adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 15:35
1411
MƏDƏNİYYƏT

Arif Əsədullayevin 75 illik yubileyinə həsr olunmuş “Konfrans- konsert” keçirildi - FOTOLAR

Ü.Hacıbəyli adına BMA-nın kiçik zalında elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə 9 aprel 2024-cü il tarixində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin 75 illik yubileyinə həsr olunmuş “Konfrans- konsert” keçirildi. 

Konfransda Arif Əsədullayevin bərpa edib, ilk dəfə nota aldığı “Kərəmi zərbli muğam” və elmi-tədqiqat laboratoriyasının bir qrup əməkdaşları A.Əsədullayev,Z.İsayev, S.İsayeva, M.Əsədullayeva ilə birlikdə yazdığı“Azərbaycan milli çalğı aləti kamança konsrtuktiv xüsusiyyətləri və akustik xarakteristikaları” adlı kitablarının təqdimatı keçirildi. Konfransı giriş sözü ilə Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açdı.

N.İsmayılzadə Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycanxalq artisti, professor  Fərhad Bədəlbəylinin yubilyara göndərdiyi təbriki oxudu. 

Daha sonra Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıçılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən, zəngin ifaçılıq təcrübəsindən,Əsədullayevlər ailəsinin Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından danışdı. 

Uzun illərdir zəngin muğam xəzinəsinin tədqiqi, tədrisi və nota yazılması sahəsində fəaliyyət göstərən A.Əsədullayevin bu aspektdə 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Azərbaycanın klassik 7 instrumental muğamını –Çahargah, Humayun, Rast, Bayatı-Şiraz, Zabul segah, Şur və Şüştər muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota almış, daha sonra isə qalan muğamları – Mahur hindi, Orta Mahur, Bayatı Qacar, Bayatı-Kürd, Vilayəti-Dilkəş, Şahnaz, Qatar, Rahab, Dügah, Dəşti, Şüştər, Xaric segah instrumental muğamlarını “Azərbaycanın klassik 12 instrumental muğamı” məcmuəsi şəklində geniş ictimaiyyətə təqdim edərək, muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi dəyişikliklərə məruz qalmadan çatdırılmasında əvəzsiz elmi mənbədir. Arif Əsədullayevin nota aldığı bu muğamların müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox lazımlı tədris vəsaitidir.   

Arif Əsədullayevin bərpa edib, nota aldığı “Kərəmi zərbli muğamı” adına məşhur tarçalan Mirza Fərəcin XIX əsrdə tərtib etdiyi cədvəldə rast gəlirik.  Onu da qeyd etmək istəyirəm ki, aşıq havası “Kərəmi”nin yaranma tarixinin daha da qədim dövrlərə gedib çıxdığını və bu havanın yaradıcısının XIII əsrdə yaşamış Aşıq Kərəm olduğunu görürük. Aşıq Kərəmin əsl adı Mahmud olmuşdur. Onun bağladığı “Əsli və Kərəm” dastanı o qədər dillər əzbəri olur ki, aşığın əsl adı unudularaq Aşıq Kərəm kimi məşhurlaşmağa başlayır.

A.Əsədullayevin nota aldığı “Kərəmi zərbli muğam”ının səs yazısı ixtisasca musiqiçi olmayan, ancaq muğamı dərindən bilən həkim Akif Cahangiroğlundan əldə olunmuşdur. XX əsrin əvvəllərində 1912-ci ildə Məcid Behbudovun və Cabbar Qaryağdıoğlunun Əkbər Xumuş oğlu ilə birlikdə dəyişmə şəklində ifa olunmuş(qrammafon valında) səs yazısıdır. “Kərəmi zərbli muğam”ı Bayatı Qacar səs sırasında Dügah muğamının motivlərinə əsaslanaraq ifa olunur. “Kərəmi zərbli muğam”ının ifa prinsiplərini, texniki xüsusiyyətlərini mükəmməl bilən A.Əsədullayein hazırladığı bu not nümunəsi təqdirəlayiqdir. O metodik vəsaitdə qeyd edir ki, Azərbaycanın görkəmli bəstəkarı M.Maqomayev “Şah İsmayıl” operasında “Kərəmi” zərbli muğamından istifadə etmişdir. Ərəb zənginin mövzusu məhz “Kərəmi” zərbli muğamın həm ritmi, həm də metodik xüsusiyyətlərinə istinad edərək bəstələnmişdir. “Kərəmi” zərbli muğamı irfani xüsusiyyətlərinə görə, başqa zərbli muğamın həm fəlsəfi, həm də psixoloji təsir gücünü nəzərə alaraq, bu zərbli muğamdan istifadə etmişdir. 

