20 Iyun 2024 19:39
1686
ƏDƏBİYYAT

Sürəyya Ağaoğlu türk-islam xanımları üçün örnək şəxsiyyətdir - FOTOLAR

"Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı layihə çərçivəsində növbəti tədbir İlahiyyat İnstitutunda keçirilib

"Azərbaycan Türk Ocağı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı layihə çərçivəsində növbəti tədbir Azərbaycan İlahiyyat İnstitutunda keçirilib. 

Adalet.az  xəbər verir ki, tədbirdə İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, müəllimlər və media təmsilçiləri iştirak ediblər. 

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çox önəmli bir tədbirə toplaşdıqlarını deyib. Rektor vurğulayıb ki, Əhməd bəy Ağaoğlu Azərbaycan ziyalıları arasında xüsusilə seçilən şəxslərdən idi. Aqil Şirinovun sözlərinə görə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının həyat və fəaliyyətinə nəzər yetirdikdə bir tərəfdən fəxr duyuruq, digər yandan isə onların nə qədər acınacaqlı həyat yaşadıqlarının şahidi oluruq: 

"Belə insanlardan biri də Əhməd bəy Ağaoğludur. Əhməd bəy Ağaoğlu Şuşadan başlayan həyat yolunu sonra Peterburqda, Parisdə davam etdirib, ömrünün sonlarında sürgün həyatı yaşayıb və Türkiyədə vəfat edib. O çox idealist bir insan olub, nə qədər əziyyət çəksə də, təlatümlü həyat yaşasa da, hər zaman xalqını düşünüb. Təkcə Azərbaycan deyil, Türk dünyası haqda daim fikirləşib. Əhməd bəy Ağaoğlunun Mustafa Kamal Atatürklə şəxsi dostluğu yüksək səviyyədə olub. Buna rəğmən, Türkiyənin özündə belə onun həyatı yetərincə tədqiq olunmayıb. Əhməd bəy Ağaoğlu Türkiyə-Azərbaycan arasında körpüyə çevrilib. Türk dünyası üçün ideyalar verən ziyalılardan biri olub. Onun beş övladından biri Sürəyya Ağaoğludur". 

Rektor bəyan edib ki, Sürəyya Ağaoğlu həmin dövr üçün türk qadınının bir nümunəsidir. O, Şuşada anadan olub və daha sonra atası ilə birlikdə Türkiyəyə köçüblər. Türkiyənin ilk hüquq vəkili olub. 1921-ci ildə İstanbulda hüquq fakültəsində oxumaq üçün müraciət edib. O zaman hələ Osmanlı qanunları keçərli idi deyə qadınlar vəkil olmurdu. Ona görə də Sürəyya xanımın müraciəti gülüşlə qarşılanmışdı. Amma Sürəyya Ağaoğlu öz yolundan dönmədi, əlavə iki xanım da tapdı və üç xanım birlikdə hüquq fakültəsinə müraciət etdilər. Beləcə, S.Ağaoğlu Türkiyədə ilk qadın vəkil oldu. Xanımlar üçün, türk-islam xanımları üçün örnək şəxsiyyət idi. Türkiyənin ictimai həyatında çox fəal iştirak edib. Ümumiyyətlə, Ağaoğlu ailəsi təkcə Sürəyya xanımı deyil, bir çox tanınmış simaları da yetişdirib. Qardaşı Samet Ağaoğlu Türkiyədə Demokrat Partiyasının qurucularından biri olub. Önəmli siyasi xadim idi. Ağaoğlu ailəsinin fərdləri bütövlükdə Türk dünyasının ictimai-siyasi həyatında mühüm rol oynayıblar". 

  A.Şirinov tədbir iştirakçılarına "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı kitabı da təqdim edib və bu kitabın ərsəyə gəlməsində Azərbaycan Türk Ocağı İctimai Birliyinin xüsusi rolunun olduğunu söyləyib: 

"Türk Ocaqları Əhməd bəy Ağaoğlunun həyatında mühüm rol oynayıb. Osmanlı dövründən etibarən türkçülük şüurunun formalaşmasında önəmli addımlar atıb. Əhməd bəy Ağaoğlu da Türk Ocağının ən fəal üzvlərindən olub".
  
