adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Noyabr 2023 14:45
9510
MÜSAHİBƏ

"Susdum" deyib, susa bilməyən şairlə  MÜSAHİBƏ 

Eminquey imzası oxucu kütləsinə çoxdan tanışdır. 2013-cü ildən mətbuatda şeirləri çap olunur. Jurnalistikada da özünə oxucu kütləsi topladığı danılmaz faktdır. Bir sözlə, “Ədalət” qəzetinin əməkdaşı - bizim Emini ictimaiyyətə tanıtmağa ehtiyac yoxdu. Kifayət qədər tanınır və oxunur. Bu günlərdə onun 2-ci kitabı işıq üzü görüb. Maraqlıdır ki, həm şeirləri, həm publisistik yazıları ilə oxucularının diqqətində olan Emin kitabın adını “Susdum” qoyub.

-Gənc olaraq cəmiyyətdə olan bəzi ədalətsizliklərə susmayan gənc yazar necə olur ki, yeni kitabının adını “Susdum” adlandırır?! Emin, bu “Susdum” hesab edirəm mənim qədər oxucularını da maraqlandırıb. Yeni bir kitab çap etdirməyin, mediada mütəmadi olaraq yazılarla çıxış etməyin, şeir sevərlərin könlünü tez-tez oxşamağın susmaqla əlaqəsi yoxdu axı...


- Əvvəla, xoşdur ki, mətbuatda işləyən dostlarımın, tanışlarımın “Susdum”a “susduğ”u bir vaxtda 6 ildən uzun bir müddətdir çalışdığım doğma redaksiyada iş yoldaşımla yeni kitabımdan danışıram, yəni susmuram. Bilirsən, insanlar həmişə danışan adamlara əl çalıb susan adamların yanında dayanırlar. Otuz yaşa kimi gördüklərim və özümdən əvvəl yaşayan susmayan adamların həyatı buna ən yaxşı nümunədir. Lap geriyə getsək, insan dünyaya çığıra-çığıra gəlir və anasının ona ilk öyrətdiyi şey susmaq, kirimək olur. İnsan dil açana kimi ona hər daim susmaq öyrədilir.

Susmaq dünyada insan var olandan bəri trenddir, yeganə şeydir ki, heç vaxt dəbdən düşmür. Bir yandan da, bu ad bir dünyalının, xüsusən də azərbaycanlının kod adıdır. Kitabın üz qabığında özümdən bir aforizm də yazmışam – “Susmaq qızıldır, ona görə Azərbaycanda qızıl dişlər bir vaxtlar dəb olub”. Və kitabımın içində də bir mətn var ki, adı “Susdum”dur. Bir azərbaycanlının gündəlik susduğu epizodları qələmə almışam. Dedim, qoy kitabın adı da belə olsun, onsuz da məni tanımayan bir adam da kitabı oxuyanda görəcək ki, susmamışam.


-Hazırda Azərbaycan ədəbiyyatında sənin intizarla gözlədiyin yazarlar varmı ki, sən onları oxuyanda mənəvi rahatlıq tapırsan, necə deyərlər “doyursan”?


- “Ac” olanda Aydın Canı oxuyuram. Onun hər yazısında toxunduğu mövzuların, xitab etdiyi insanlar, yaxud da hadisələrin həm mətbəxini bilirəm, həm də tarixini bilirəm. Hərdən görürəm ki, yazısı çox uzundur, əvvəlcədən hazırlaşıram. İşlərimi bitirib girişirəm mətnə. Adamın yazılarında gülüş, kədər, qəzəb, məyusluq – hər şey var. Onun cümləsi əsəbidirsə, mən də əsəbiləşirəm, rişğənd edirsə, mən də dodağımı əyib oxuyuram. Aydın çox mazoxist, hətta biraz da kobud desəm, sadist yazıçıdır. Adam var ki, çiyninə toxunsan adamı deşik-deşik edər, amma yazılarında elə mədəni, elə mülayimdir, mat-məəttəl qalırsan. Aydın özü necə boy-buxunlu, dəliqanlıdırsa, yazıları da o cürdür. Azərbaycan ədəbiyyatına gəldikdə isə, Həmid Herisçini oxuyuram. Bir çox gənc yazarı onun yaradıcılığı ilə mən tanış etmişəm. Sonradan bir çoxları seviblər, onlar da başqalarına tövsiyə ediblər. Həmid də mənim üçün çox maraqlı imzalardandır. Axtarış cəhətdən, mistik simvollarla işləmək cəhətdən bir-birimizə oxşayırıq. Aqşin Yeniseyin də yazılarını maraqla oxuyuram.