Konftansda təqdim olunan “Azərbaycan milli çalğı aləti kamança konstruktiv xüsusiyyətləri və akustik xarakteristikaları” adlı məcmuə Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən hazırlanmışdır. Kitabda kamançanın bəzi konstruktiv və ifaçılıq xüsusiyyətləri, habelə akustik (amplitud-tezlik) xarakteristikaları haqqında məlumatlar verilmişdir. Məlum olduğu kimi dünya üçün yeni olmayan musiqi akustikası elmi Azərbaycanda 2007-ci ildən başlayaraq, Ü,Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fələfə elmləri doktoru, professor G.A.Abdullazadə tərəfindən öyrənilməyə başlamışdır. Hal-hazırda da elmi-tədqiqat laboratoriyasında milli musiqi alətlərimiz olan tarın və kamançanın səs dalğalarının spektral analizi aparılır və bu analizlər vasitəsilə səs tembrini əmələ gətirən tezlik komponentləri müəyyənləşdirilir, səs dalğalarının amplitud-tezlik xarakteristikaları (ATX) təyin olunur. Bütün bu işlərin həyata keçirilməsində elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayevin əvəzsiz rolu vardır. 

Konfrans-konsertdə məruzə ilə Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elimləri doktoru Abbasqulu  Nəcəfzadə, Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov, elmi-tədqiqat laboratoriyasını aparıçı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina  Əliyeva, əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudov, elmi-tədqiqat laboratoriyasının böyük  elmi işçisi  Zeynal  İsayev, “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Dilbər Məmmədova, Azərbaycan Milli Konservatoriyasının professoru, əməkdar incəsənət xadimi Məmmədağa Kərimov, elmi-tədqiqat laboratoriyasının aparıçı elmi işçisi, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Rüfət Ramazanov, elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin işçisi Təranə Əliyeva çıxış etdilər.  

Konfransda iştirak edən tanınmış musiqiçilər, alimlərlə yanaşı Arif Əsədullayevin ömür gün yoldaşı respublikanın xalq artisti, professor Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayeva da iştirak edirdi. Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elmi metodiki şurasının təsdiq etdiyiA.Əsədullayevin müəllifi olduğu instrumental dərs vəsaitlərinin redaktoru Şəfiqə Eyvazovadır.  

Konfransın sonunda əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev BMA-nın rəhbərliyinə, gələn qonaqlara və konfrans iştirakçılarına öz xüsusi minnətdarlığını bildirdi. 

Konfrans konsertdə musiqi nömrələri ilə x.ç.a. üçlüyükamançada Mehri Əsədullayeva, tarda Elşən Tahirov, nağarada Qurban Abbasov “Kərəmi Zərbli muğam”ını, Ü.Hacıbəyli adına BMA-nın II kurs təlıbəsi Elvin Salmanov saksafonda “Çahargah” muğamından bir parçaifa etdilər.

Bu gün 75 yaşını qeyd edən yubilyarımızın ömür səhifəsini varaqladıqca ömrünün əlli ildən çox hissəsini kamança sənətinin təbliğinə və pedaqoji fəaliyyətə sərf etdiyini görürük. Ürəyi Vətən üçün döyünən sənətkarımızın muğamşünaslıqda apardığı islahatlar və reformalar Azərbaycan elminin, həm də ifaçılıq sənətimizin inkişafına böyük töhvədir.   

Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi N.Bayramova