Şolts ABŞ liderinə xəbərdarlıq edib: Aİ vahid cəbhə ilə cavab verməyə hazırdır

Avropa ABŞ-la əməkdaşlıq etmək istəyir, lakin Avropa İttifaqı Amerika tariflərinə vahid cəbhə ilə cavab verməyə hazırdır.
Adalet.az xəbər verir ki, bunu Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts bəyan edib.
Onun sözlərinə görə, ticarət müharibələri bütün tərəflərə zərər verir. O, həmçinin bildirib ki, Avropa sadəlövh və zəif deyil.
“Ona görə də mən ABŞ-a deyirəm: Avropanın məqsədi əməkdaşlıq olaraq qalır. Lakin ABŞ polad və alüminium tariflərində olduğu kimi bizə heç bir seçim qoymasa, biz Aİ olaraq buna reaksiya verəcəyik”.
Fevralın 10-da ABŞ prezidenti Donald Tramp polad və alüminiumun bütün idxalına 25% gömrük rüsumunun tətbiqi barədə göstəriş verib. Martın 12-də qüvvəyə minən qərar Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Avropa Birliyi, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə aiddir.