08 Iyul 2024 09:13
404
SİYASƏT

“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

Avropada ermənipərəst Jozep Borrelin timsalında TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiyanın heç bir əsası yoxdur. Bu reaksiya Qərbdə Türk dünyasındakı həmrəyliyin qıcıq doğurduğunu bir daha təsdiqlədi. Halbuki bu təşkilat sırf əməkdaşlıq platformasıdır və burada qəbul olunan qərarlar yalnız sülhə, inkişafa, tərəqqiyə xidmət edir. Məsələ burasındadır ki, Şuşada keçirilən toplantıda Türk Dövlətləri Təşkilatının Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir platforma olduğu xüsusi vurğulandı.  Yəni, TDT-nin fəaliyyətindən narahat olanlar xaos, anarxiya, eksalasiya tərəfdarı olanlardır.

Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşünə gəlincə, bu toplantı Türk dünyasının əsas lokamativi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirdi. Şuşa zirvəsi Azərbaycanın Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə növbəti mərhələ kimi tarixə düşdü.

Türk dünyasının mədəniyyət paytaxtından verilən mesajlardan aydın oldu ki, təşkilata üzv ölkələr TDT-ni dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün dəyərləndirməlidirlər.

Azərbaycanın katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürməsi nəzərdə tutulan hədəflərin reallaşdırılmasına təkan olacaq. 

“Qarabağ Bəyannaməsi” ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi  müəyyənləşdi. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ bəyannaməsinin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək. 

Zirvə görüşündə də qeyd olunduğu kimi, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran əsas prioritet məsələlərdən biridir. Üzv ölkələr Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialından istifadə olunmasının tərəfdarıdır. Təsadüfi deyil ki, Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Eyni zamanda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməkdədir.

Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulması da əsas hədəflərdən biridir. 

Bir sözlə, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısı önəmli müzakirələr, vacib qərarlarla yadda qaldı. Toplantının sonunda imzalanan Qarabağ

Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Könül Nurullayeva,

Milli Məclisin deputatı