ŞUŞAYA QAYIDIŞ BİZƏ İKİNCİ NƏFƏS VERDİ
Elindən-obasından ayrı düşmək qədər çətin ikinci bir ağrı-acı, dərd, kədər yoxdur. Bunu ən çox qaçqınlıq və məcburi köçkünlük ömrü yaşayan insanlar bilirlər. O insanlar bilir ki, yurd yerindən, doğma ocaqdan məcburi ayrılmaq nə deməkdir. Heç çox adam bu ayrılığa, bu həsrətə dözməyib və ürəyib partlayıb. Xüsusən də yaşlı nəslə məxsus olan insanlar bu kədərli illərə və aylara tab gətirməyib və həyatla vidalaşıb.
Yurddan ayrı düşən və 30 il Vətən həsrəti ilə alışıb yanan şuşalılar da belə bir kədərli ömür yaşayıblar. Dünyanın ən gözəl yeri olan Şuşadan onları ermənilər didərgin salmışdılar. Çünki erməni faşistləri tək Şuşanı deyil, bütün Qarabağı işğal etmək istəyirdilər və işğal da eləmişdilər. Düşünürdülər ki, bu işğal nəinki 30 il, yüz illərlə davam edəcək və həmin yerlər də ermənilərə qalacaq.
Onlar belə düşünürdülər, ancaq Azərbaycan xalqı isə işğal olunmuş ərazilərini azad etmək haqqında belə demək mümkünsə, bir gün sakit durmurdu. Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin hakimiyyəti dövründə torpaqlarımızın geri qaytarılması üçün beynəlxalq səviyyədə çox böyük işlər görüldü. Birləşmiş Millətlər Təşkilatanın 4 qətnaməsinin icra olunması üçün hər iki dövlət başçısı mötəbər kürsülərdən öz iradlarını bildirdi və bu qətnamənin tezliklə icra olunmasını tələb etdi. Amma yenə nə BMT-dən, nə də ATƏT-in üzvü olan və ermənilərə havadarlıq edən böyük ölkələrdən bir səs çıxmadı. Və axırda Azərbaycan xalqının səbr kasası doldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün əks hücuma keçdi. Cəmi 44 gündə həmin ərazilər və o cümlədən də noyabrın 8-də Şuşa şəhəri erməni işğalından azad edildi.
Azad olunmuş Şuşaya Azərbaycan bayrağı sancıldı və Prezident İlham Əliyev özü Şuşada oldu və bu bayrağı yenidən ucaltdı. Qısa zaman kəsiyində Şuşada dağıdılmış, viran qoyulmuş, yandırılmış sosial obyektlər, yaşayış binaları, Gövhər ağa məscidi və eləcə də digər yerlər əsaslı surətdə yenidən bərpa edildi və əhalinin istifadəsinə tam hazır səviyyəyə gətirildi. Artıq Şuşada demək olar ki, 2024-cü ilin əvvəlindən bütün infrastruktur yenidən qurulmuş, bir-birindən gözəl sosial obyektlər inşa edilmiş və yaşayış binaları tikilmişdir. Ölkə prezidenti də öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bütün məcburi köçkünlər kimi şuşalılar da tezliklə öz yaşayış yerlərinə qayıdacaqlar.
Artıq 2024-cü ilin axırına yaxın Şuşaya yeni dönüş başlandı. Və bu ilk dönüşdə ölkə prezidenti İlham Əliyev də iştirak etdi. Yüzlərlə insan qədim və zəngin mədəniyyətə malik olan Şuşaya qayıtdı. Bu o deməkdir ki, artıq 30 illik həsrətə son qoyulmuşdur. Bu o demək idi ki, həsrətə, kədərə bir nöqtə qoyulmuş, yeni bir həyat başlamışdı.
