18 Oktyabr 2024 13:22
103
ƏDƏBİYYAT

Şinyon - Tərlanə Yaqubqızından HEKAYƏ

Özünü təlaş içərisində həkimin kabinetinə saldı. Azacıq nəfəsini dərib anasının vəziyyətini soruşdu.Həkim elə bil onun acığına qəsdən ağır- ağır danışmağa başladı:
   

- Biz əlimizdən gələni etdik. Qaldı Allahın məsləhətinə və xəstənin öz səyinə.
   

Aygünü elə bil ildırım vurdu. Aylardan bəri çəkdiyi əzabların acığını həkimin üstünə tökdü:
   

- Sizin üçün danışmaq asandır bəlkə. Amma sizin xəstə dediyiniz adam mənim anamdır. Mən sizə etibar edib onu buraya gətirmişəm. Yoxsa onu Türkiyəyə, İrana aparmaq mənim üçün çətin məsələ deyil.
   

Həkim üzünə sillə kimi dəyən sözlərdən diksindi. Amma Aygünə nədənsə elə gəldi ki, o, bu sözlərə artıq vərdiş edib, sadəcə özünü elə göstərir.
 

Aygün hiss edirdi ki, son vaxtlar əsəbləri əməlli- başlı pozulub. Heç gecələr də rahat yuxuya gedə bilmir. Artıq iş yerini dəyişmək barədə də düşünürdü. Çünki iş yeri yaşadığı ərazidən xeyli uzaq idi, anasına yaxın olmaq üçün imtahan verib yaxınlıqdakı məktəbdə işə düzəlmək pis olmazdı. Yaxın rəfiqəsi olan Nərmin ona öz sağlamlığının qayğısına qalmağı məsləhət görsə də hər dəfə etiraz edirdi." Anam sağalıb ayağa qalxsın, sonra özüm barədə fikirləşərəm".  Ana isə nəinki sağalır, gün- gündən  geri gedirdi. Heç vaxt ağlına gəlməzdi ki, anası xərçəng xəstəliyinə düçar olar. Allah belə ədalətsizliyə yol verməməliydi. Axı atası xərçəngdən vəfat edəndə Aygünün vur- tut on yeddi yaşı vardı. Atasının ölümündən yeddi il keçsə də qız  hələ də özünə gələ bilmirdi. Saatlarla atasının şəklinə baxıb bəxtəvər günlərini xatırlayırdı. Atası çox ailəcanlı adam idi. Övladlarını dünyalar qədər sevirdi. Xatirə ilə evləndikdən sonra onu işdən çıxartmış, ev xanımı etmişdi. Xatirə universitetin filologiya fakultəsini bitirmişdi. Təyinatla getdiyi rayonun baş həkimi olan Qüdrətlə elə orada tanış olmuşdu. Qüdrət İradədən yeddi yaş böyük idi, qıza ilk baxışdan aşiq olmuş və artıq subaylığın daşını atmağa qərar vermişdi. Onların hər ikisi evin yeganə övladı olduğundan çoxuşaqlı ailə arzusunda idilər. Allah onları dörd sağlam övladla sevindirdi. Qardaşa qardaş, bacıya bacı. Amma bu xoşbəxtliyin ömrü qısa oldu. Heç bir övladını yerbəyer etmədən Qüdrət əsrin bəlasına çevrilmiş xərçəng xəstəliyinə mübtəla oldu. Qəribə idi, ömrü boyu xəstələrə şəfa verən adlı- sanlı bir həkim özü bu amansız xəstəliyin əlində aciz qalmışdı. Son günlər mədəsində özünü göstərən ağrılara əhəmiyyət verməmişdi. Qayğıları başından aşırdı. Adi ağrıkəsici həblərlə ağrılarını azaldırdı. Demə, xəstəlik namərd düşmən kimi öz işini astadan görürmüş. Son nəfəsində övladlarını Xatirəyə, onu da Allaha tapşırdı.
   

