01 Aprel 2024 14:26
1923
ƏDƏBİYYAT

Ən böyük virus və ya yaxın  gəlməyin! - Tərlanə Yaqubqızı yazır

(Pandemiya dövrünün gülüşü)

Müdir kresloda yayxanıb əyləşir. Telefonla danışır:

- Salam, qardaş. İşlərin necə gedir? Hə, şükür, şükür. Bizdə işlər necə gedir? Eh, necə olacaq? Hamının canını tənbəllik basıb. Əşşi, evdə nə qədər yeyib- yatmaq olardı. Bu pandemiya çıxarana lənət olsun. Amma bəzilərinə yaman sərfəliydi a, öz aramızdı, hökumətdən havayı maaş alıb evdə necə lazımdı dincəlirdilər. İndi hamı işə çıxıb, amma işləmək istəmir. Elə biri katibəm, səhərdən gəlmişəm, qız olan bəndə Allahın bir stəkan çayını da mənə gətirmir. Bir dəqiqə gözlə görüm. (Telefon dəstəyini yerə qoyub o biri telefonun düyməsinə toxunur). Ay qız, Bənövşə , bir stəkan çay gətir, gərək elə mən deyim. Şəhərin tıxacında düz bir saatdı gözləmişəm. Sənə nə var e, metro ilə rahat gedib- gəlirsən. Çayın yanında şirniyyat da qoy. Axı sənə demişəm mədəaltı vəzimdə problem var. Orqanizmim tələb edir. Hə, əsas məsələ yaddan çıxdı. Əllərini yaxşı- yaxşı dezinfeksiya elə. Çayı gətirəndə spirti də yanına qoy, lazım olar.

Yenə o biri dəstəyi götürüb danışır.