Deməli, Şuşaya dönüş və Şuşaya qayıdış oranın sakinlərinə, başqa sözlə demiş olsaq, ikinci nəfəs vermişdi. Bu ikinci nəfəsi şuşalılar nə az, nə çox düz 30 il gözləmişdilər. Onların gözlədiyi gün gəldi və şuşalılar Bakıda məskunlaşdıqları yaşayış yerindən Şuşaya, doğma yurda qayıtdılar.
Onlardan biri də yazıçı-publisist və uzun müddət «Ədalət» qəzetində məsul vəzifədə çalışmış Kərim Kərimlidi. Kərim Kərimli deyir ki, bəlkə də mənim saçım ağarmazdı. Şuşanın ayrılığına, həsrətinə ürəyimlə yanaşı, saçlarım da dözmədi və mənim saçlarım ağappaq oldu. Amma bu da bir xoşbəxtlikdir. Çünki 30 il bu günü, bu dəqiqəni, bu anı gözləyirdik. Çox adam bu anı, bu dəqiqəni gözləyirdi. Əksəriyyətinə Şuşaya qayıtmaq nəsib olsa da, bəzi yaşlı insanlara bu sevinc, bu xoşbəxtlik nəsib olmadı. Amma bu sevinc, bu xoşbəxtlik onların övladlarına, nəvələrinə qismət oldu.
Elə şuşalılar vardı ki, heç Şuşaya qayıdış olmamışdan öncə oranı zirayət etmişdi. Allaha and olsun ki, mən Şuşaya birinci dəfə ayağımı basanda dizimi yerə qoyub torpağı, daşı öpmüşəm, sonra da iməkləmişəm. Çünki bu mənim əhdim olub. Düzdür, bir dəfə Şuşa işğal olunanda jurnalist kimi bir çox xarici yazarlarla ora səfər etmişdim. Şuşadan, torpaq və su gətirmişdim. Həmin torpaqdan Aqil Abbasa da vermişdim. Amma onda bir neçə saat Şuşada olmuşdum və çox yerə də getməyə ermənilər icazə vermirdilər. Hətta torpağı götürməyə belə qoymurdular.
İndi isə biz doğma Şuşadayıq. Allah prezidentimizin canını sağ eləsin, hamı kimi mənə də burda təzə, təmirli ev verib. Ailəmlə, uşaqlarımla Şuşada yaşayıram və işləyirəm. Oğluma da 2024-cü ildə toy elədim. Bu toyu Xankəndində çaldırdım, amma onun səsi elə Şuşaya da yayıldı. Mənə görə dünyanın ən gözəl, ən möhtəşəm yeri Şuşadır. Şuşadan gözəl, Şuşadan yaraşıqlı ikinci bir şəhər tanımıram. Bundan sonrakı ömrümü Şuşada yaşayacam, işləyəcəm və xalqıma xidmət edəcəyəm.
Şuşaya yeni köçmüş sakinlərdən biri olan Nəzirə Məmmədova da sevincini gizlədə bilmir. Deyir ki, qardaş, qaçqınlıq dövrü yaşayanda tez-tez Şuşa yuxuma girirdi. Tək mənim yuxuma yox ey, həyat yoldaşımın, övladlarımın yuxusundan çıxmırdı. Şuşadan bizi ermənilər qovanda 30 yaşım vardı, üç övladım da dünyaya gəlmişdi. Onları nə zülmlə odun-alovun içindən çıxartdıq, onu bir Allah bilir. Bizi o odun-alovun içindən Allah, bir də Azərbaycan əsgərləri xilas elədi. İndi öz evimizdə-eşiyimizdə çox rahat yaşayırıq. Tək mən yox, qonşularımız da yeni evdə özlərini çox rahat, xoşbəxt hiss edirlər. Hamımız da işləyirik. Bu xoş günə görə göydə Allaha, yerdə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə, bir də ordumuza, əsgərlərimizə minnətdaram. Şəhidlərimizin yeri cənnət olsun, qazilərimizə isə Allah şəfa versin. Bir daha Allaha şükür olsun ki, Şuşaya qayıda bilmişik və gözəl günlər yaşayırıq.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.