14 May 2024 13:45
1173
MƏMLƏKƏT

Köç karvanı Şuşaya çatdı - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Adalet.az xəbər verir ki, Şuşada sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşaya 38 ailə – 136 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülüb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Adalet.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.