Qüdrətin qırx mərasimindən sonra Xatirə lap başını itirmişdi. Nə edəcəyini, haradan başlayacağını bilmirdi. Övladları yeniyetmə yaşında idilər. Böyük qızı Aygün universitetin birinci kursunda oxuyurdu. Ailəyə qazanc gətirən yeganə adam rəhmətlik Qüdrət idi. Xatirə universiteti illər öncə bitirmiş, oxuduqlarını artıq unutmuşdu. Müəllimlik arzusu ürəyində çoxdan dəfn olunub getmişdi. Ümidini yalnız atasından qalma geniş torpaq sahəsinə bağlamışdı. Torpağı icarəyə verib xeyli pul qazana bilərdi. Başqa yolu qalmamışdı. Kənddəki qohumlarla əlaqə saxlayıb torpağı icarəyə vermək üçün onlardan kömək istədi. Sağ olsunlar, Qüdrətin dul qalmış arvadından heç kəs köməyini əsirgəmədi. Hələ cümə axşamlarının birində tanımadığı nurani çöhrəli, yaşlı bir kişi ona zərfin içində min manat pul da vermişdi. Xatirə nə illah eləsə də, kişi onu inandırmağa çalışmışdı ki, bu pulu vaxtilə Qüdrət həkimdən borc alıb. Qüdrətin Xatirədən gizli heç bir işi olmazdı.Nədənsə bu borc söhbəti ona uydurma kimi gəldi. Əsl həqiqəti sonra öyrəndi. Demə, Qüdrət həmin kişinin nəvəsini təmənnasız sağaldıb həyata qaytarmışdı. Amma vaxtilə yüksək vəzifələrdə işləmiş həmin ağsaqqal adam həkimə borclu qalmaq istəmədiyi üçün belə bir yalan uydurmağa məcbur olmuşdu.
   

Xatirə həkimdən ilk dəfə xərçəng xəstəliyinə tutulduğunu eşidəndə ilk yadına düşən həmin kişinin verdiyu pul oldu. Bu pulu xərcləməmişdi. Elə bilirdi ki, haramdır, xərcləsə ziyan çəkər. İndi bu pul xəstəliyin ilk mərhələsində elə dərmanlarının bir qisminə gedəcəkdi. Ürəyində fikirləşdi ki, elə bil bu pulu qarğıyıblar, adətən kimsə kimisə qarğış edəndə "Səni görüm qazandığın dərmana getsin" deyir.
   

Xatirə övladlarının yanında özünü nə qədər toxtaq aparsa da, Aygün həssas qəlbi ilə anasının iztirablarını hiss edirdi. Qız imkan daxilində anasını məişət qayğılarından azad etməyə çalışırdı. Aylar keçdikcə Xatirə şüa müalicəsindən tanınmaz hala düşürdü. Onun gur saçları tökülmüş, ovurdları batmış, sifəti bozumtul rəng almışdı. Artıq adam arasına çıxmaq, qonaq qəbul etmək istəmir, günün çox hissəsini yataqda keçirirdi. Aygündən balaca qardaşları və bacısı ancaq dərs oxumaqla məşgul idilər, zavallı uşaqların heç bir əyləncəsi yox idi. Evə sanki məzar sükutu çökmüşdü. Aygün işdən qayıdan kimi evdə sanki canlanma baş verirdi. Qız anasını yataqdan qalxmağa məcbur edir, ona həyat eşqi vermək istəyirdi. Hətta bir dəfə şinyon alıb anasını sevindirmək istəmişdi. Ancaq Xatirə sevinmək əvəzinə, hönkür- hönkür ağlamışdı. Yadına gəncliyində bilək qalınlığında olan hörükləri düşmüşdü. Kənddən gələndən sonra ona rişxəndlə baxan şəhərli tələbə  qızların acığına gözəllik salonuna getmiş, saçını son dəbdə kəsdirmək istəmişdi. Amma ortayaşlı bərbər qadın onun bu istəyinə qarşı çıxmışdı:
 

  - Ağlın olsun, qızım, adam da bu cür saçı kəsdirər? Mənə nə var, səndən pulumu alıb saçını kəsərəm. Amma vicdan yaxşı şeydir. Bir bilsən, sənin saçının həsrətində olan neçə adam var. 