Daha sonra "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edib. A.Aşırlı "Şuşadan İstanbula - Sürəyya Ağaoğlu yolu" adlı layihəyə dəstəyə görə, İlahiyyat İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. O vurğulayıb ki, Sürəyya Ağaoğlunun həyatı və fəaliyyəti haqqında Türkiyədə, Azərbaycanda yetərincə məlumat yoxdur, çünki təbliğatı aparılmayıb:


 "Niyə Sürəyya Ağaoğlunun üzərində dayandıq? Ona görə ki, Sürəyya Ağaoğlu kimi şəxslərin tanıdılmasına ehtiyac var. Türkiyədə yüzilliyi ərəfəsində gümüş sikkələr kəsildi. Sürəyya Ağaoğlu adına Türkiyədə küçə var, Təhsil Vəqfi (Fondu) var. Türkiyədə humanitar sahədə təhsil alacaq tələbələrin Sürəyya Ağaoğlu adına Təhsil Fondundan yararlanmaq imkanları var. Ancaq gənclər məlumatsız olduqları üçün həmin imkanlardan yararlana bilmirlər. Digər yandan biz cəmiyyətə örnəkləri təqdim etməliyik. Örnəklərdən də biri Sürəyya Ağaoğludur. O, Əhməd bəy Ağaoğlunun ilk övladıdır. 1903-cü ildə Şuşada anadan olub, 5 yaşınadək orada böyüyüb, sonra Bakıya köçüb. Hacı Zeynalabidin Tağıyevin dəvəti ilə Bakıya gələn Əhməd bəy Ağaoğlu "Kaspi" qəzetində məqalələr yazıb. Eyni zamanda Əli bəy Hüseynzadə ilə birgə 1905-ci ildə "Həyat" qəzetini yaradıb. Sonra "İrşad" qəzetini çap edib. Əhməd bəy Ağaoğlu təkcə türkçülüyün, milli şüurun inkişafına deyil, həmçinin dini mövzularda ciddi araşdırmalar aparıb. "İslamda qadın" əsərini yazdı və əsaslandırdı ki, İslam dinində qadının yeri daha müqəddəsdir, pakdır. Öz ailəsindəki qadınların timsalında zəruri bilgiləri, qadın obraz və nümunələri təqdim edib".

  
Akif Aşırlı vurğulayıb ki, 1925-ci ildə hüquq fakültəsini bitirən Sürəyya Ağaoğlu 1927-ci ildə Türkiyənin ilk qadın vəkili olub: 

"Sürəyya Ağaoğlu Azərbaycana bağlı bir insan idi. Müsahibələrinin birində demişdi ki, "mənim üçün Türkiyə və Azərbaycan eynidir, vətənim doğulduğum Şuşadır. Şuşa mənim üçün çox müqəddəs bir yerdir". Sürəyya Ağaoğlu Rusiya Hüquqşünaslar Birliyinin dəvəti ilə iki dəfə Sovetlər Birliyinə səfər edib. Sonuncu gəlişi 1982-ci ildə olub və burada onu Ədliyyə naziri qəbul edib. Onun istəyi ata yurdunu, Şuşanı görmək idi. Ancaq həmin ərəfədə S.Ağaoğlunun bu istəyi reallaşmır. Amma qardaşı Samet Ağaoğlu 1967-cu ildə Şuşada olmuşdu və baba yurdunun şəklini çəkmişdi. Türkiyəyə qayıtdıqdan sonra "Sovet imperatorluğu" adlı kitab yazmışdı. Kitabda imperiyanın tərkibində olan ayrı-ayrı xalqların öz mədəniyyətlərini qorumaq imkanlarının məhdud olduğu, dini təzyiqlərin artdığı, ateizmin tüğyan etməsi ilə bağlı fikirlər yer alıb. Qardaşının belə bir kitab yazmasından dolayı Sürəyya Ağaoğlunun Şuşaya getmək niyyəti əngəllənir. Ancaq Sürəyya Ağaoğlu azərbaycanlı mühacirlərlə çox yaxın idi. O, hüquq fakültəsinin ikinci kursunda oxuyarkən Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud ağa Cavanşir 1921-ci ildə M.Torlakyan adlı erməni tərəfindən qətlə yetirilir. Onun məhkəmə prosesində, Torlokyanın dindirilməsində ingilis dilini bildiyi üçün Sürəyya Ağaoğlu da iştirak edib. Məhkəmədə Torlakyana ölüm hökmü kəsilsə də, 24 saat keçməmiş qərarı verən ingilis prokuror işindən azad olunur. Əvəzinə sözəbaxan ingilis gətirilir. Nəticədə çox az cəza alan Torlakyan ABŞ-yə qaçmağa nail olur. Bütün bunlara Sürəyya Ağaoğlu da şahidlik edir. Eyni zamanda Atatürkə qarşı sui-qəsddə suçlanan Əli bəy Hüseynzadənin də vəkili olur, məhkəmə prosesində iştirak edir". 


