Son zəng məktəb və valideynlər

Adam bir-neçə dəfə ali təhsil ala bilər, iş yerini dəyişər. Bir-neçə dəfə aşiq olar, ailə qurar, ata, ya ana ola bilər və s. Bir dəfə doğulsaq da hər il doğum gününü qeyd edirik.
İllərlə eşitdiyimiz məktəb zəngi isə hər kəs üçün bir gün son dəfə səslənir. Sonralar ancaq xatırlayırıq bu günü. Mən də son zəngimi xatırlayıram arada. Müəllim və şagirdlərin sevimlisi, direktorumuz İsgəndər müəllimin hamıya nümunə gətirdiyi şagird, bütün tədbirlərdə birincilərdən olmağıma baxmayaraq çox həyacanlıydım. Məzunlar adından çıxış da mənə tapşırılmışdı. Hətta qəfildən uzun bir şeir də yazdım. 4 bəndi yadımdadı hələ də
Gənclik illəriylə məktəb həyatı
üz-üzə dayanıb qəlbimdə mənim.
Biri uşaqlığın sirdaşı, dostu,
biri yaşanmamış ömür günlərim.
Bu gün kədərliyəm, bu gün gülürəm,
Kədərlə sevincim qarışıb tamam.
Görəsən, nə üçün deyə bilmirəm,
Hansından mən bu gün ayrılmalıyam?
Həyatın pozulmaz qanunları var,
Bu gün məktəblisən, sabahsa müəllim,
Bu elə qanundur illər boyunca
pozub dəyişdirə bilməyib heç kim.
Həyatın dəyişməz bu qanunuyla
mən də ayrılıram ən saf illərdən.
Özüm ayrılıram, ürək ayrılmır
dostlardan, məktəbdən,müəllimlərdən.
Hamı kimi məktəbli geyimim vardı. Ağ önlüklü qəhvəyi donum da, əllərimin titrəməsi də yadımdadı. O günün həyacanını, sevincini, göz yaşını illər ötsə də, həsrətlə xatırlayırıq.
Məktəb hamının xoşbəxt, qayğısız, eynihüquqlu olduğu yeganə yerdi. Həyatın bütün çətinliklərindən, başqalarının vuracağı bütün zərbələrdən xəbərsiz olduğumuzdan müəllimin iradını, töhmətini, lap elə bir şilləsinin dərd elədiyimiz yeganə yerdi.
Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için-için yanardıq. Hələ onda bilmirdik ki, bunu biz bir gün necə həsrət ilə anarıq...
Necə oldu məktəbə, müəllimə olan sevgi, hörmət? Niyə nisbətən yaşlı nəsil xoş duyğularla xatırlayır məktəb illərini? İndiki şagirdlərdə sevgi də, hörmət də azalıb. Məktəb illərinin xoşbəxtliyinə niyə kölgə düşüb? Çünki neçə ildi məktəbi, müəllimi gözdən salmaqla, təhqir, tənqid etməklə məşğuluq. Və uşaqlarımıza laqeydlik, hətta nifrət aşılayırıq ən saf günlərini yaşadıqları məkana. Təəssüf, min təəssüf...
Şagird ömrünün ən özəl, ən gözəl günü son dərs günüdür. Məzunlar son dərs gününü Son zəng və buraxılış gecəsi ilə qeyd edirlər. Adətən buna sinif rəhbəri təşkilatçılıq edir. Son zəngin necə keçirilməsi şagirdlərlə, valideynlərlə müzakirə edilir və ortaq məxrəc tapılır. Hər ailənin gücü çatan bir məbləğ razılaşdırılır. Bir çox dövlət məktəblərində yerləşdikləri ərazidən asılı olaraq kasıb ailələr daha çox olur. Və hər bir sinif rəhbəri öz valideynlərini tanıyır. Əgər yaxşı pedaqoqdursa, bu problemi sakitcə həll edə bilir. Yox, daha çox biznesmendirsə, alınmayacaq.
11 buraxılışım olub. Pul yığmamışıqmı? Yığmışıq. Amma pulu şagird və ya valideyn yığır. Heç vaxt da söz-söhbət olmayıb. Ən gözəl son zəngimiz, buraxılış gecələrimiz olub. Ssenari də yazar, çıxışları da özümüz hazırlayardıq.Heç vaxt da direktor bu işə qarışmayıb.
Ən dəyərli günü belə çirkin və qiymətsizcə müzakirəyə çıxardıq. Axı müəllimin də, valideynin də, cəmiyyətin də borcu, vəzifəsi bu günün özəlliyini yaşatmaqdır . Müstəqil həyata qədəm qoyanlara nə dedik bu münasibətlə?
Məktəb illərini hamı sevirdi. Nə oldu bu sevgiyə? Niyə övladlarımızı sevgizizliyə sürükləyirik?
