18 Oktyabr 2024 17:35
81
ƏDƏBİYYAT

YOLUMUZDAN ÇƏKİLİN!

Təsəvvür edin ki, qonşu sənin ərazinə girir və sübut etməyə çalışır ki, bura onundur. Bu azmış kimi ətrafdakılar bu ədalətsizliyə sadəcə susqunluq nümayiş etdirir. Sən bütün vasitələri işə salırsan ki, həyasız qonşunu öz halalca mükiyyətindən çıxarasan, sonda güc yolunu tətbiq etməyə məcbur olursan. Elə ki, mülkiyyət hüququn bərpa olunurvə bu günə qədər susan həmin o qonşular dərhal səni ittiham etməyə başlayırlar. 

Ötən ilin sentyabr ayında Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini tam olaraq bərpa etdi və bu günə qədər müşahidə etdiyimiz təzyiqlər həmin tarixdən etibarən daha da artmağa və həyasız şəkildə intensiz xarakter almağa başladı.  Məsələn elə götürək Avropa Şurasını. 2001-ci ildə Azərbaycan bu quruma üzv qəbul ediləndə, ən çox sevinənlərdən biri mən oldum. Bilirsiniz nə üçün? Düşündüm ki, Avropanın insan haqları ilə məşğul olan bu qurumu nəhayət ki, hüquqları tapdanmış, ən ağır işgəncələr məruz qalmış 1 milyona yaxın qaçqınımızın haqq səsini eşidəcək, onların pozulmuş hüquqlarını bərpa edəcək. Amma bu baş vermədi. Azərbaycan isə səbrlə dözdü. Avropa Şurası məhz 2023-cü ilin sentyabr ayından sonra fəallaşdı, amma öz xoşu ilə Azərbaycanı tərk etmiş ermənilərin hüquqlarını qorumaq üçün fəallaşdı, sonra digər əlaqəli Qərb qurumları daha da irəli gedərək Azərbaycan ərazisində separatçılıqlar məşğul olmuş, insanları qətlə yetirmiş şəxsləri siyasi lider kimi qələmə verərək, guya onların hüquqlarının tapdandığını və dərhal azad edilmələrini tələb etdi. Yaxşı, bəs 1 milyon qaçqınımız necə olsun? Niyə onların hüquqlarını son 30 ildə tanımadınız? Təkcə Xocalıda insanların başına gətirilən müsibətləri oxuyanda, eşidəndə... Heç bu barədə yazmaq istəmirəm. Sadəcə bunlar olub, tarixin ən qatı cinayəti kimi heç zaman silinməyəcək! İndi keçək insan hüquqlarına. Axı biz bu barədə 30 ilə yaxın müxtəlif kürsülərdə danışmışıq. Xocalı soyqırımını bir neçə ölkənin parlamenti istisna olmaqla heç bir Qərb dövləti tanımayıb. Xocalı insan hüquqlarının tapdanmasının ən pik həddidir. Deməli insan hüquqları dünyada sadəcə təzyiq vasitəsi, bəzən də alver mənbəyidir. Üstəlik xarici ölkələrdə yaşayan anti-Azərbaycan qüvvələri bu təşkilatlara qoşularaq yalan və böhtan yağdırır, beynəxalq ictimaiyyətə tamamilə səhv fikir təqdim edirlər. Məsələn bir qədər bundan əvvəl sabiq Müdafiə Naziri, vaxtilə vətənə xəyanət maddəsi ilə həbs edilmiş Rəhim Qazıyev Sevinc Osmanqızının qonağı idi. Onun nə danışdıqları qətiyyən mənə maraqlı deyil. Çünki 90-cı illərdə mən onun yaralı əsgərlərin valideynlərinə göstərdiyi münasibəti şəxsən görmüşəm. O vaxt Müdafiə naziri olan Rəhim Qazıyev həmin valideynlərlə qətiyyən görüşmürdü, valideynlər isə ona ürəkdən lənət yağdırırdılar. Nə üçün bunlaır bilirəm, çünki mən onda hospitallara gedib yaralı əsgərlərdən müsahibə alırdım. Ordu bərbad vəziyyətdə idi, siyasi hakimiyyətin xəyanəti artıq xirtdəyə çatmışdı. Bəli, Rəhim Qazıyevlə görüşmək istəyən valideynlərin ah-naləsi bu günə qədər qulaqlarımdadır.  