- Bağışla, sən Allah, səni də gözlətdim. Katibəmə təlimat verirdim. Nə, nə Nərgiz? Nərgiz  qalar indiyə? Əşşi, atası təqaüdə  çıxan kimi onu da göndərdim kişiyə qulluq etməyə. Bənövşəni deyirəm, zalımın qızı, bəzənib- düzənməkdən başqa heç nə bacarmır. Dayısı yaxın dostumdu. Agız açdı, mən də işə götürdüm, dedi ki, ingilis dilini çırtlayır. Mənə də belə işçi lazım idi, dedim doşab almışam, yəqin bal çıxar. Xaricdən qonaq- zad gələndə heç olmasa mənə tərcüməçilik edər. Eh,  hardandı məndə o bəxt? Bəxtim olsa, müdir olmazdım ki? Bu boyda idarənin yükü çiyinlərimdədir. Elə ki, katibəm işə başladı, gördüm ancaq semiçka çırtlaya bilir. Heç Azərbaycan dilində danışmagı bilmir, o ki, qalmışdı ingiliscə. Bir dənə müdir sözünü bu neçə ayda ona öyrədə bilməmişəm. Elə "mudur, mudur "deyə- deyə qalıb. Sənin işlərin yaxşı olar. Bilirəm, bacıqızı səni yarıdır. Bəs necə, dayının balasıdı da. O boyda Oksfordda oxuyub gəlib. Özüm ölüm, onu öz yanımda işə götürəcəkdim, dedim pis çıxar. Adamın ayagının altını qazıyan çox olur. Deyərlər, idarəni qohum- əqrəbasıyla doldurub. Müavin- baldızım oğlu, baş mühasib-baldızım, təsərrüfat işləri müdiri- qaynım. Xadimələrdən savayı bütün işçilər arvadın yaxın- uzaq qohumlarıdır. Arvadımdan qorxuram? Bəsdi, sən Allah. Bəs eşitməmisən ki, arvaddan qorxmayan Allahdan qorxmaz. Arvadağa özü  kadrlar şöbəsinin müdiridir.Nə isə, yenə  bacıma ərk elədim ki, qızını işə götürə bilmərəm, adıma qohumbaz deyərlər. O da az qalmışdı məndən küssün,  sən dadıma yetişdin.Yaxşı ki katibən özü çıxıb ərə getdi. Allah o qızı xoşbəxt eləsin, vaxtında tərpənib bacıqızıya yol açdı. Əslində o qədər yerə müraciət etmişdi ki, hər gün zəng eləyib işə dəvət edirdilər. Mən biraz tərəddüd etdim, dedim uşagı özgələrin ümidinə qoymayım.Amma sənə deyim ki, bu qədər dostun içində mən təkcə sənə etibar edə bildim,  bilirəm dayının balasını incitməzsən. Yəqin işçiləriniz üçün nəzərdə tutulan binada ilk növbədə ona da ev verərsən . Öz aramızdı, bacıqızının əla çay dəmləməyi də var. Bəs nədi, əsas çay dəmləməkdi, bir katibə ki, çay dəmləməyi bacarmadı,  apar onu qaytar. Uzaga niyə gedim,  əmioğlunun bir katibəsi var, həmişə ona  paket çayları içirdir. Deyirəm, ziyandlı, bunlar çay deyil, süni boyaq qatılmış zəhərdi, başa sal onu sənə əsl dədə- baba qaydası pürrəngi çay dəmləsin. Deyir qızın dırnaqlarına qıymıram, bir dəfə çay dəmləyəndə dırnağını sındırıb, oturub hönkür- hönkür aglaylb ki, mən indi belə vəziyyətdə camaat arasına necə çıxacagam. Əmioğlu da ürəyiyumşaq adam, düzdü əmim öləndə gözündən yaş çıxmamışdı, qayıdıb ki, gözəl, məni də agladacaqsan, sən Allah aglama, ürəyim birtəhər olur, onsuz da ürək xəstəsiyəm, sən çay dəmləməsən də olar, evdə çayı arvad da dəmləyər. Sən makiyajını təzələ, elə əyləş gözümün qabağında, bəsimdi. Bəli, bəli, o da bir dayının balasıdı da, əmioğlu qaragün neyləsin? Hə, mən də bacıma kişi kimi söz vermişəm ki, karyera qurmaqda məndən çox sən ona kömək edəcəksən.  Bu nə sözdü, əlbəttə, əlbəttə, qoy bu katibə çıxıb ərə getsin, hərçənd onu alan tapılacaq bilmirəm, qorxuram bu gedişlə üstümdə qalsın, dərhal sənin bacın qızını işə götürəcəyəm. Yox, yox,  bacıqızının hələ ailə qurmaq fikri yoxdu. Onun planları bitib tükənmir. Hələ doktranturaya daxil olacaq. Əşşi, düzüb- qoşub elmi işinə köməklik edərik də. Bir dənə elmi iş nə olan şeydi ki? Bəs dayı adama nə gündə lazım olur? Başım qarışdı, bu qızdan bir xəbər çıxmadı. Pah atonnan, bir stəkan çay vermək nə böyük iş oldu ki? Hayıf bacıqızıdan, o boyda Oksfordda magistratura oxuyub gəlib, üstəlik də əla çay dəmləyə bilir. Bu hələ bakalavrı qiyabi oxuyur, əlindən çay dəmləmək də gəlmir. Soruşan gərək, ay qız, yekə qızsan, qanacagın, qabiliyyətin olsun, bir saatdır  çay gözləyirəm axı. Bunun taylarına elçi gəlirlər, bunun tay- tuşları şirin çay düzəldib elçilərin qarşısına gətirir. Ay səni elçi üzünə həsrət qalasan, qız. Bir də bunun kimisi elə elçi üzünə həsrət qalsa, yaxşıdı. Yoxsa ərini, qaynana- qaynatanı çərlədib öldürər. Bir stəkan çay nədi ki? Yaxşı ki Oksfordda oxumayıb. Eh, dayısından keçə bilmirəm də. Yoxsa çoxdan işdən çıxarmışdım. Bir dəqiqə gözlə görüm, bu çay necə oldu? (Düyməni basır)Ay qız, Bənövşə, çay necə oldu? Necə,  çay qurtarıb? Bunu vaxtında bil də. İki saatdı ac- susuz işləyirəm, bunu indi deyərlər? Göndər işçilərdən birini təcili çay alıb gəlsin. 