   Öz inadında qalıb başqa bərbərə üz tutanda eşitdiyi sözlərdən az qala şoka düşmüşdü:
 

  - Kəsərəm, hələ desən bu saçlara görə sənə yaxşı pul da verərəm.
 

 - Nə pul? Axı pulu sizə mən verməliyəm.
 

 - Avamsan, ay qız? Heç bilirsən sənin bu saçından necə gözəl şinyon çıxacaq? 
   

- Şinyon nədi?
 

 - Parik deyim, bəlkə onda başa düşərsən.
 

 - Adam başqasının saçını başında necə gəzdirər? Heç  İyrənməz?
 

Bərbər qadın onu başa salmağa çalışdı:
 

- O televizora çıxan müğənnilərin elə bilirsən öz saçlarıdır? Görmürsən iki gündən bir saçlarlnın rəngi dəyişir? Hə, bir də təkcə müğənnilər yox, elə saçı tökülmüş xərçəng xəstələri də şinyondan istifadə edirlər. Qulaqlara qurğuşun, iraq canımızdan.
   

Xatirə qadının təklifinə etiraz edib salonu tərk etmişdi. Yolboyu öz saçlarını başqasının başında təsəvvür etdikcə qəlbini vahimə hissi bürüyürdü. Tez- tez əlini saçlarına aparıb onları əziz balasını sığallayan ana kimi sığallayırdı. Sanki saçlarının öz başında olmağına əmin olmaq istəyirdi. O gündən sonra saçlarını kəsdirmək fikrindən birdəfəlik daşındı.
   

 İndi qızı Aygün anasına şinyon alıb. Xatirənin ağlına da gəlməzdi ki, nə vaxtsa özü şinyona möhtac olacaq. 
 

Məktəbdən qayıdan sonbeşik qızı Günay anasına alınmış şinyonu görəndə sevincək  başına keçirmək istədi. Ana əsəbi halda ona acıqlandı:
 

  - Ay qız, əlini dinc saxla, işin olmasın. Aygün sabah onu qaytaracaq.
 

  - Ana, xahiş edirəm, qoy bircə dəfə taxım.

- Sənə deyirəm ki, heç yarım dəfə də olmaz. Sonra bacından geri almazlar.
   

Evin ərköyünü olan sonbeşik qız söz güləşdirməyin mənasız olduğunu anlaylb şinyon sevdasından əl çəkdi.
   

Aygünün qayğıları başından aşırdı. Sanki evin anası o, özü idi. Bir tərəfdən də Xatirə tez- tez ondan Əflatunu soruşur, qızının fikrini öyrənmək istəyirdi.
   

Əflatun Aygünlə eyni universitetdə oxumuşdu, qrup yoldaşı olmuşdular. Əflatun hələ birinci kursdan ona vurulmuş, öz sevgisini etiraf etmişdi. Aygün oğlanın sevgisinə biganə olmasa da, hələ ciddi münasibətə başlamağın tez olduğunu anlayırdı. Çünki qız hələ magistraturaya və doktranturaya qəbul olmaq fikrində idi. Amma sən saydığınıı say, gör fələk nə sayır. Qüdrətin vaxtsız ölümü Aygünün bütün planlarını alt- üst etdi. Qız universiteti bitirən kimi işləməyə məcbur oldu. Ondan heç bir cavab almayan Əflatun təyinat alıb öz rayonlarına- Masallıya işləməyə getdi.

Amma tez- tez Aygünə zəng edib ondan hal- əhval tuturdu. Sonuncu dəfə zəng edəndə Aygün göz yaşları içərisində ona anasının xəstəliyini xəbər verdi. Halbuki Əflatun qızgilə elçi göndərmək istəyirdi. İllər öncə, hələ birinci kursda da o, bu fikirdə idi. Amma Qüdrət həkimin qəfil ölümündən sonra o, Aygünə heç nə deyə bilmirdi. Həmişə deyib- gülən, zarafat edən, həm gözəlliyi, həm şaqraq gülüşləri ilə auditoriyadakı qızlardan seçilən Aygün atasının ölümündən sonra qaradinməz olmuşdu.