 


-Dünya ədəbiyyatı inciləri haqqında məlumatlı olduğunu bilirəm. Dünya ədəbiyyatının Klassiklərindən kimləri oxuyursan, hansı yazarların əsərlərini dönə-dönə oxumaqdan zövq almısan?


- Yadıma gəlir ki, BSU-da oxuyanda bizə uzun bir siyahı vermişdilər. Oxunası müəlliflər, əsərlər cərgələnmişdi. Ən son mərhələ oxunacaq əsərlərdən biri Cek Londonun “Martin İden” əsəri idi. Mən fakültəyə qəbul olanda artıq o əsəri oxumuşdum. Universitet vaxtı mütaliədən geri qalsam da, sonralar çox əsər oxumuşam. Bunu heç vaxt gözə soxmağı xoşlamıram. Mənə oxuduğum əsərlərdən nə əxz etmək lazımdırsa, edirəm, vəssalam. Əgər sırf ad çəkmək lazımdırsa, son dövrlərdə argentinalı yazıçı Marselo Birmaherin “Dul” hekayəsini oxumuşam. Çox maraqlı, təsirli və qısa hekayədir. Naomi İşiquronun “Ayı”sını, Fernanda Melçorun “Ağciyər”ini oxumuşam. Romandan çox, hekayə oxumağı sevirəm. Türkiyə şairlərinin əksəriyyətini oxumuşam, hal-hazırda yazıb-yaradanlardan. Ən çox bəyəndiklərimdən Ah Muhsin Ünlüdür. Ən çox sevdiyim şeiri “Resulullahla benim aramdakı farklar” şeiridir. Statistika xatirinə kitab oxuyan deyiləm. Oxuduğum kitabı zövq ala-ala oxumasam, canıma yatmır. Zövq aldığım kitabı isə oxumağa xəsislik edirəm. Çalışıram ki, tez bitməsin.

-Hazırda 5-6 cümləni ard-arda qoşa bilən bir çox insanlar bahalı çap üsulu ilə kitab nəşr etdirir. Bu kitab bolluğunda qorxmursan ki, birdən sənin kitabların diqqət cəlb etməz, özünə oxucu tapa bilməz?!


- Guya o bahalı kitabları oxuyan var ki? Belə bir fobiyam yoxdur. Əgər kitab bazarında müəlliflərin azı 50 min tirajla satıldığını görsəydim, onda bu qorxuya düçar olardım. Çünki kitab çap etdirmək həm də rəqabət deməkdir. Amma indiki halda, qəti belə bir qorxum yoxdur. Kitabım çox ləng satılır, bunun səbəblərini də bilirəm. Mənim oxucularımın böyük bir qismi bölgələrdə yaşayır. Bir ay ərzində bölgələrə az kitab göndərməmişəm. Bunun adı qorxudan çox, təəssüf hissidir. Yazırıqsa, çap etdiririksə, demək ki oxunmağa ehtiyacımız var. Məsələnin bir tərəfi isə bizim hər şeyə statistika kimi baxmağımızdadır. Keyfiyyətə yox, kəmiyyətə meyil edirik. Bir kitabın çox satılması, hələ bir müəllifin çox oxunması demək deyil. Kitab alanların hamısı o kitabı oxumur.