Qardaş, mənim günümə bax da, çay qurtarıb, qızın vecinə də deyil. Amma gör mənim bacıqızım belə hərəkət edər? Agzımda deyirəm Oksfordda oxuyub. O gün  gəlmişdim də idarənizə,  inan fərəhdən ürəyim daga döndü. Bizə bir çay dəstgahı hazırladı , gördün də, heç dənizkənarı bulvarda adama elə çay gətirmirlər. Yanında ag gilas, gilənar mürəbbəsi, mixəkli, zəncəfilli, kəklikotulu, içən deyir bir də içim, vurdun beşə, çıx on beşə, çay nədi, say nədi. Bir dayı kimi bacıqızıyla elə qürurlandım ki. Yəqin özün görmüsən də, otagında şkafın bir gözünü cürəbəcür çaylarla doldurub, nə bilim, qara çay, yaşıl çay, məkkəgülü, melissa. Bir gözündə də bacımın bişirdiyi növbənöv mürəbbələr. Bəh- bəh. Deyir, dayı, müdirimin təzyiqi aşagı olanda qara çay verirəm, yuxarı olanda yaşıl. Dedim, bala, belə katibəsi olan müdirin təzyiqi həmişə normal olar. Heyıf, heyıf, qorxdum adıma qohumbaz deyərlər, o cür katibəni əldən çıxartdım, verdim sənə. Nahara az qalır, hələ bir stəkan çay içə bilməmişəm.Gözlə bir dəqiqə, daha səbrim tükəndi.(Düyməni basır) Otaga gəl!

Katibə içəri daxil olur:

 -Olar, mudur?

Müdir həyəcan içində ucadan çığırır: 

-Mudur, mudur ...Yox, uzaqda dur! Bıy, lap qafiyə oldu ki? Öz aramızdı, boş vaxtım olsaydı, şeirdən, poemadan yazardım. Eh, vaxt var ki, mənim kimi yaradıcı adam bu idarədə çürüyüb gedir.

-Mudur, neynirsiniz  e şeiri, düz- dünya dolub şeir yazanla.

-Yaxşı, mənə agıl öyrətmə.Özü də sənə
 yüz dəfə demişəm ki, içəri girəndə maska tax.

-Niyə, mudur, olmaya Allah eləməmiş xəstələnmisiniz.

- Ay qız, xəstə niyə oluram, qorxuram səndən mənə nəsə keçər.

- Mudur, məndən sizə nə keçər ki, düz üç dəfə peyvənd olunmuşam.

-Birincisi, müdir deyə bilmirsən, Dadaşbala müəllim de, ikincisi, bilmək olmaz, bəlkə heç peyvənd elətdirməmisən, pul ilə saxta arayış almısan. Üçüncüsü, metroyla gedib- gəlirsən, bilmək olmaz, özünlə nə viruslar gətirirsən idarəyə.

- Mudur, xətrimə dəyirsiniz. Maaşımı artırın, özümə maşın alım. Mənim o biri katibələrdən nəyim əskikdi?  Dərdim təzələndi, indi aglayacagam.

- Sən Allah, aglayıb eləmə. Mənim səni sakitləşdirməyə vaxtım yoxdu. Səhərdən idarənin mühüm işlərini həll edirəm. Nə oldu, çay aldırmadın?

- Mudur, kimi göndərim çay almağa?

- Necə kimi, bu boyda idarədə adam yoxdu bəyəm?

- Təkcə Xeyransa xala gəlib. O da otaqları təmizləyir. Xlorun iyindən başım çatlayır. Üst- başıma da hopub. 

- Yaxşı ki Xeyransa xanım öz işinin öhdəsindən layiqincə gəlir. Eybi yox, qoy xlordan başımız çatlasın, amma virusdan canımız xəstə düşməsin. Mən özüm tapşırmışam hər yeri xlorlasın. O biri işçilər necə olub?

- Qohumlarınızı nəzərdə tutursunuz?

- Ay qız, ikibaşlı danışma, burda hamı mənim işçim sayılır, qohumluq evdə olur. Bura ciddi müəssisədir.
Demaqoqluq heç kəsə başıucalıq gətirmir. Başını aşagl sal, çayını dəmlə.

- Mudur, dedim axı çay qurtarıb, bəlkə gedim özüm alım, vallah xlorun iyindən başım agrıyır. Bir az hava da alaram.

