SULTAN MƏRZİLİ: HARAY
POEZİYA
Baxta baxan,
Ovcuma bax!
Paslı mismar deşiyindən
Sən baxdıqca,
qanlı xətlər oxunacaq.
Aydınlıqlar ayə kimi,
qaranlıqlar içindədir,
bizdən uzaq...
Gözlərimin içinə bax,
dərisi soyulan Nəsimi
bir damla qan-yaş bürünüb
qürbətlərdən sürünüb,
bəbəklərimdən görünüb
qayalı dağ olacaq.
Hər dəfə,
dar ağacı bitəndə,
Yenidən doğulacaq.
Əllərimi
Qaldırım göy üzünə,
tutum məscid üstündə,
paralanmış,
şaqqalanmış, şəkk olunmuş,
min dəfə ölüb-doğulmuş
Ayı.
Bəlkə də göründu əzan
səsində
çarmıxa çəkilən
İsanın:
- Allah-Allah!
Harayı.