İLK ŞUŞALI SSRİ İDMAN USTASI
ZAKİR BABAYEV - 85
O, 1940-cı il dekabrın 17-də qədim Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Şuşa şəhər 1-nömrəli orta məktəbin 1-ci sinfinə getmiş, 1958-1959-cu tədris ilində həmin məktəbin X sinfini müvəffəqiyyətlə bitirmişdir.
Zakir Babayev hələ məktəbdə oxuduğu illərdə bədən tərbiyəsi dərslərini sevmiş, idmanın güləş və futbol növünə daha çox meyl etmişdir. Onun söylədikləri:
Artıq 8-ci sinifdə oxuyurdum, bir çox müəllimlər bizə dərs keçirdilər. Hər bir müəllimin şagirdlərin qəlbində öz yeri var. Ümumiyyətlə, mənə dərs deyən müəllimlərin hamısından razıyam. Onların mənə verdikləri təlim-tərbiyənin hesabına həyatda özümə yer tapa bilmişəm. Lakin ən çox yadımda qalan və heç vaxt unudulmayan tarix müəllimim İsmauıl İsmayılovdur.
Sentyabr ayıdır, məktəbə gəlmişik. Bir-bir müəllimlər sinfə daxil olub, dərslərini keçib gedirdilər. Tarix dərsi olanda sinfə uca boy, sağlam bədənli bir cavan oğlan daxil oldu. Biz hamımız ayağa qalxdıq. O, bizimlə salamlaşdı. Lakin əyləşin demədi. O, bir-bir partaların yanından keçərək oğlanların qolunu, boynunu yoxlayıb nəzərdən keçirdi. Beləliklə, bütün oğlanları yoxladı və sonra əyləşin dedi. O, özünü bizə təqdim edib dedi: "Mənim adım İsmayıl, familiyam isə İsmayılovdur. Bu gündən sizə tarix və Konstitusiya dərslərini mən keçəcəyəm". Sonra bitirdiyi ali məktəbin adını dedi-Azərbaycan Dövlət Universitetinin tarix fakultəsi. O, sözünə davam edib, bizə tələbəlik illərindən danışdı. Sonra dedi ki, Bakıda klassik güləşlə, yəni Yunan-Roma güləşi ilə məşğul olub və ali məktəblər üzrə çempion olub, özü də 1-ci dərəcəli idmançıdır. Daha sonra dedi: "Mən şəhərdə və Pedaqoji texnikumda güləş bölməsi açmışam, kim istəyir dərsdən sonra adını yazdırsın".
Mən bu sözlərdən sonra dərsin qurtarmasını səbrsizliklə gözləyirdim. Elə zəng olan kimi müəllimin stoluna birinci mən yaxınlaşdım və adımı yazdırdım. Məndən sonra bir neçə nəfər də adlarını yazdırdı. İsmayıl müəllim uşaqların adlarını yazıb qurtardı və dedi: "Kim adını yazdırıb həftənin tək günləri saat 5 tamamda gəlsin şəhər pionerlər evinə".
Həftənin birinci günü saaat 5- ə qalmış gəldim pionerlər evinə. Artıq bəzi uşaqlar da gəlmişdi. Həm böyük yaş qrupundan, həm də mən yaşda olan və məndən aşağı yaş qrupundan olan uşaqlar var idi. İsmayıl müəllim otaqdan dəhlizə çıxıb, uşaqları gördü və dedi: " Maşallah nə çoxsunuz". Sonra komanda verdi: "Sağ tərəfdə boy sırası düzlən". Biz də düzləndik. Hamı diqqətlə İsmayıl müəllimə baxırdı. İsmayıl müəllim bizə güləşmənin qaydalarından, güləşçinin geyimindən və güləşçiyə lazım olan bir çox şeylər haqda danışdı. Elə həmin gün biz uşaqları yaş qrupuna ayırdı və məşqlərinkeçirilməsi vaxtını dedi. Artıq məşqlərə başladıq, güləşmənin hərəkətlərini, fəndlərini öyrənirdik. Bir neçə həftədən sonra bizi cütlüklərə bölüb güləşdirirdi.