- Day çarəm nədi, get, amma ikiqat maska tax, əlcək geyin, özünlə dezinfeksiya məhlulu apar, nəbadə marketin girişində qoyulandan istifadə edəsən, nə bilirsən ona neçə xəstənin əli dəyir.

- Dadaşbalai müəllim, başım üstə. Mən getdim.

 Müdir onun arxasınca:

- Sənin yox, elə mən Dadaşbalanın başına yekə bir daş düşəydi səni bura işə götürən yerdə. 
 Telefonu götürüb danışır:

- Qardaş, səni lap yadımdan çıxarmışdım. Hə, harda qalmışdıq? Müdir olalı mən bu işçilərdən yarımadlm da. Haqlısan, arvad kadrlar şöbəsinin müdiri olanda day belə olacaq da. Neyləyim, qardaş, evimə dava salım, bu yaşımda arvaddan boşanım? Gün yarı olub, hələ idarənin qapısını bir köpəkoğlu açmayıb.Dərdim böyükdü, işləyən yoxdu, amma iki gündən bir gəlib mənimlə dərəcə davası aparırlar. Demə, demə, imkan da vermirlər kənardan bir işçi götürüm, işləri ona gördürüm. Əslinə baxsan, universiteti fərqlənmə diplomu ilə bitirən bir neçə məzunu işə götürmüşdüm. Amma axıradək işləyə bilmədilər. Əşşi, təqsir özlərində oldu. Baldızım tik- tokda canlı yayım açıbmış. Bu təzə işçi də gəlib özünü salıb ortalığa, guya nəsə işlə bağlı soruşurmuş. Baldızıma  bu hərəkət elə təsir edib ki, təcili onu işdən qovmalı oldum. Adama deyərlər sən niyə ətrafdakılara mane olursan, sənə tapşırılan işi yerinə yetir də. Amma bu tiktok da adamın vaxtını yaman alır ha, tərgidə bilmirəm baldızıma. Biri də vardı, qohumlarıma imkan vermirdi pıçıldaşmağa, gəlib söhbətlərinə müdaxilə edirdi.  Göndərdim getdi. Bəs nədi, qohumların xətrinə dəyə bilməzdim.Hə, bir işçi də vardı, cavan qız, adamın üstündə Allah var, çox savadlı idi, amma qanacağı, mərifəti  sıfır. Bunun toyu olacaqmış, kollektivə dəvətnamə paylayıb, ən axırda da gəlib mənim kabinetimə katibəyə də gənəşmədən özünü salıb içəri ki, Dadaşbala müəllim, buyurun dəvətnamə, filan gün mənim filan şadlıq sarayında toyumdu, gəlib ağsaqqallıq edərsiniz. İnan, toyda yeməyə ehtiyac qalmadı, nə yemisən turşulu aş, qıza elə toy tutdum ki, əsl toy yanında yalan oldu.  Ay qardaş, nə böyük qalıb, nə kiçik. Belə şey olar? Əmrini verdim getdi. Onsuz da mənə gündə icazə istəyən işçi lazım deyildi. Bir gün gəlib deyirdi ki, elçi gəlirlər, bir gün nişandı, bir gün xınayaxdıdı. Özü də xeyri verir özgəyə. Bilir ki, xala qızı təzəlikcə xınayaxdı şirkəti açıb, onu qoyub gedib rəqqasə Fatiməni axtarıb tapıb. Heç olmasa mənə görə hörmət elə, nə isə Allahdan Fatimənin də başı qarışıb Naziləylə davaya, qırğın- mərəkə içində xınayaxdını yola verib. Nə isə, bəhanə elədim ki, sabah uşaq olacaq, uşaq xəstələnəcək, bu gəlib məndən icazə istəyəcək, bütün bu amilləri nəzərə alıb onu ixtisara saldım.  Bəs necə, hər bir idarə rəhbəri kadr siyasətini düzgün aparmalıdır. Məsələn, tutaq ki, idarəmizə iki nəfər  müraciət edib məndən iş istəyir. Baxıram, görürəm hansı birisi bizim idarə üçün yararlıdı. Necə dedin? Başına at təpib nədi? Niyə görə mən ixtisaslı kadrı işə götürüm ki, sonradan başımı agrıtsın. Bəli, mən işimi bilən adamam. Gəlib boş, mənasız ideyalarla baş- beynimi aparacaqlar, dünən parta arxasından gəlib mənə dərs keçəcəklər. İstəmirəm də, qardaş, Dadaşbalanın ölən günü olar ki, tabeliyində olan işçi gəlib ona yol göstərsin. Ona görə bəri başdan mən özüm onlara yol göstərirəm ki, avtoritetdən düşməyim. Qeyri ixtisaslını işə götürəndə həm savab qazanıram, həm də yeri gələndə onların qabırğasına döşəyə bilirəm. Qabırga dedim, qabırğa kababı yadıma düşdü. Nahara da az qalıb. Bu qız harda qaldı, dayan bir. Deyəsən, gəlib artıq. Burnuma çay ətri gəlir. (Düyməni basır)Ay qız, çay necə oldu?

