Şuşa şəhərində I İslam Dünyası Mədəniyyət Forumu keçirilib - YENİLƏNİB

Şuşada keçirilən I İslam Dünyası Mədəniyyət Forumu başa çatıb.
Adalet.az xəbər verir ki, “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak edib.
Forum çərçivəsində “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" və “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda panel sessiyalar keçirilib.
Sessiyalarda çıxışçılar mədəni irsin qorunması, bərpası və digər lazımi proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-yenidənqurma prosesi barədə geniş söz açılaraq bunun nümunəsində mədəni irsə qayğı və diqqətin artırılmasına diqqət çəkilib.
Qeyd edək ki, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub.
***
11:57
Aprelin 17-də Şuşa şəhərində “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu işə keçirilir.
Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə gerçəkləşən forumda ölkəmizdən və ICESCO-dan rəsmilər, quruma üzv bir sıra respublikalardan nümayəndələr, mədəniyyət xadimləri və media təmsilçiləri iştirak edirlər.
Forumun məqsədi İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın genişləndirilməsi, İslam irsinin qorunması və təbliğinə töhfə vermək üçün mexanizmlərin hazırlanması, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərzilərində aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərdə Ermənistanın işğal dövründə vandalizmə məruz qalmış tarixi-mədəni irsin bərpası istiqamətində görülən işləri diqqətə çatdırmaqdır.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova forum iştirakçılarını nazir Adil Kərimlinin adından salamlayıb.
Açılış nitqi söyləyən nazir müavini forumun aktual mövzuya həsr olunduğunu deyib: "Forum “Şuşa - 2024 İslam Dünyasının Mədəniyyət Paytaxtı” üzrə fəaliyyət planının mühüm tərkib hissəsidir. Təəssüf ki, biz silahlı münaqişənin mədəni sərvətlərimizə dağıdıcı təsirini yaşamış ölkəyik. Mədəni obyektlərin dağıdılması, talan edilməsi və təhqir olunması bizi təkcə keçmişimizdən məhrum etmir, həm də kollektiv yaddaşımızın təməlini sarsıdır".
Qeyd olunub ki, forumda ICESCO-ya üzv dövlətlərin siyasətçiləri, ekspertləri, mədəniyyət xadimləri, alimləri ilə birlikdə silahlı münaqişələr zamanı və ondan sonra İslam dünyasında mədəni irsin qorunması və canlandırılması problemlərinin həll edilməsi qarşıya məqsəd qoyulub. Forumda praktiki strategiyalar, birgə səylər və münaqişə zonalarında təhlükə altında olan mədəni irsin qorunmasında İslam ölkələrinin əməkdaşlığının rolu müzakirə olunacaq.
"Forum, sadəcə, bir toplantı deyil, birgə hərəkətə çağırışdır. Bu, İslam dünyası xalqları üçün bir fürsətdir", - deyə S.Yusifova əlavə edib.
Nazir müavini çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimiz tərəfindən azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib.
ICESCO Bakı Regional Ofisinin direktoru Abdulhakim əl-Sənan təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin adından forum iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb.
ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro ICESCO-nun bərpa proqramları barədə məlumat verib: "Bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir. Bəzi ölkələrdə, məsələn, Liviyada bu cür iştirak yetərli olmayıb. Yerli icmaları prosesə cəlb etmək və onların baxışlarını dinləmək çox əhəmiyyətlidir. Çünki yerli icmalar öz mədəni ehtiyaclarını xarici mütəxəssislərdən daha yaxşı bilirlər".
Çıxışlardan sonra forum işini panel iclaslarla davam etdirib.
Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluq etdiyi l panel "Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" mövzusuna həsr olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında Şuşa şəhərində və işğaldan azad edilmiş digər ərazilərdə tarixi-mədəni irsin vəziyyəti haqqında məlumat verib. Deyib ki, otuzillik işğal zamanı Ermənistan tərəfindən tarixi-mədəni irsimiz dağıdılıb talan edilməklə yanaşı, abidələr üzərində məqsədli saxtalaşdırma aparılıb.
S.Hacıyeva həmin ərazilərdə nisbətən salamat qalmış abidələrin bərpa və konservasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov Şuşa şəhərinin tarixi-mədəni zənginlikləri barədə məlumat verib. Qoruq ərazisindəki abidələrin, o cümlədən İslam irsinin bərpa və konservasiyası sahəsində görülən işlərdən söz açıb.
Forum "Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda II panel sessiya ilə işini davam etdirəcək.
Digər Xəbərlər

Əxlaqsızlığa görə həbs edilən "molla" ilə bağlı AÇIQLAMA

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb

Azərbaycan Ordusunda ilk: Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb

Leyla Əliyeva "See Breeze"dən video paylaşdı

DİN-dən çağırış: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO

“28 May” BAĞLANIR: Avtobusla getməli olacaqsınız
jpg-1744972874.jpg)
Erməni deputatın "artsax əsgərləri" ilə bağlı ittihamı erməniləri niyə incidir?