Mən həmişə uşaqlıq dostum Tofiq Zeynalovla məşq edirdim. Tofiq fiziki cəhətdən güclü, güləş hərəkətlərini və fəndlərini bilir, texniki cəhətdən hamımızda irəlidə idi. Ona görə də o, bizdən bir qədər əvvəl məşqlərə başlamışdı, güləş hərəkətlərini sərbəst yerinə yetirirdi. Tofiqdən başqa Elxan Əsədov, Mənsur Məmmədov, Rizvan Hacıyev, Famil Quliyev, Yusif Xudiyev, Böyükkişi Səfixanov, Tariyel Kazımov, Nazim İsayev, Herman Bəhmənov, Ceyhun Məmmədov və başqa həmyaşıdlarım, böyük yaş qruplarında isə Rəhman Teymurov, Şahlar Ələsgərov, Oqtay Babayev, Kamil və Məhəmməd Quliyev qardaşları, Altay Rüstəmov, Qorxmaz Əsədov və başqaları məşqlərə gələrdilər. Biz Şuşa birinciliyində, Qarabağ birinciliyində iştirak edərdik. Birinciliklərdə mükafata layiq yerləri tutanlar Respublika birinciliyində və Cəmiyyətlərin Mərkəzi Şurasının Respublika birinciliklərində iştirak edərdilər. Şuşanın güləş komandası İsmayıl müəllimin rəhbərliyi altında Qarabağda ən güclü komanda sayılırdı. Həmişə Qarabağ birinciliyini Stepanakertdə, Mardakertdə və Martunidə keçirərdilər. Bir dəfə də olsun güləş yarışlarını Şuşaya salmırdılar....
1957-ci ildə Zakir Babayev güləş üzrə şəhər birinciliyi uğrunda yarışlarda iştirak edir. Bu yarış Zakir üçün ilk imtahan idi. O, bu imtahandan qalib çıxmaq üçün var qüvvəsini sərf edir. Lakin II yerlə kifayətlənməli olur. Deyilənə görə, Zakir Babayev məşqçisi İsmayıl İsmayılovun dayısı Abış kişi (o, el arasında cavanlığında güləşçi kimi məşhur idi, eyni zamanda sevimli müğənnilərimiz xalq artisti Flora Kərimovanın və əməkdar artist Cavanşir Məmmədovun babası idi) güləş məşqlərində və rəsmi yarışlarda müntəzəm olaraq iştirak edirmiş. Bu nurani qəca güləşin sirlərini yaxşı bildiyindən idmançılara dəyərli məsləhətlər verir və onlara qayğı göstərirdi. Abış kişi Zakir Babayevin güləş uslubuna baxıb onun cəldliyini, bacarığını, əsl güləşçiyə xas olan xüsusiyyətini, işlətdiyi fəndlərini, texnikasını, qüvvəsini belə qiymətləndirmişdir: " Bu uşağın yaxşı və parlaq gələcəyi var. Onun qayğısına qalmaq, yeməyinə fikir vermək lazımdır.". Elə həmin il Fizuli rayonunda Yunan-Roma güləşi üzrə Qarabağ açıq birinciliyi keçirilir. Həmin yarışda da Zakir II yeə sahib çıxır. 1958-ci ildə Bakıda gənclər arasında keçirilən Azərbaycan birinciliyində yüngül çəkidə Zakir Babayev bütün rəqiblərinə qalib gəlir. Final görüşündə SSRİ çempionu Rasim Rəsulovla (O, əslən şuşalıdır) azacıq üstünlüklə uduzaraq II yeri tutub.