Katibə gəlir, əynində yeni kofta var. Yaxınlaşmaq istəyir. Müdir qışqırır:

- Ay qız, yaxın gəlmə. Yüz dəfə demişəm məsafə gözlə.

- Mudur, yaxın gəlmirəm. Vallah, görün sizdən nə qədər uzaq məsafədə dayanmışam. 

- Bir dənə çay almaq nə çətin imiş. Neçə saatdı harsa qalmısan?

-Eh, ay mudur, elə ki, idarədən çıxdım, gördüm hava bir gözəldi, bir gözəldi, dedim biraz gəzim özümçün. Gəzə- gəzə gəldim çıxdım mola. Dedim bir görüm təzə nə var, nə yox . Bir də gördüm bu koftanı satırlar, bir gözəldi, bir gözəldi. Tez alıb gəldim idarəyə. Geyinib bir xeyli güzgüdə özümə tamaşa elədim. Dedim baxasınız mənə necə yaraşır. 

- Ay qız, mən səninçün Samirədi, Samiraldodı, nədi ,ondanam ki, məndən stil soruşursan?

- Mudur, mən belə kobud münasibətə alışmamışam. Koftanı da kefimdən almamışam. Bayaq dedim axı üst- başımdan xlor iyi gəlirdi.  Xahiş edirəm, məni aglatmayasınız. 

- Bıy, mən sənə nə dedim ki, aglayasan. Sən Allah, bircə ağlaşmamız əskikdi. Aglaya- aglaya başımı yeyəcəksən. Ay da, baş dedim yadıma xaş düşdü. Dayın qış girəndən mənə xaş qonaqlığı söz verib, qış qurtarır, hələ xaşdan xəbər yoxdu.

- Mudur, istəyirsiniz zəng edim daydayın yadına salım.

- Ay qız, xaşdan vacib işlərimiz var idarədə. Məni əsəbləşdirmə. Taqsır səndə deyil, sən axı Oksfordda təhsil almamısan.

- Mudur, Oksfordun bura nə dəxli? Mənə bircə dəfə "mübarəksən" də demədiniz.

- Ay qız, yaxşı, çox mübarək, can saglığı ilə geyinəsən, bəlkə bir koftanı yuyaq da.

- Niyə yuyuruq, birinci dəfədir geyinirəm. Hə, başa düşdüm, siz axı hər şeyə qarşı vasvasısınız. 

- Əlbəttə, bəxtəvər başıma, sən mən agzımı açan kimi hər şeyi başa düşürsən. Hardasan, ay bacıqızı!

- Bacınız qızı da burda işləyir? Mən bilmirdim, çagırım gəlsin?

- Ay qız, kaş elə bacım qızı burda işləyəydi. Eh, arvada nə deyim, öz qohum- əqrabasından imkan olmadı ki, dayılıq vəzifəmi icra edə bilim. Nə isə, get çay gətir.

Katibə gedir, az müddətdə təlaşla geri qayıdır:

- Evimiz yıxıldı, evimiz yıxıldı.

- Nə olub, iraq olsun zəlzələ baş verib?

- Mudur, bu xəbəri sizə necə deyəcəyimu bilmirəm. Zəlzələ olsa, nə vardı ki?

- Ay qız, mənim əsəblərimlə oynama. De görək nə baş verib?

