“Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edildi
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir. AKİssenari müsabiqələrini kinomuzu inkişaf etdirən, müəlliflərarasında rəqabəti artıran və ssenari yaradıcılığına marağı stimullaşdıran mühüm mexanizm sayır .
Müstəqillik illərinin kinomuzun ən böyük boşluqlarından biri qadın qəhrəmanlardır. Halbuki, ölkəmizdə 30 il ərzində baş veərn siyasi, iqtisadi, hərbi kataklizmlərin ağrılarını məhz Azərbaycan qadını öz çiyinlərində daşıyıb. Ölkəmizin hərbi, iqtisadi, diplomatik qələbələrinin tamhüquqlu müəlliflərindəndir Azərbaycan qadını: şəhid anaları, qazi bacıları, kənd müəllimləri, tibb bacıları, sahibkar xanımlar,məktəbli və tələbə xanımlar, alimlər, teatr və kino sənətkarları, idmançılar, kitabxanaçılar və xadimələr, sadəcə qadın səadətinə çatmaq istəyən milyonlarla qadın, peşə və baxışlarından asılı olmayaraq, “mən qadınam” deyərək yoluna davam etməyə güc tapacaq şəxsiyyətlərdir. Müasir ssenarilərimizdə parlaq qadın obrazlarının yoxluğu kinoaktrisalarımızın da peşəkar və texniki inkişafının qarşısını alır.
Qeyd edək ki, AKİ “Mən Qadınam” qısametrajlı ssenari müsabiqəsi elan etmişdi və ssenaristlər tərəfindən böyük maraqla qarşılanmışdı. Bu səbəbdən mövzuda heç bir janr və mövzu məhdudiyyəti qoymadan, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən Qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir. Ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.
Ssenari müsabiqəsinin şərtlərini təqdim edirik:
– ssenarinin baş qəhrəmanı qadın olmalıdır.
- ssenaridəki hadisələr müasir zamanda baş verməlidir ( 1990-2024).
-müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.
-müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır.
-ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı , müəllifin adı və soyadı, sağ aşağı küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).
-ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul olunmur).
-ssenari qəbulu müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.
- Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.
– Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) , təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda [email protected] email ünvanına “Mən Qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir.
Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.
Ssenari 15 dekabr 2024-ci il tarixindən 15 aprel 2025-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.
Qaliblərin elanı: 2 avqust.
Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 azn, 3500 azn, 2500 azn olmaqla) diplom və pul mükafatı ilə təltif ediləcəklər.