25 noyabr 1959-cu ildə "Məhsul" Cəmiyyəti Mərkəzi Şurasının çempionatında iştirak edən klassik üsulla güləşənlər bu yarışlara inadla və uzun müddət hazırlaşdıqlarını göstərdilər. Yarışlar maraqlı olduğu üçün naxçıvanlıların qələbəsi də şərəfli idi. Axı bu kollektivin beş nəfər üzvü çempion adını almışdır. Lakin təkcə onlar fərqlənmədilər. Birincilikdə yaxşı texniki və taktiki hazırlıq nümayiş etdirən bacarıqlı gənc güləşçilər az deyildi. Məsələn, yarımyüngül çəkidə gənc güləşçi Zakir Babayevin çıxışını (DQMV) qeyd etmək istərdim. O, bütün görüşlərini olduqca çevik keçirib, bir-birinin ardıca işlətdiyi fəndlərlə rəqiblərini çaşdırırdı. Zakir Babayev təsadüfən naxçıvanlı F. Nəcəfova uduzdu. Qalan görüşlərdə isə onun rəqiblərindən heç biri üç dəqiqə də davam gətirə bilmədi. Beləliklə Zakir Babayev II yeri tutdu.
Bundan başqa, Dağlıq Qarabağ Muxtar Vilayətinin komandası tərkibində Yerevanda "Spartak" komandası ilə yoldaşlıq görüşündə, Fizulidə Qarabağın açıq birinciliyində iştirak edərək, hər ikisində rəqiblərin hamısına qalib gəlmişdir.
Zakir Babayev sərbəst güləşmənin ən görkəmli ustalarından biri sayılır. O, 18 yaşlı gənc ikən Vilayət yarışlarında çıxış edərək qabaqcadan keçirilən bütün görüşlərdə qələbələr qazanmışdır. O, böyük fiziki qüvvəyə malik olması ilə fərqlənən gənc şuşa güləşçisi və bacarıqlı idmançısıdır. Zakir Babayev Şuşada, Qarabağda, o cümlədən Dağlıq Qarabağda və Azərbaycanda böyük şöhrət və hörmət qazanmışdır.
O, 1960-cı ildə Qazaxda keçirilən Respublika birinciliyində iştirak edərək, iki rəqibinə qalib gəlib, üçüncü rəqiblə naxçıvanlı güləşçi ilə güləşərkən "Bedro" fəndini işlədərək onun kürəyini xalçaya yapışdırdıqda o, mənim qabırğamı iki əli ilə sıxaraq zədələmişdi. Ondan sonra mən növbəti görüşlərə çıxa bilməmişəm.
Həmin il mən imtahan verib Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil oldum. Bununla da Qarabağ yarışlarından uzaqlaşdım. Artıq yeni həyat, tələbəlik illəri və yeni idman yarışları başlayırdı. Mən institun yataqxanasında dörd il yaşamalı oldum.
Mən institun birinci kursunda oxuyarkən çox korluq çəkdim. Həm maddi, həm də mənəvi cəhətdən. Birinci kursdan sonra isə şəhər mühitinə, tələbəlik illərinə yavaş-yavaş uyğunlaşırdım. İnstitun ictimai işlərində fəal iştirak edirdim. İkinci kursda institun həmkarlar təşkilatının sədr müavini, həm də tələbə təşkilatı sədrinin köməkçisi idim. Həmkarlar təşkilatında ictimai iaşə sektoruna rəhbərlik edirdim. Yəni bütün yemək talonlarına, putyovkalara nəzarət və paylanması mənə baxırdı. Birdən elə olurdu ki, bütün tələbələrə verilən yemək talonlarının yarısını mənimlə bir qrupda oxuyan uşaqlara və imkanı aşağı olan tələbələrə verirdim, o cümlədən mən özüm də idtifadə edirdim.
Demək olardı ki, oxuduğum vaxt heç kimə ehtiyacım olmayıb. Tələbəlik illərində daim təqaüd almışam, həm də atam hər ay mənə pul göndərirdi.
1960-cı il idi. Atam gəlib Azərbaycana, mən də birinci kursu qurtarmaq üzrəyəm. May ayıdır, axırıncı imtahan partiya tarixindəndir. Qış imtahan sessiyasını yüksək qiymətlərlə başa vuran tələbələrə dekanlıq daxili əmrlə "Təşəkkür elan edib, siyahını asıb elanlar guşəsindən, mənim adım da orada olduğu üçün atam oxuyub çox sevinmişdi. Mən qiymət kitabımı atama verdim ki, qiymətimə baxsın. O, mənə dedi ki, hər şey mənə aydındır. Divarda artıq sənin adını oxumuşam. Beləliklə də, həm oxuyur, həm də məşq edib, bəzi yarışlarda iştirak edirdim. Mən oxuduğum dörd il müddətində cəmiyyətlərin birinciliklərində, Bakı şəhər birinciliyində, ali məktəblərin birinciliyində və Respublika birinciliklərində iştirak etmişəm.