- Mudur,  söz verin ki, əsəbləşməyəcəksiniz, əslində elə böyük faciə də baş verməyib, sadəcə bayaq çay almaq yadımdan çıxıb.

- Mən səni kofta almaga göndərmişdim, yoxsa çay almaga?  Hardasan, ay bacıqızı!

- Bir də çayı neynirsiniz ki, əsəbiləşmisiniz deyəsən, qorxuram təzyiqiniz qalxar. Onsuz da rənginiz xoşuma gəlmir.

- Mənim rəngim sənin xoşuna gəlmir, sənin özün  mənim xoşuma gəlmirsən. Yalandan dedilər ingilis dilini bilirsən, sən heç adam dilini də bilmirsənmiş ki.

- Adam səhv edə- edə öyrənir, ay mudur. Sizdən üzr istəyirəm.Bu saat qaçıb çay alaram.

- Sən canın, qaça-qaça getmə, iyirmi santimetrlik dikdabanla necə qaçacaqsan, yıxılıb ayağını- zadı sındırarsan,  qalarıq xatada, gəl dayına cavab ver də sonra. Asta- asta get, idarəyə yaxın marketdən al. Day mola, butikə, dükan- bazara baş çəkmə.

- Nə danışırsınız, heç elə şey olar? 

- Day get də, dilim agzımda yandı ki.

Telefonla arvadına zəng vurur.

- Əzizim, salam, nə iş görürsən? Bugün işə gəlməyəcəksən? Hə, özün- özünə istirahət vermisən? Qadası, öz aramızdı, əslində səninçün iş elə istirahətdi də. Çay içirsən?  Bəxtəvər başına. Mənim burada çay üçun ciyərim yanır. Bəlkə sürücü ilə mənə bir termos çay göndərəsən. Necə, çayxanaya gedim? Yox, əzizim, mən elə müdirlərdən deyiləm ki, idarəmi başlı- başına qoyub kənara çıxım. Bu boynubükük Bənövşəni göndərmişəm çay alsın, gedib özünə kofta alıb. Nə isə,  mən katibələrdən yarımadım da. Bacımla küsülü qalmagın mənim üçün problemə səbəb oldu. Oksfordda oxumuş gül kimi Roza hara, boynuqırılmış Bənövşə hara. Yaxşı, hirslənmə, sən deyən olsun. Evdə danışarıq.

Katibə gəlir.

- Dadaşbala müəllim, çay aldım, dəmləyim?

Müdir qeyzlənir:

- Yox, gözlə hələ.Bəs bayaqdan mən səndən nə istəyirdim?

- Dedim, bir məsləhət edim sizinlə, həmişə  demirsiniz ki, məsləhətli don gen olar.

- Sənə məsləhət, get mənə qəşəng xoruzquyruğu bir çay dəmlə, gətir.

- Mudur, xoruzun quyruğunu mən indi hardan tapım?

- Lənət sənə kor şeytan, quyruqsuz- zadsız bir stəkan çay gətir, bəsdi.

Katibə gedir.

Müdir telefonu götürüb danışır:

- Əmioğlu, salam, haralardasan, səsin- səmirin niyə çıxmır? İşlərin necə gedir? Katibən sənə yenə paket çaylarl içirdir, vay- vay. Sənə demişəm onlar tamam zəhərdirr axı. Necə, hə, yaxşısını sən edirsən. Katibəni qoluna vurub nahara çıxırsan demək. Yox, mən elə iş tuta bilmərəm. Adım var, sanım var. Bu boyda müəssisənin müdiriyəm. Biz burda taleyüklü məsələr həll edirik. Bəs necə, xalqın xidmətində  dayanmaq lazımdır. Biz bu xalqın çörəyini yeyirik, gör xalq bizi necə vəzifələrə gətirib çıxarıb. Biz mövqeyimizdən sui- istifadə edə bilmərik. Yaxşı, işində ol, iş vaxtının bitməsinə də az qalıb. Arada vaxt tap, görüşək.

Katibə boynu əyilmiş vəziyyətdə daxil olur.

- Yaxın gəlmə. Çay hanı?

- Sizə xoş olmayan bir xəbər verəcəyəm.

- Sən boynu buruq içəri girəndə mən artıq bildim ki, nəsə olub.

