adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 15:20
60
SAĞLAMLIQ
A- A+

Yeni nəsil linzalar eynəkdən asılılığı azaldır 

“Yeni nəsil multifokal linzalar əməliyyatdan sonra insanların eynəkdən asılılığını əhəmiyyətli dərəcədə azalda bilər”

Adalet.az xəbər verir ki, bunu canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə bildirib.

O bildirib ki, yeni nəsil linzalar dedikdə əsasən iki istiqamətdə yenilik nəzərdə tutulur. Onlardan biri astiqmatizmin korreksiyası ilə bağlıdır:

“Əvvəlki nəsillərdə astiqmatizmi tam aradan qaldırmaq mümkün deyildi. İndiki linzalar isə astiqmatizmi tam götürə bilir, bəzi hallarda isə onu xeyli azaldaraq fizioloji səviyyəyə çatdırır. Fizioloji səviyyə dedikdə isə insanların əksəriyyətində rast gəlinən və xəstəlik hesab olunmayan göstərici nəzərdə tutulur”.

Oftalmoloq yeni nəsil linzaların digər üstünlüyünün isə müxtəlif məsafələrdə görməyə imkan verməsi olduğunu deyib.

Onun sözlərinə görə, əvvəllər katarakt əməliyyatından sonra gözdəki təbii linzanın yerinə süni linza qoyulmadığı üçün xəstələr çox qalın eynəklərdən istifadə edirdilər. Sonradan göz daxilinə linzaların yerləşdirilməsi mümkün oldu və bu, insanların əməliyyatdan sonra daha yaxşı görməsinə imkan verib.

“Amma insan 40-45 yaşdan sonra yaşlanma ilə əlaqədar yaxın məsafəni görmək üçün eynəyə ehtiyac duyur. Əvvəllər katarakt əməliyyatından sonra da insanlar uzağı eynəksiz görsələr belə, oxumaq üçün eynək taxırdılar”.

İ.Cərullazadə qeyd edib ki, yeni nəsil multifokal linzalar insanlara həm uzaq, həm orta, həm də yaxın məsafədə daha rahat görməyə imkan verir.

“Bu linzalar əməliyyatdan sonra insanın vaxtının təxminən 90-95 faizini eynəksiz keçirməsinə imkan verə bilər. Sükan arxasında oturmaq, televizora baxmaq, kompüterdən istifadə etmək, telefona baxmaq, kitab oxumaq kimi fəaliyyətlər zamanı eynəyə ehtiyac əhəmiyyətli dərəcədə azalır”.  

Oftalmoloq “ağıllı linza” ifadəsinin isə daha çox marketinq məqsədilə istifadə edildiyini vurğulayıb:

“Bunun əsl adı multifokal linzadır. Bəzi xəstəxanalar və insanlar marketinq üçün buna ‘ağıllı linza’ adı qoyublar. Bunun ağlı yoxdur, bu, multifokal linzadır”.