adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 10:42
87
ANALİZ
A- A+

“Siz böyük lidersiniz...”

“Siz böyük lidersiniz. Siz gözəl danışıq aparırsınız...”  Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın Azərbaycan Respublikasının prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin    liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi bu fikir ölkə başçımızın yüksək liderlik xüsusiyyətlərinə malik olduğunu, dünya liderləri tərəfindən tanınan siyasətçi kimi qəbul edildiyinin bir daha bariz sübutudur. Ölkə Prezidenti cənab İlham Əliyevin dünya liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, xarici səfərlərdə ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun göstəricisidir. Mürəkkəb geosiyasi şəraitdə Şərq və Qərb dövlətləri ilə əməkdaşlıq münasibətlərini böyük siyasi bacarıqla tarazlaşdıran Prezident İlham Əliyev beynəlxalq aləmdə XXI əsrin liderlik nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik istedadının bütün xüsusiyyətləri cəmləşib-qətiyyətli və iradəlidir, mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə operativ və həm də  çox düzgün qərarlar qəbul etmək bacarığındadır, yüksək siyasi hazırlığa və geniş dünyagörüşünə malikdir, uzaqgörən siyasətçidir, xarici dilləri mükəmməl bilir. Əsl lider üçün əhəmiyyətli olan bu xüsusiyyətləri Prezident İlham Əliyevə ölkəyə  bacarıqla rəhbərlik  etməyə, müstəqil Azərbayan dövlətinə və doğma xalqına uğurla xidmət göstərməyə imkan verir.

Prezident İlham Əliyev müasir Azərbaycan tarixinin ən işıqlı şəxsiyyətlərindəndir. XXI əsrin 22 ili müddətində  Prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı kimi fəaliyyətini bir ifadə ilə xarakterizə etmək olar: Zəfər lideri! Məhz İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü tam  bərpa edə bildi, işğal altında olan torpaqlarımız geri  qaytarıldı, həmin torpaqlarda nəhəng quruculuq işlərinə start verildi, minlərlə köçkünün onlar üçün salınmış yeni yaşayış məntəqlərinə köçməsi təmin edildi.

Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”– deyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilməyi bacardı. Ötən illərin reallıqları göstərdi ki,  İlham Əliyevin fəaliyyəti sülh, sabitlik və tərəqqi baxımından müstəqil Azərbaycan ın inkişafının qarantı olub, onun bir lider kimi alternativsizliyini sübuta yetirib.

Bu ilin avqust ayında bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin  uğurlu yekununu, ölkəmizin böyük və tarixi diplomatik qələbəsini İlham Əliyevin müdrik diplomatik siyasətinin məntiqi nəticəsi adlandırmaq olar. Bu gün Azərbaycan bütün aspektlərdən-təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında  təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Məhz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik bacarığı sayəsində Azərbaycan öz  ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda  dalğalandırıldı.

Ölkənin ərazi bütövlüyünün bərpasına nail olan, Azərbaycanın sosial-iqtisadi, mədəni, siyasi sahədə nailiyyətlər qazanaraq dünyada tanınmasını uğurlu daxili və xarici siyasəti ilə təmin edən dövlət başçımızın- möhtərəm Prezidentimiz İlham Əliyevin doğum gününün sevincindən hamımıza pay düşür. Çünki bu ömür güclü Azərbaycan qurmaq, yaratmaq, onu dünyada tanıtmaq  üçün yaşanılır, sərf edilir, ona görə ki, İlham Əliyevin dediyi kimi o: “hər bir azərbaycanlının prezidentidir”.

Dövlətimizin başçısı həm də islahatçılığı ilə liderliyini sübuta yetirən dövlət başçısıdır.  “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”-deyən prezident İlham Əliyev bu gün hakimiyyətin bütün qollarında – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar aparır,  yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. İlham Əliyev ulu öndərin daxili və xarici siyasət kursunu uğurla davam etdirməklə Azərbaycanən bugünkü yüksəlişini təmin edir, inkişaf etdirir, öz islahatçılıq bacarığı ilə yeni uğurlara zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün fəaliyyəti dövründə cəmiyyətin və dövlətin marağında olan təsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verir, daim diqqətdə saxlayır. Möhtərəm Prezidentimiz İlham Əliyev yazır: “Təhsilin keifiyyəti artmışdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, bunun əsas səbəblərindən biri müəllimin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirsə uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.

Təmsil etdiyim Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə, işçi heyəti  ölkə başçımızı doğum günü münasibətilə təbrik edir, elm və təhsilin inkişafına verdiyi böyük diqqət və dəstəyə görə təşəkkür edir. Bu gün böyük minnətdarlıq hissi ilə demək istəyirəm ki, LDU-nun hazırkı səviyyəyə çatması, maddi-texniki bazasının yenilənməsi, təhsilin modernləşdirilməsi, tələbə sayının dəfələrlə artması ölkə başçımızın təhsilə göstərdiyi qayğının nəticəsidir.

Azərbaycan xalqının Lider oğlu Prezident İlham Əliyevə millətimizin tərəqqisi, dünya dövlətləri içərisində nüfuzunun artması naminə böyük uğurlar, möhkəm can sağlığı , uzun ömür arzu edirik. Böyük liderlər böyük uğurların qarantıdır. Xalqımız xoşbəxtdir ki, belə qarışıq dövrdə, mürəkkəb siyasi dönəmdə, çətin geosiyasi şəraitdə ölkəmizin başında belə güclü Lider dayanır!

Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.