SUS KƏNDİNƏ QAYIDANLARIN SEVİNCİ
Onlar bu sevinci düz 35 ildən sonra yaşayıblar. Əlbəttə, Azərbaycanın ərazisinin 20 faizi işğal olunanda bu insanlar Laçının Sus kəndindən didərgin düşüblər. Ağır və çətin anları da elə həmin günlərdən başlayıb. 1992-ci ilin mayın 17-də Laçın rayonu işğal olunanda demək olar ki, orda bir sakin belə qala bilmədi. Ermənilər Laçının bütün kəndlərini işğal altında saxladılar, evləri-eşikləri, var-dövləti daşıyıb apardılar və qalan əşyalara da od vurub yandırdılar. Yəni hər hansı evin bir-iki pəncərəsi, bir-iki qapısı yararsız vəziyyətə düşdüyünə görə apara bilmirdilərsə, ona da od vurub yandırırdılar.
Laçınlılar rayondan çıxanda bütün var-dövlətini elə orda qoydular. Gücü çatanlar isə qoyun-quzusunu, mal-qarasını götürüb üzü Füzuli istiqamətinə hərəkət etdilər. Onlar dedilər ki, bu qoyun-quzu erməniyə qalana qədər qoy ya yolda qırılıb ölsün, ya da aparaq Füzulidə, Beyləqanda, İmişlidə camaata verək. Onları evdən, doğma yurddan bax, beləcə perik saldılar. Amma onlar didərgin düşəndə bir şeyə inanırdılar, nə vaxtsa doğma yurda dönəcəklər. Amma bu hadisə neçə ildən sonra olacaq, bax, onu bilmirdilər.
2020-ci ilin 44 günlük İkinci Qarabağ savaşında və ondan sonra Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Bax, onda Laçın da erməni işğalından azad edilərək sahibinə qaytarıldı. Yəni ermənilər təslim aktını imzalayarkən söz vermişdilər ki, müəyyən olunmuş tarixdi Laçını boşaldacaqlar. Laçını boşaltdılar, ancaq yenə öz vəhşiliklərindən əl çəkmədilər. Qaldıqları evə və meşələrə od vurub yandırdılar. Bax, beləcə yenə erməni xisləti özünü göstərdi.
Qısa zaman kəsiyində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Laçında böyük abadlıq və quruculuq işləri görüldü. Şəhərin mərkəzində, eləcə də Zabux və Sus kəndlərində ən müasir tələblərə cavab verən mənzillər tikilərək hazır vəziyyətə gətirildi. Cənab prezident həmin kəndlərin yenidən istifadəyə verilməsində iştirak etdi və onların sevincinə şərik oldu. Bu tarixi anı yaşamaq həmin kəndin sakinləri üçün çox böyük xoşbəxtlik idi. Çünki onlar uzun zaman kəsiyindən sonra doğma yurdlarına dönmüşdülər. Bax, onda insanlar sevinclərindən ağlayırdılar.
Bu yaxınlarda yolumuz yeni tikilmiş və abad Sus kəndinə düşdü. İnanın, bu kənddə yüzdən çox bir-birindən gözəl milli memarlıq üslubunda iki, üç, dörd otaqlı mənzillər istifadəyə verilib. Hər mənzilin də öz yaraşığı, öz gözəlliyi və öz əsrarəngizliyi var. Kəndin ortasında gözəl və hər cür standartlara cavab verən asfalt yol çəkilib. Yolun kənarında isə işıq dirəkləri var. Təbii ki, bu kəndin ən böyük gözəlliklərindən biri, bəlkə də birincisi Həkəri çayının bir addımlığında yerləşməsidir. İsti yay günlərində bura bir cənnətə bəzəyir. Həkərinin şırıltısı adamın əsəblərinə bir sığal çəkir. Biz də həmin kənddə əslən laçınlı olan dostumuz Ariflə iki gün qonaq olduq. Kəndin girəcəyində sağ tərəfdə elə birinci ev Əliş kişinin evidir. Onun özünə iki otaqlı, oğluna isə üç otaqlı mənzil verilib. Əliş kişi bizə dedi ki, qonağımız olub görərsiniz ki, bu evlər nə qədər gözəl və rahatdır. Üç geniş evin hər biri bir-birindən yaraşıqlıdır. Evin dəhlizi, mətbəxi adamın ürəyinə bir rahatlıq gətirir. Düşünürsən ki, bu mənzildə yaşamaq, bu mənzildə ömür sürmək elə özü bir xoşbəxtlikdir. Mənzilin içində kombi sistemi quraşdırılıb. Sutkanın 24 saatı isti və soyuq su var. Mənzildə internet sistemi və günəş paneli mövcuddur. İstənilən vaxt onlardan istifadə etmək mümkündür.