Qüdrət fikirləşdi ki, yazıq qız özünə təzə- təzə gəlir, bu xəstəlik hardan gəlib indi də Xatirə xanımı tapıb. Heç yaxşı olmadı. Bİr tərəfdən də anası məcbur edirdi ki, oğlu evlənsin, az qala hər gün ona bir qız şəkli göstərirdi. Amma Əflatun Aygündən başqa heç kəslə ailə qura bilməzdi. O, Aygünü illərlə gözləməyə razı idi. Aygün  bircə dəfə razılıq versə, o bəlkə də gecənin bir aləmində qaça- qaça Masallıdan Bakıya gəlib sevdiyi qızı görərdi. Çünki o, Aygünü dəlicəsinə sevirdi. 
   

Eşitdiyi ağır xəbər Əflatuna necə təsir etmişdisə, artıq Aygünə zəng etməyə ürək etmirdi. Qorxurdu ki, Aygün onu qınayar, " mən nə hayda, sən nə hayda" deyib onu acılayar. 
   

Amma günlərin birində heç gözləmədiyi halda Aygün özü Əflatuna zəng etd. Yenə də heç gözləmədiyi halda oğlana elçi göndərməsini  xahiş etdi. Əflatun o gün sevincdən yerə- göyə sığmırdı. Rayon mərkəzinə gedib anasına gözəl bir don aldı. Səhər tezdən anası ilə qonşu Yadullanın maşınında Bakıya yola düşdü.
   

Aygünün Əflatuna zəng etməsi səbəbsiz deyildi. O, sadəcə anasının son arzusunu- övlad toyu görmək istəyini həyata keçirmək istəyirdi. Bilirdi ki, anasının vəziyyəti get- gedə pisləşir, bugündən sabaha çıxmağına ümidi yoxdur. Çarəsiz qalıb bu addımı atmışdı. Amma anaya yalan deməyə məcbur idi. Guya Əflatun özü zəng edib elçilik təklifini etmişdi. Əslinə baxsan, əlbəttə ki, Əflatun illərdir Aygünlə ailə qurmaq fikrində idi. Aygünün həyatlnda baş verən kədərli hadisələr onların xeyir işini yubatmışdı.
     

Xatirə Əflatungilin gələcəyinə elə sevindi ki, dərhal qızından şinyonu soruşdu:
   

- Əgər hələ qaytarmamısansa, gətir başıma tax.
   

Aygün şinyonu gizlətdiyi rəfdən çıxarıb anasının başına geyindirdi. Ananın üzünə kədər qarışıq təbəssüm çökdü.
   

Əflatunun dediyinə görə günorta vaxtına çatmalı idilər. Saat artıq altı idi. Amma onlardan xəbər yox idi. Qız tez- tez saata baxır, o biri otağa keçib anasının sual dolu baxışlarından yayınmaq istəyirdi.
   

Nəhayət, hamam otağına keçib gizlincə Əflatuna zəng etdi. Telefona zəng çatmırdı. Aygün artıq narahat olmağa başladı.
   

Günay anasının otaqda tək qaldığını görüb televizoru yandırdı ki, bəlkə başı qarışsın. Efirdə "Xəbərlər" proqramı idi. Diktor Masallıdan gələn avtomobilin ağır qəzaya düşməsi xəbərini oxuyurdu. Sürücü və sərnişinlər elə hadisə yerindəcə keçinmişdilər. Televizorun səsinə gələn Aygün ayaq üstə quruyub qalmışdı. Günayın əlindən pultu alıb kanalı dəyişmək istəsə də bacarmadı. Göz yaşları yanaqları boyu süzüldü. 
     

Anasının son istəyini yerinə yetirə bilməmişdi.
     

Xatirə gücdən düşmüş əlləri ilə başındakı şinyonu çıxarmağa çalışırdı.