adalet.az header logo
  • Bakı -°C
20 May 2026 12:00
70
SAĞLAMLIQ
A- A+

“Super qida”ya çevirdiyimiz cincilim

Bütün təbiət hadisələri kimi, bitkilər də Yaradanın möcüzəsidir. Hər bitkinin özünəməxsus xüsusiyyətləri və faydaları var. Yabanı bitən bitkilərin kalorisi və faydası danılmazdır. Hətta onların bəziləri müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Təbiətin bizə ərməğan etdiyi  bitkilərdən biri də hər kəsin “ürək otu” dediyi cincilimdir. Bu bitki kiçik yarpaqları ilə tanınan cincilim kalorisinə, vitamin və mineral sıxlığına görə ispanaq, kələm və brokkoli kimi məşhur rəqiblərini geridə qoyub.  Daha çox yol kənarında bitdiyi üçün bir çox insanların əhəmiyyət vermədiyi bu bitki təbabətdə xüsusi önəm daşıyır. Bitki müəyyən dərmanların hazırlanmasında istifadə edilir. Cincilimi  “super qida”ya çevirən əsas xüsusiyyətlər onun zəngin tərkibidir.

Yüksək C vitamini və bitki mənşəli birləşmələri sayəsində hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur.
Tərkibindəki antioksidantlar damar sağlamlığını dəstəkləyir və ürək xəstəlikləri riskini azaldır.

K vitamini anbarı olan cincilim sümükləri möhkəmləndirir, A vitamini və lutein isə görmə qabiliyyətini qoruyur.

Çox aşağı kalorili  olsa da, yüksək qida dəyəri  olduğu üçün pəhriz saxlayanlar üçün önəmli qida vasitəsi hesab olunur.
Cincilim təbii su hövzələri ( gölməçələr) ətrafında yetişdiyi üçün gigiyena ən vacib məsələdir. Onun kol şəklində bitməsi təmizlənməsini çətinləşdirir. Digər bitkilərdən daha çox yuyulması tələb olunur. Çünki yaxşı yuyulmayan cincilim sağlamlığa zərər vura bilər. Qurd xəstəlikləri və digər infeksion xəstəliklərin yaranmasına yol aça  bilər.

Yarpaqları o qədər kiçik olur ki, digər yabanı bitən otlarla da səhv salmaq mümkündür. Lakin diqqət etsək, cincilimin yarpaqları daha çox ürək formasındadır və bir-birinə sıx əkildə bitir. Digər bitkilərdə isə yarpaqlar nisbətən yumrudur və bir- birindən aralıdır. 

Daha çox tərəvəzli və sulu xörəklərdə istifadə olunan cincilimin faydasını görmək üçün mütəxəssislər onu çiy yeməyi də məsləhət görürlər.

Dovğa, şorba kimi sulu xörəklərdə istofadə olunsa da, həkimlər bəzən bu bitkini salatlarda istifadə etməyi pasientlərə tövsiyə edirlər.

Əntiqə Kərimzadə