Baş redaktor diqqətə çatdırıb ki, Sürəyya Ağaoğlu sadəcə qadın və uşaq hüquqlarının qorunması ilə məşğul olmayıb. Həm də 1949-cu ildə Türkiyədə öz maliyyəsi hesabına ilk dəfə uşaq sığınacağı yaradıb: 

"İstanbulda kimsəsiz qalmış, qayğıya ehtiyac duyan insanları bir araya gətirərək öz pulu ilə onların yaşayışını, təhsil haqlarını təmin edib. Onların peşə təhsilinə yiyələnməsinə, ali təhsil almasına yardım göstərib. 300-ə yaxın uşağı, gənci himayə edib. Dövrün nəşrlərinin yazdığına görə, uşaqlar Sürəyya xanıma "ana" deyə müraciət ediblər, məktublar yazıblar. Sürəyya xanım 70-ə yaxın ölkədə konfranslar verib. İnsanların hüquq və azadlıqlarının, siyasi azadlıqlarının təmin olunmasına çalışıb. Məsələn, Türkiyədə birpartiyalı sistemin ləğvi üçün çalışanlardan biri Sürəyya Ağaoğlu idi. Qardaşı Samet Ağaoğlu Adnan Menderes hökumətində baş nazirin müavini olub, Manisadan dörd dəfə millət vəkili seçilib. Abdurrahman Ağaoğlu Türkiyənin ilk peşəkar mühəndislərindən olub. Bacısı Tezer Ağaoğlu da millət vəkili seçilib, Türkiyənin ilk fəlsəfə müəllimi olub, məntiqdən kitab yazıb, digər bacısı Gültəkin Ağaoğlu məşhur uşaq həkimi olub. Yəni bu ailənin bütün fərdləri siyasi-ictimai işlərdə böyük fəallıq nümayiş etdiriblər və Türkiyənin dəyərinə çevriliblər".   
 
 A.Aşırlı "Türk Ocaqları" barədə də qısa məlumat verib:

 "Azərbaycan Türk Ocağı 1918-ci ildə yaradılmış bir təşkilatdır. Biz Cümhuriyyətin bir dəyəri olaraq bu qurumu yenidən dirçəltdik. 1911-c ildə İstanbulda qurulan Türk Ocaqlarının əsas məqsədi Osmanlının çöküşünün qarşısını almaq və etnik məsələlərin önünə keçmək idi. Türk və müsəlman dünyasının birliyi ideyasını müdafiə edən bir təşkilat idi. Türk Ocaqları Əhməd bəy Ağaoğlunun evində qurulmuşdu. Sürəyya Ağaoğlu öz memuarında yazır ki, "Türk Ocaqları mənim gözümün qarşısında quruldu, fəaliyyət göstərdi". 

Akif Aşırlı layihə çərçivəsində sonrakı tədbirlərin Ankara və İstanbulda - Ankara Türk Ocağı Mərkəzi binasında, İstanbul Türk Ocağında keçiriləcəyini deyib. Həmçinin Sürəyya Ağaoğlu Təhsil və Tədris Fondunda tədbir planlaşdırıldığını söyləyib. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.