27 Fevral 2024 14:57
615
GÜNDƏM

 "Sumqayıt hadisələri" dünyanın diqqətindən "Qafan qırğını"nı yayındırmaq üçün lazım idi 

Bu gün Sumqayıt hadisələrinin 36 ili tamam olur.


Adalet.az xəbər verir ki, bu gün tarixə qanla yazılmış günlərdən biridir. Beləki, Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində  iğtişaşlar törətdilər. Nəticədə 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı oldu. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.Bəli, həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

 Siyasi icmalçılar, siyasətçilər, tarixçilər  dəfələrlə açıqlamalarında bildiriblər ki, 1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər  Ermənistan SSR-də yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar yaşanıb, onlardan biri də Qafanda baş verib. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilib, yerlilər zorakı və məcburi şəkildə evlərindən qovulubdur. Qafanlılar Ermənistandan gələn ilk məcburi köçkünlərə çevrilib, vaqonlar və avtobuslarda Bakıya, Sumqayıta gəliblər. Buna baxmayaraq, yerli sovet rəhbərliyi hadisələri ört-basdır edir. 

 Məlumdur ki, ermənilər bu əməli yerinə yetirməklə Qafanda azərbaycanlılara yaşatdıqları faciə və qırğınları dünya ictimaətinin diqqətindən yayındırmağa çalışıblar.

Proqramın icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdübdür.

Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlandı.

Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq azərbaycanlıların əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər.
Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirmişdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.
İstintaq materiallarında göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb.
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bununla bağlı faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.

SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.


Martın 1-dən Sumqayıtda komendant saatı tətbiq olunub. Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb.

Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxıb.


Ziyalı ailədən olan Taleh Ismayılova 15 il iş kəsilib, cəzasını ”siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərilib, bir ildən sonra meyiti gəlib.
Hadisələrdən sonra M.Qorbaçov demişdi ki, Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib. Onun hadisəyə belə münasibəti cinayətin ört-basdır edilməsilə nəticələndi.

Ermənilərin ən yüksək tribunalardan bağırdığı "Sumqayıt qırğınları" azərbaycanlıarın Ermənistandan deportasiyası, qətli, evlərinin yağmalanaraq yandırılması, Ağdamda iki gəncin qanına qəltan edilməsindən sonra baş verdi... "Sumqayıt qırğınları" Azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətl edilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı bir plan olduğunu bütün dünya bilir.

 Bir sözlə ermənilərin törətdiyi Sumqayıt qırğını hazırda ermənilərin əlində güclü əsas olaraq Azərbaycana qarşı istifadə olunmaqdadır. Erməni lobbisinin , maliyyəsinin əlində oyuncağa dönmüş   ermənipərəst ölkələr, təşkilatlar  və siyasi çəkisi olan şəxslər bu ermənilərin məqsədli şəkildə törətdiyi bu qırğınından Azərbaycana qarşı ustalıqla istifadə edirlər.

 Əntiqə Rəşid