Kitab Sərgisində dini kitabları pulsuz paylayan stend var idi. Bir adam yazmışdı ki, Azərbaycan yazarları ibrət alsın, ay ora gələn uşaqların cibində pul yox idi-zad, Məleykənin göz yaşları. Adam o qədər düşüncəsizdir, anlamır ki, o dini kitabları paylayan adamların arxasında yaxşı “sponsor” dayanır. Dini təbliğat üçün, ideologiya yeritmək üçün. Evimdəki kitabxanamdan 9 dənə dini kitab tapmışdım. Anama gətirib veriblərmiş. Baxdım ki, Adnan Oktardır müəllifləri. Aparıb qoydum zibilliyin yanına. Zibilliyə atmadım ki, kitabdır, kitaba yazığım gəldi. Biz yazarları arxasında isə qoz da yoxdur. Ağlamaq kimi çıxmasın, nisyə kitab çap etdirmişəm, hələ də pulunu verib qurtarmamışam. Niyə pulsuz paylamalıyam? Pulunuz olmayanda, dükanda sizə pulsuz ərzaq verirlər? Niyə “ədəbiyyat-kitab-pul” mövzusunda bu qədər insanpərvərliyiniz tutur? Bizə qalıb kasıblığınız?

-Emin, jurnalist olduğun üçün bu sualı da vermək istəyirəm sənə... Səncə, insanların kitabdan uzaq düşməsinin səbəbkarı nədir? Sosial şəbəkələr, iqtisadi çətinlik, mənəvi aşınma? Nə?


- Bu barədə çox danışılıb, məncə məsələ hamıya aydındır. Azərbaycan insanı real şeylərə pul xərcləməyi sevir. Bir şeyi əldə edəcəksə, təsirini anındaca görmək istəyir. Məsələn, Manaf Ağayevə 10 min manat verir, bilir ki, 6 saatlıq toyu var, Manaf gəlib oxuyacaq, “Uy, uy, uy” eləyəndə kədərlənəcək, “Ay canı yanmış” deyəndə oynayacaq. Pulu verir, alacağını alır. Kitab elə deyil axı?! Kitaba pul ver, bunu al, sonra gətir oxu, sonra oxuduğunu dərk elə, nəticə çıxar və s. Uzun prosesdir. Azərbaycan insanının ayda 5 toya gedib hərəsində 6 saat dürt deyincən yeməyə, oynamağa vaxtı var, amma bir saat kitab oxumağa vaxtı yoxdur.


Sovet dövrümüzü silib görməzdən gəlsək, müstəqil dövlət kimi yeniyik. İnsanın yaşı ilə dövlətlərin yaşı arasında yer ilə Allah arasındakı zaman qədər fərq var. Fərz edin ki, Azərbaycanın dövlət kimi 30, insan yaşı ilə isə hələ 3 yaşı var. 3 yaşında uşaq hələ təzə-təzə dil açmağa, danışmağı öyrənməyə başlayır. 6 yaşında isə artıq yazıb-oxumağı öyrənir. Ümid edək ki, Azərbaycan 6 yaşına olanda, yəni azı 30 il sonra yazıb-oxumaq problemi olmayacaq.


- Bir gənc yazar olaraq kitab çapının ədəbi komissiyaların nəzarətində çapa hazırlanması hansı effekti verər? Lazımsız, mənasız, ideologiyası olmayan kitabların çapının qadağan olması cəmiyyətə nə verər, nə alar?


- Azərbaycan bunu bir dəfə Sovet dövründə yaşayıb. Azərbaycan bu senzuraya Hüseyn Cavidini vermişdi, Mikayıl Müşfiqini vermişdi, Şərifzadəsini vermişdi. Ona görə də mən belə bir nəzarət komissiyasının tamamilə əleyhinəyəm. Aqil Abbas demiş, Allahın bacısı oğlu gəlib oturmayacaq o komissiyada ki, ədalətinə güvənəsən.


- Uğur olsun, Emin!


Əntiqə Rəşid