14 May 2024 20:49
1871
ƏDƏBİYYAT

Mənə unutmaq öyrət… - Pərvanə Bayramqızı yazır

Hansı dərd olsa şairi, şair də dərd üçün hansı ifadə olsa, tapır. 

Dərd də cürbəcür olur, ölüm də. Dərdin də gözəli var, ölümün də. 

Sevib dərd çəkməmisiniz? Ölə-ölə unudub, unuda-unuda ölməmisiniz? Unutmaq vurulmaq qədər asan deyil, bilirsiniz. Bu çabaya aylarını sərf etsən qalibsən, burda illərə məğlub olmaq var. 

Hərə bir cür unudur. Gözündən vurulanların unutmaq cəhdi çətin deyil. Narahatlıqları gözləri yeni gözəllik görənədək çəkir. Zülüm ürəkdən vurulanlarındır.  Belələri sevdiyini unutmağa çalışsa da, əslində, özlərini unudurlar. Həyatlarındakı düzənlərini pozurlar. Onlara elə gəlir, fəsillər yerini dəyişib. Günəş əbədilik batıb. Yerin altı üstünə qalxıb. Sular tərsinə axır. Cabir Novruzun unutmaq üsulunu illərdir sınaqdan keçiririk. Otağımızda gizlənir, röyalara meyil edirik ki, bəlkə, yadımızdan çıxa. Şair başını qatıb özünü ovutmaq üçün meynələrə su verir, divara mıx vururdu. (Görünür, başqa vaxtlar bu işləri görmürmüş, ürəyini sakitləşdirmək üçün əvvəllər etmədiklərini etmək  məcburiyyətində qalıb) Ondan çox illər sonra unutmaq üçün dəridən-qabıqdan çıxan Elçin Məmmədovun əzabları göstərir ki, ürəyin ərköyününü yola vermək heç bir zamanda asan olmayıb. Texnika əsrində də ürək öz işindədir: sevir, darıxır, ayrılır, xiffət edir. Ürəkdəki sevgi sosial şəbəkədəki tanışlıq deyil ki, “blok” edəsən hər şey bitə. Eşqinə baş əyən,  könlünü poeziyaya çevirən, texniki inkişafın dəyişkənliyinə əsir olmayıb, zərif duyğularını, xoş hisslərini qoruyan şair unutmağa əlindən başlayır: 

Öz əlimlə tuturam öz əlimi arxadan,
Yaman üzə düşmüşəm, üzümü aldadıram.

Çünki ürək sevəndə ona birinci əllər qoşulur. Ardınca ayaqlar onun olduğu yerə aparır səni. Adamı "işə salan" ürəksə hərəkətə gətirdiklərinin hərəkətlərini izləyir: gah məmnun qalır, gah da kədərlənir. Unutmaq adamın bir zaman sahibinə "arxasınca get" deyən qəlbinə meydan oxumasıdır: – “Sən deyildin məni oda salan? İndi bacarırsansa, unut”.

Ayağımı sən keçən küçələrə qoymuram,
Min oyundan çıxıram, izimi aldadıram.

Aldadır... elə bilir, qəlbinə hökmü çatacaq. Gücsüzlüyünü duyub etiraf etməsi uzun çəkmir. Bir neçə məqamdan sonra duyduğunu dilə gətirir:

“Belə unutmaq olmur”.
Çətindir… 
Ürəyin getdiyi yerdən ayaqları güclə yığmaq insanın özünə verdiyi işgəncədir. 
Hər iki şairin unutmaq cəhdində eyniyyət var: təzədən sevmək həvəsinə düşmək… 
Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,
Mələklərlə "görüşürəm" səni unutmaqdan ötrü...

Yeni sevda ilə könlünü ovutmağa Qulu Ağsəs, deyəsən, mental prinsiplərə söykənərək haqq qazandırır: 

“Keçər günahımdan 
Allah da mənim,
Kişi deyiləmmi?
Nə olub mənə?” 
Allahın işinə qarışmayaq, görək əməlimizi özümüz özümüzə bağışlaya bilirikmi? 