30 ildən artıq bir zamanı arxada qoymuşuq. Amma həmin satqınların rolu olduğu kimi qalmaqdadır. Milli satqınlıq davam edir. Özü də bütün spektrlərdə, Qərbin dəstəyi və qızışdırıcı mövqeyi ilə. Biz heç kimin əlində alət deyilik. Amma aydın məsələdir ki, 90-cı illərdə Qarabağın işğalında bilavasitə rolu olmuş şəxslər bu gün Avroatlantika təşkilatlarının əlində alətə çevriliblər. Yəni düstur çox sadədir. Köhnə alətlər bayağı yanaşmalarla işə düşüb. Nəyin bahasına olursa olsun. Məqsəd ərazi bütövlüyüb və suverlenlik ilə barışmamaqdan, bu regionda öz mənafelərini diktə etməkdən irəli gəlir. Məsələn Sevinc Osmanqızı deyir ki, Azərbaycan Ermənistanla sülhə ötən ilin sentyabrına qədər olan dövrdə daha çox yaxın idi. Bu bilirsiniz nə deməkdir? Yəni Qarabağda antiterror əməliyyatları olmasaydı, Xankəndi, Xocalı və ətraf ərazilər azad edilməsəydi sülh olacaqdı. Bəs Zəfərimizi ləkələməyə çalışıb, ‘’Hanı Xankəndi’’ ’’Hanı Xocalı?’’ deyən siz deyildiniz? Bu cür riyakarlıq olmaz axı? Təkcə bu ifadə Osmanqızı və onunkimilərinin iç üzünü mükəmməl şəkildə ortaya çıxarır. Bunun bir adı var – milli satqınlıq! 

Milli satqınlar bu gün Şvabelərin, Smitlərin əlində ən ucuz iş alətidir. Çünki bilirlər ki, ötən əsrin 90-cı illərində bu satqınlar öz rollarını mükəmməl ifadə ediblər. İndi də həmin rollardadırıar. Ucuz və bayağı aktyorlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra qısa zamanda 30 ilə yaxın işğal altında olmuş ərazilərdə bərpa-quruculuq işlərinə başlandı. İndi həmin ərazilərə şərti sərhəddin o tayından avropalı təqaüdçülər müşahidə adı altında binoklla seyr edirlər. Fikir verirsiniz, heç bir xalq öz Ali Baş komandanı, Prezidentinin rəhbərliyi ilə belə şövqlə bərpa-quruculuq işlərinə başlamayıb. Bu tarixi Zəfər dünya tarixində özünəməxsus yerə malikdir. Bu Zəfərin müəllifi Prezident İlham Əliyev və Azərbaycan xalqıdır. Bizim ən böyük uğurumuz odur ki, regionda daim balanlaşdırılmış siyasət, mehriban qonşuluq siyasəti ilə seçilmişik, beynəlxalq hüququn norma və prinsiplərinə ən çətin vaxtlarda belə hörmətlə yanamışıq. Hər halda Vətən Müharibəsinin vaxtlarında işğalçı Ermənistan Azərbaycanın şəhərlərini – mülki insanların yaşadıqları əraziləri raket atəşinə məruz qoydu. Bəli biz regionda  sülhün tərəfdarıyıq, amma burada hər hansı təzyiqlər, şərtlər ola bilməz. Bu elə bir sülh olmalıdır ki, Ermənistan bundan sonra nə Azərbaycana, nə də ümumiyyətlıə bütün regiona ərazi iddiaları ilə çıxış etməsin. Biz sülh istəyirik, amma bu sülh davamlı və fundamental olmalıdır. Qərbin istədiyi, milli satqınların qızışdırıcı mövqeyinə tamamilə tərs mütənasib olan, sağlam Azərbaycan vətəndaşının rifahına yönələn sülh. Qarabağa qayıdış müqəddəs işdir, Qərbin müqəddəs hesab etdiyi ehkamlardan fərqli olaraq bizim müqəddəs olan reallıqlarımız var. Bu Azərbaycan reallığıdır. Bəli bu gün Qərb COP29-un Azərbaycanda keçirilməsini həzm edə bilmir. Azərbaycana qarşı böhtan və təzyiq kampaniyasını daha da gücləndirməyə çalışır. Azərbaycanın dünyaya COP29 ərəfəsində müvəqqəti sülhün bərqərar olması ilə bağlı çağırışlarına da məhəl qoymur, bir sözlə ölkəmizin bu sahədəki fəaliyyətinə kölgə salmağa çalışır. Hətta hər zaman ərazi bütövlüyünü, suverenliyini tanıdığımız, humanitar yardımları əsirgəmədəyimiz, valideynlərini müharibədə itirmiş uşaqlarına sahib çıxdığımız Ukrayna  belə Rusiya prezidentinin iştirak edəcəyi təqdirdə COP29-u boykot etməyə çağırıb. Biz dünyaya qarşı olmaq istəmirik, çünki biz onun bir parçasıyıq. Sadəcə hər kəs öz yolunda, öz müstəqil iradəsində olmalıdır. Necə ki, bunu Azərbaycan Prezidenti nümayiş etdirir, açıq-aydın şəkildə. Azərbaycan bir neçə həftədən sonra dünyanın bir nömrəli qlobal probleminin müzakirə olunacağı platformaya ev sahibliyi edəcək. Avropada da məşhur olan Dədə Qorqud Dastanında insanlar ən çətin günlərdə birləşməyi bacarır, amma siz birləşməyi bacarmırsınız, maraqlar, çəkişmələr və ən əsas siyasi eqolarınız buna imkan vermir. O zaamn yolumuzdan çəkilin. Çünki bizim yolumuza girən sizsiniz. Kənardan Servantesin lap Don Kixotuna bənzəyirsiniz. 

 

​Turəxanım Qasımova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü