarici hərbi təcavüz təhlükəsinin olduğuna dair kampaniya aparmaqla Qərbin təhlükəsizlik təminatını almağa çalışır.

-Sizə elə gəlmir ki, gec ya tez Qərb Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq üçün yaxın zamanlarda ona təhlükəsizlik təminatı verə bilər?

-Doğrudur, Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa çalışan ABŞ və Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Nikol Paşinyana lazım olan siyasi dəstəyi verir. Bu isə Rusiyanın geostrateji mövqelərinə zərbə deməkdir. Ona görə də Rusiyanın Ermənistana qarşı cəza tədbirlərinə əl atacağı qaçılmaz hesab edilir. Sadəcə olaraq, Rusiya bu məsələdə daha çox xəbərdarlıq etməklə kifayətlənir və konkret addımlar atmır. Səbəb ilk növbədə, hüquq-müqavilə bazasının Rusiyanın xeyrinə olması ilə bağlıdır. Yəni Ermənistanın təhlükəsizliyinin təminatçısı de-yure Qərb deyil, Rusiyadır. Paşinyan Ermənistanın təhlükəsizlik sisteminin diversifikasiyasını təklif edir. Bu isə Ermənistanın hüquqi müstəvidə Rusiyanın hərbi sistemində qalmaqla paralel Qərbin təhlükəsizlik təminatını almaq istəyindən xəbər verir. Qərb isə bununla razılaşmayaraq, Paşinyandan ilk növbədə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsini və Rusiya hərbi bazasını ölkədən çıxartmağı tələb edir. Ancaq Paşinyanın mövcud situasiyada Rusiya ilə hərbi müqavilələrə xitam vermək imkanı yoxdur .

-Bəzi siyasətçilər düşünür ki,  Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı üçün Ermənistanla bağlı planlarını ertəliyir... Sizcə...?

 


 -Rusiya Ermənistan üzərindən gizli ticarət əməliyyatları aparmaqla sanksiyalardan yayınmaq imkanı əldə edib və bu vəziyyət Moskvanı qane edir. Eyni zamanda,  Ukraynadakı müharibədən sonra Rusiyanın Ermənistana təzyiq vasitələri əvvəlki qədər güclü deyil və hesab edirəm ki, bu məsələdə müəyyən qədər şişirtməyə yol verilir. Belə ki, Rusiyanın Ermənistanı işğal edəcəyinə dair məlumatlar inandırıcı görünmür. Çünki Rusiyanın Ukraynadan fərqli olaraq, Ermənistanla quru sərhəddi yoxdur. Rusiya ilə Ermənistan arasında iki dövlət var. Bu baxımdan, Rusiya sonda Ermənistanın onun nəzarətindən çıxması ilə barışmaq məcburiyyətində qalacaq.

-Ötən gün Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Rusiya və Ermənistan münasibətlərindəki gərginlik haqda danışıb. Mirzoyan bildirib ki, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil. O əlavə edib ki, AB Ermənistan üçün əlverişli olduğu müddətdə Ermənistan AB ilə yaxınlaşmağa hazırdır.  Onda belə çıxır ki, Rusiya tərəfdən təhlükə var...

-Fikrimcə, Rusiya Ermənistana qarşı daha çox iqtisadi təzyiq alətlərindən istifadə edə bilər. Bu prosesin daha çox Ermənistan KTMT-dən çıxmaq barədə qərar qəbul etdikdən və təşkilatın Şurasına müraciət etdikdən sonra başlayacağını gözləyirəm. Yəni KTMT-nin nizamnaməsinə görə, qurumdan çıxmaq barədə qərarı ali orqan olan Şura qəbul edir. Şuradakı səsvermədən, yəni prosedurlar həyata keçdikdən sonra Rusiya-Ermənistan qarşıdurmasının açıq müstəviyə keçəcəyini düşünürəm. Onu da qeyd edim ki, Rusiyanın Ermənistanla quru sərhəddi olmadığına görə, təzyiq vasitəsi kimi Kreml Azərbaycan-Ermənistan sərhəddindəki münaqişəli vəziyyətdən istifadə etməyə çalışır. Ona görə də Azərbaycan Rusiyanın bu təxribatlarından özünü qorumalıdır.

- Müşfiq müəllim ətraflı  müsahibəyə  görə, təşəkkür edirik. 

 
Əntiqə Rəşid