- Heç bilmirəm, necə oldu, çayı qoydum dəmləməyə, başım tiktoka necə qarışdısa, çay qaynayıb.

Əgər gözləyirsinizsə, təzədən dəmləyə bilərəm. Ya da çaynikə ikicə dənə qənd ataram, məsələ həll olar. Rəhmətlik nənəmdən öyrənmişəm.

- Allah rəhmət eləsin, sənin nənən də deyəsən çayı həmişə qaynadan arvadlardan  olub. Day elə nənənin nəvəsi bundan artıq olmayacaq ki.

Nənəndən başqa yaxşı şeylər  öyrənərdin də barı.

- Mən təhsimi Oksfordda almamışam, bağışlayın.

- Ay qız, çay dəmləməyi bilmək üçün Oksfordda oxumaq lazımdı?

- Neyləyim, hər addımbaşı Oksfordun adını
çəkirsiniz. Bakalavrı bitirən kimi dayıma deyəcəyəm məni magistr təhsili üçün ora göndərsin.

- Sən Oksforda getsən, Oksford hara gedər? Nə isə, mənə bir stəkan su ver, çıx get evə.

- Eh, bunu bayaqdan deyin də. Mən bugün sizə görə bütün şəhəri ayaqdan saldım.

- Daha de ki, şəhərin bütün virusunu idarəyə gətirmisən də. Get əllərini də, stəkan- nəlbəkini də dezinfeksiya elə.

- Bir az da səbr edin, sizə əla bir çay dəmləyib gətirəcəyəm.

- Əla olmasa da olar,  babat bir çay ver, bəsdi.

Katibə gedir. Müdir öz- özünə gileylənir: 

- Eh, ay arvad, sənə nə deyim? Bir tərəfdən  fikirləşirəm ki, bu Bənövşə də bir dayının balasıdı, inşaat üzrə təhsil alır, bu cür qızın başına kaska qoyub tikinti meydanında gəzməyi düzgün olmaz, həm də bunun tikdirdiyi binalar da dəmlədiyi çay kimi olar. Belələri elə idarələrdə gün keçirib havayı maaş alsalar, dövlətə, xalqa daha çox xeyir verərlər.

Nə isə, görək başımıza nə iş gəlir. Mən çay içməsəm, işləyə bilmirəm ki.

Bu an katibə yenə içəri girir:

- Dadaşbala müəllim, qonagınız var.

- Qoy gəlsin, yox, ya da gəlməsin, onu başdan- ayağa spirtlə, sonra içəri gəlsin.

Bu vaxt əlində qovluq rəsmi şəxs içəri daxil olur.

- Mən burda çox gözləməliyəm? İşimiz- gücümüz var.

Müdir qışqırır: 

- Yaxın gəlmə deyirəm sənə!

- Baş idarədən gəlirəm, tanımadınız? Kollegiyanın iclasında siz vəzifədən azad edildiniz.

Müdirin rəngi agarır, özü yaxına gəlib rəsmi adama yaltaqlanır:

- Buyurun, keçin, gözüm üstə yeriniz var, bağışlayın, sizi tanımadım. Axı nə səbəbə işdən çıxarılmışam?

Rəsmi şəxs qəzəblənir:

- İndi də siz yaxın gəlməyin. Ən böyük virus elə siz özünüzsünüz! Sizin kimilər onsuz da xalqdan uzaq gəzirlər, pandemiya da əlinizə bəhanə  kimi düşüb. İşdən çıxarılma səbəbinə gəlincə, özünüz hamıdan yaxşı bilirsiniz.

Müdir kresloya çökür. Katibə təlaşla rəsmi şəxsin üzünə baxır. Rəsmi şəxs:

- Xanım, təcili yardıma zəng vurun.

Az keçmədən təcili yardım gəlir. Həkim:

- Xəstə kimdir?

Müdir zarıyır:

- Yaxın gəlməyi, yaxın gəlməyin...

Həkim:

-Bu nə deməkdir? Necə yəni yaxın gəlməyim? Söhbət sizin can saglığınızdan gedir.

Müdir: 

- Vəzifə əldən gedəndən sonra mənə can saglığı da lazım deyil. Dedim ki, yaxın gəlməyin. (Kresloda gözlərini yumur).