Əvvəllər əlifba günləri də, son zəng də məktəblərdə keçirilərdi. "Sonrakı ömrünüzdə nə qədər istəsəniz restorana gedə bilərsiz, ancaq məktəbdə şagird formasında bir yerdə heç vaxt olmayacaqsız. Məktəb zəngi sizin üçün səslənməyəcək bir daha”-deyərdim şagirdlərimə. Razılaşardılar. Valideynlər neynədi? Müəllimə bir dəstə gül almaq əvəzinə xüsusi geyimlər tikdirdi, hər uşağın saç düzümü-filan. Sonra rəqslər, müəyyən hazırlıqlar, rəqs müəllimi, rejissor dəvət etmək və s. Niyə axı? Niyə uşaqlar bir ssenari yaza, bir rəqsi öyrənə bilmir? Niyə öz gündəlik məktəbli geyimində son dərs gününə gəlməməlidir? Əslində bu "niyə”lər daha ciddi problemdir. Cavabsızdırsa, pul yığılacaq. Hələ buraxılış gecəsi də var. Restoranlar dəbə düşdü. Əlifba bayramları, ibtidai sinfin də buraxılışı restoranlara, kafelərə daşındı. Niyə axı? 1-ci sinif şagirdi nədən Əlifba bayramını yaşına uyğun olmayan bər-bəzəkdə restoranda keçirməlidir? Valideynlər "məktəbdə pul yığırlar” deyə deyinirdilər. Sonra nə oldu? İndi daha çox xərc çəkərək həvəslə restorana gedirlər.
11-cilər də məktəbdə keçirmək istəmir buraxılış gecəsini. Təbiidir. Məktəbdə otaq problemi var. Başqa yerdə qeyd eləmək daha rahatdır. Müəllimlər üçün də rahatdır. Yenə müəyyən çətinlik yaranır. Elə yer olmalıdır ki, hamının maddi imkanına uyğun olsun. Bu məsələni də çözməli olursan, restoranda administratorla danışırsan, xahiş edirsən. Başıma gəlib yəni.
46 işləmişəm. 11 buraxılış sinfimin, dərs dediyim siniflərin də son zənglərində iştirak etmişəm. Son illərdə nə sinif götürdüm, nə son zənglərə getdim çox xahiş etsələr belə. Əslində işlədiyim məktəbdə, şagirdlərimlə problemim olmayıb.Qarşılıqlı sevgi və hörmət olub ancaq. Tanımadığım Valideynlərin ciddi-cəhdlə sosial şəbəkədə məktəbə yaratdıqları münasibətdən yoruldum.
İndi ay valideynlər, əgər öz işini sevən mən yoruldumsa, görün nə qədər müəllim yoruldu.
Ona görə də sizi narahat edən məsələləri məktəbdə həll edin. Bakı Baş Tİ, TN var, şikayət edin. Əminəm ki, direktor da müəllimlər də valideynlərlə ehtiyatla davranır. Bütün valideynlər eyni fikirdə olsa, direktor güzəştə getməli olacaq. Valideynlərin öz arasında birlik olmur, çoxu qiymətlə razılaşır, susur. Elə bilməyin ki, mən pul yığılmasını alqışlayıram. Qətiyyən! Sadəcə bu işdə ilk növbədə valideynlərin, məzunların da günahı olduğunu deyirəm.
Yazını yazmağımın bir səbəbi də Son zəng üçün 150 AZN yığan 234 məktəbin direktorunun səsyazısı oldu. O məktəblə tanışlığım yoxdur. Bilirəm ki, direktor pul yığırsa, ona müəyyən məbləğ qalacaq. Direktor niyə pul yığır ki? Və 15-20 qonaq niyə gəlir? Gəlirsə, hədiyyə, ya pul almağamı gəlir? Adətən İH-dən, TN-dən, Tİ-dən kimsə gəlir. Belə çıxır ki, rüşvət üçün gəlirlər. Ümumiyyətlə, direktorun da, müəllimin də müəyyən bəhanələrlə pul yığmasını özünə qarşı ən böyük hörmətsizlik hesab edirəm. Müqəddəs dediyimiz peşənin sahibləri! Bu müqəddəsliyi qoruyun! Gəlin özümüzə də, günlərimizə də dəyər verək, hörmətsiz etməyək.
SONDA: Bütün söz-söhbətə rəğmən "Hər kəsin ömründə tək bircə kərə bu səs nəğmə deyir-vida nəğməsi" dediyim son zəng günü əvəzsiz gündür.
Hörmətli müəllimlər və valideynlər! İllərlə zəhmətini çəkdiyiniz uşaqlar tam orta təhsilini başa vurur. Böyüyür. Onlara Böyük olmağı arzulayaq! Zəhmətiniz hədər getməsin! Əziz məzunlar, sizə müstəqil həyatınızda uğurlar arzulayıram! Canınız, düşüncəniz sağlam olsun! Yollarınız işıqlı olsun! Olduğunuz hər yerdə siz də işıq olun!
Bu zəngin səsiylə gözümüz bir gün
sevincdən,kədərdən dolarmış demə...
Məktəb illərinin sonunda ömrün
"Ayrılıq bayramı"olarmış demə...
Bayramınız mübarək!
Hamınızı öz adımdan təbrik edirəm.
Kamalə Abiyeva,pedaqoq, şairə