Son görüşün mənzərəsi:Tramp məcbur edir, Zelenski qorxur, Putin iştahlanır

Politoloqlar, psixoloqlar, Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqtona son səfəri müzakirə ediblər və qənaətə gəliblər ki, Ukraynalı lider bu dəfə əvvəlki kimi "odlu-alovlu" olmayıb.
Məsələn, məşhur psixiatr və yazar Karol Liberman deyib ki, Zelenski bu dəfəki səfər zamanı tamamilə fərqli olub:" O, əvvəlki sərt və özünə inamlı davranışlarından imtina edərək, daha çox mülayim və ehtiyatlı görüntü sərgiləyib. Zelenski bu dəfə qorxu və təcrid olunmaq hissi ilə hərəkət edib. Bu görüşə fərqli bir Zelenski gəldi – artıq güc nümayiş etdirməyə çalışan deyil, əksinə, Trampı razı salmağa can atan. Onun əməkdaşlıq ruhu isə gücdən deyil, Avropa liderlərinin dəstəyi fonunda təcrid olunmaq qorxusundan qaynaqlanıb”.
Zelenskini qorxudan nədir?
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Alyaska görüşü zamanı sülh sazişinin əldə olunması üçün Ukraynanın hazırda nəzarətində olduğu Donetsk vilayətinin ərazisinin 30%-dən imtina etməsini tələb edib. Məlumat üçün deyək ki, Donbass adlanan ərazi iki regiondan - Luqansk və Donetskdən ibarətdir. Hazırda Luqansk vilayəti 100%-i, Donetsk isə 70%-ı Rusiyanın işğalı altındadır.
Ukrayna Müdafiə Nazirliyinin Hərbi İnkişaf İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski hələ mart ayında demişdi ki, Rusiyanın 2025-ci il üçün planlarına Ukrananın Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirmək və əvvəllər işğal olunmuş ərazilərə nəzarəti saxlamaq daxildir:“Ruslar artıq öz sənədlərində qeyd ediblər ki, Ukrayna və ümumilikdə Ukrayna rəhbərliyi neytral və ya Rusiyayönlü olmalıdır".
Məsələnin ən qorxunc yönü isə dünən ortaya çıxıb: Deməli, Rusiya 1010 gün ərzində Ukrayna ərazisinin 1%-dən azını işğal edib. Bu müddət ərzində təxminən 5,8 min kv.km Ukrayna torpağı Rusiyanın nəzarətinə keçib. Daha dəqiq, 12 noyabr 2022-ci ildən rus qoşunları 5842 kv.km ərazini ələ keçirib ki, bu da beynəlxalq səviyyədə tanınmış sərhədlərdə Ukraynanın bütün ərazisinin 0,96%-ni təşkil edir.
Bildiyiniz kimi, iyul ayının əvvəlində ABŞ hakimiyyəti Ukraynaya bütün növ silah və sursatların tədarükünü dayandırmışdi. Çünki Vaşinqtonun bu addımı mart ayında Ağ evdə ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında baş verən mübahisədən sonra olmuşdu. Tramp Kiyevdən siyasi güzəştlər “qoparmaq” cəhdi ilə elə bir qərara gəlmişdi.
Pullu yardım?
Ötən gün NATO-nun baş katibi Mark Rutte “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ-nin Ukraynaya silah tədarükü davam edəcək və onların pulunu NATO-nun Avropa tərəfdaşları ödəyəcək:""Yaxşı xəbər odur ki, Prezident Tramp mənim vasitəmlə NATO-dakı avropalı tərəfdaşları ilə razılaşıb ki, NATO-nun Avropadakı tərəfdaşları Amerika silahlarının tədarükü üçün pul ödəsin. Bu, Amerikanın orta sinfi, eləcə də Ukrayna üçün yaxşı xəbərdir, çünki bu, ABŞ-dən Ukraynaya ölümcül silah axınının davam edəcəyi anlamına gəlir".
Beləliklə, ABŞ Ukraynanın arxasında durmaqdansa, ona dəstək olmaqdansa, Rusiyanı sülhə gəlməyə həvəsləndir, Putin isə "xoş niyyət"i gördükcə, Trampın onu masaya oturtmağa cəhdindən vəcdə gələrək "iştah dişi" daha da itiləyir.
Təsəvvür edin ki, silahları artıq Ukraynaya pulla verən Trampın pulunu NATO üzvləri ödəyəcək.
Zelenski artıq Trampın hər an Ukraynanın 3 illik Rusiya işğalçılara qarşı dayanışmasını, mübarizəsini heç etmək gücündə olduğunu anlayıb.
Əntiqə Rəşid