Bu yanda şair vurnuxur:

"Hamıda sən gəzirəm, hamıda sən tapıram, 
Başımı aldadıram, gözümü aldadıram".

Əgər ardından:

"Öz başımı özümün dizlərimə qoyuram,
dizimi aldadıram" ağrısını yaşamasaydı, bizə elə gələrdi, burda da gender bərabərsizliyinin verdiyi üstünlükdən arxayınlıq yaranıb.
Öz başını öz dizlərinin üstünə qoymaq, sizcə asandır?
Hər yeri aldada bilərik ürəkdən başqa. O Allahın bəlasının başını yozmaq olmur. Bilir nə istəyir, kimi istəyir.
Amma "Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü" misrasından aydın olur ki, yalandan eşqə düşmək, özünü aldatmaq unutmağın müalicəsi deyil bu yalnız müvəqqəti ağrıkəsicidir. O da kəsə bilsə...
Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,
Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?
Birinə görə artıq bütün variantlar bitib...
Elçin Məmmədovsa israrlıdır: unutmağa yox, unutmamağa. Yoxsa unutmaq istədiyini niyə çağırsın ki:
“Barı gündə bir dəfə gəlib yolunu  göstər.
Belə unutmaq olmur”.
Yenə O. Yenə "qayıt" söyləmək. "Kainatı kimin sahmana sala biləcəyi" bəllidir. 
“Qayıt sağımı göstər, qayıt solumu göstər”.
İllər ötüb ədəbi meyarlar yenilənib, amma sevmək, tarmar olmaq, unutmaq, qaytarmaq arzusu olduğu kimi qalıb.
Bəzən ümidin özü də ümidsiz olur, güman da heç nə güman etmir.
Onlar da heç nəyə söz verə bilmirlər. "Hər şey yaxşı olacaq" xəyalpərəstlərin sözüdür. 
“Sənsizlik pisdi səndən...”

Şair haqlıdır. Sənə dözməyə nə var, heç olmasa arada dalaşıb sakitləşmək olur. Sənsizliksə dinmir, hay vermir. Adamın bağrı çatlayır.

Axırda hər şeydən əlimiz üzülür:

Öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü,
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü...

Görəsən, mən də nə vaxtsa unutmaqdan ötrü qeybətcil qadınlara qoşulub qeybət edəcəm? Xörək bişirməkdən, qab yumaqdan danışacam? Görəsən, bircə anlıq yaddan çıxarmaq üçün çox danışdığına görə görəndə qaçıb gizləndiyim qadınla saatlarla çənə döyəcəm? 

Camaat burda unutmağın reseptini axtardığı yerdə İlham Qəhrəman qətiyyətlə söyləyir:

Məhbusun illər sonra
unutmadığı təkadamlıq
məhbəs kimi,
Şimşəkdən sonra
ağlımıza gələn səs kimi
Səni unutmaq olmur.
Deyəsən, bu da haqlıdır. Unutmaq istəyirsən, zəng edir. 
Unut görüm necə unudursan.
Oxuyanlardan soruşuram: “Unutmaqmı asan, atmaqmı asan?” (Musa Yaqub)
Mən sənin könlündə həyat ağacı –
Özün də bilmədən ürək qanınla,
Bütün vücudunla, bütün canınla
Onu ömrün boyu yaşadacaqsan,
Unutmaqmı asan, atmaqımı asan?

Son qərar:

Eh, unutmaq olsa nə var ki, gülüm,
Dərd də unutmağı bacarmamaqdı.
Ağrıdan xilas ola bilmədiyimiz məqamda bir yandan da Çiçək Mahmudqızı kömək istəyir:
“Mən sevməyi bilirəm mənə unutmaq öyrət”.