Bununla yanaşı, bu mənzillərin unikallığı və möhtəşəmliyi ondan ibarətdir ki, mənzilin sayı qədər hündür zirzəmisi var və bu zirzəmidə də müharibə şəraitində çox rahat yaşamaq mümkündür. Yəni Allah etməmiş, həmin kəndə mərmi, raket atılarsa insanlar sığınıacaq üçün bu zirzəmidən istifadə edə bilər. Zirzəminin havalandırma sistemi və pəncərəsi də var. Heç şübhəsiz, yeni salınmış Sus kəndində insanların yaşaması və işləməsi üçün hər cür şərait yaradılıb. Belə ki bu kənddə üçmərtəbəli məktəb, uşaq bağçası və tibb məntəqəsi fəaliyyət göstərir.
Səhər saat 6-da dostum Ariflə yuxudan oyanıb gəzməyə çıxırıq. Deyirik ən yaxşı gəzmək yeri Həkəri çayının sahilindən Sus kəndinə qədər olan yerdir. Kəndin başlanğıcından məktəbə və uşaq bağçasına qədər piyada gedirik. Təmiz hava və Həkəri çayının şırıltısı adama ləzzət edir. Hamı da kimisə görəndə bir-birinə salam verir, «sabahın xeyir» deyir. Elə həyətlər var ki, orda bostan-tərəvəz məhsulları, meyvə ağacları əkiblər. Hətta bəzi insanlar hinduşka, qaz və toyuq saxlayır və onların da səsi ətrafa yayılır.
Yolu gedərkən həyətində meyvə ağaclarına su verən bir suslunu görürük. Bizə «sabahınız xeyir» deyir, sonra da evinə dəvət edir. Tərəddüd edib getmək istəmirik. Arif dostum laçınlı olduğuna görə deyir ki, Faiq müəllim, onun sözünü yerə salmayın, gəl gedək onlara.
Həyətdə çox qəşəng «besedka» var. «Besedka»nın ətrafında güllər-çiçəklər əkilib, kənarda isə samovar qaynayır. Bir göz qırpımında evin sahibi Nadir kişi armudu stəkanlara pürrəngi çay süzür, sonra masanın üstünə yağ, pendir, şəkər tozu düzür. Yaxşı da bir yuxa masada gözümüzə dəyir. Təbii ki, bunlardan dadmamaq, yeməmək böyük günah olar. Biz səhər yeməyi yeyərkən Nadir kişi həyətə düşüb şaftalı ağacından şaftalıları dərib boşqaba yığır və onu da masanın üstünə qoyur. Deyir ki, bir bunların dadına baxın, görün, necə dadlıdır? Şaftalıdan bir dişlək götürən kimi adama ləzzət edir. Sonra Nadir kişi deyir ki, bu ağacı keçən il əkmişəm, bu il bar verib. Görürsüz həyətdə badımcan, pomidor, bibər necə də göz oxşayır. Günorta bizə gəlsəniz nahar yeməyinə yaxşı toyuq çığırtması hazırlatdıraram.
Biz ona təşəkkür edib «Allah ruzunuzu bol etsin» deyirik və həmişə öz yurd-yuvanızda bax, beləcə firavan dolanasınız!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
29 Iyul 2026 19:17
Şərqi Zəngəzurda ilk qadın kooperativi fəaliyyətə başladı
24 Iyul 2026 09:00
MEŞƏLƏR YANIRSA…
20 Iyul 2026 10:27
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihənin ilk tədbirini keçirdi
17 Iyul 2026 09:00
ŞÜKÜRBƏYLİ SAKİNLƏRİ DOĞMA YURDA QAYITDI
16 Iyul 2026 10:45
Naxçıvanda ilk "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirildi
10 Iyul 2026 20:11
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib
10 Iyul 2026 09:00
YENİ GÜNƏŞLİDƏ ŞAM AĞACLARI QURUYUR?
07 Iyul 2026 17:00


Bakı -°C