1964-cü ildə Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən bədən Tərbiyəsi İnstitutlarının birinciliyində iştirak etmişəm. Mən, həm sərbəst, həm də klassik, yəni Yunan-Roma güləşi ilə, həm də sambo güləşi ilə məşğul olurdum. Sərbəst güləş ilə"Neftçi" cəmiyyətində məşqçi 4 dəfə SSRİ çempionu Musa Babayevin yanında məşq edirdim. Mən bir sıra yarışlarda məşq edib, idman ustası normasını ödəmişdim. Lakin Musa müəllim nədənsə mənim sənədlərimi almırdı. Ona deyəndə ki, Musa müəllim mənim sənədlərimi idman komitəsinə təqdim edin, o, mənə deyirdi ki, hələ cavan oğlansan, tələsmə, güləşmək lazımdır.
Bir gün güləş dərsinə getmişdim. Dərsdə Azərbaycan Pedaqoji İnstitutunun tələbələri, yəni güləşçiləri, məşqçi Göyüş Məmmədovun rəhbərliyi ilə yoldaşlıq görüşünə gəlmişdilər. Mən 62 kq çəki dərəcəsində Respublikada tanınmış güləşçi Telman Əliyevlə güləşdim. Telman çox gözəl texnikaya malik güləşçi idi. O, fəndləri çox gözəl yerinə yetirirdi. Biz 5 dəqiqə qollarla, bədənlə işlədik, heç birimiz bir xal belə, qazana bilmədik. Birdən Telman mənim bir qolumu və gövdəmi dərindən tutdu və "Suples" (yəni güləşçini sinəsi üstünə qaldırıb başı üzərindən arxaya atmaq) etdi. Mən də öz növbəmdə onun bir qolunu və gövdəsini tutmuşdum. Lakin o, dərin tutduğu üçün fəndi birinci işlətdi. Mən özümü itirmədim, başımız döşəyə çatanda mən birinci başımı döşəyə istinad edib, Telmanı arxası üstə çevirdim. Bu anda bütün zal əl çaldı. Bizim məşqçimiz erməni millətindən olan Lyova Akopov idi. O, uzaqdan qışqırdı: "molodçik Babayev", Göyüş Məmmədov isə Telmana hey deyinirdi. Sonra Akopov mənə dedi ki, bilirsən sən nə fənd işlətdin? " O fəndi Dünya birinciliyində işlədirlər", deyib, məni özünə tərəf sıxdı. O gündən mən onun yadında qaldım və mənə dedi ki, gəl məşq elə, bir ildən sonra idman ustası olacaqsan. Mən də onun yanında məşqlərə başladım.
Həmin il mən çox gözəl formada idim, bir-birinin ardınca 4-5 yarışda iştirak etdim. Zaqatalada Respublika birinciliyində 25-yaşa kimi gənclər arasında 6 qələbə ilə 3-cü yeri,Bakıda "Lokomotiv" Cəmiyyətinin Mərkəzi Şurasının açıq birinciliyində 5 qələbə ilə 2-ci yeri, yenə də həmin il "Neftçi" Cəmiyyətinin birinciliyində 5 qələbə ilə 2-ci yeri, Stepanakert şəhərində kişilər arasında Respublika birinciliyində 4 qələbə ilə 4-cü yeri tutdum. Axırıncı dəfə Estoniyanın paytaxtı Tallin şəhərində tələbə oyunlarında iştirak etdim və bir daha "İdman ustası" normasını yerinə yetirdim.
Bütün bu yarışlardan sonra Lyova Akopov mənim sənədlərimi yığıb, İdman komitəsinə verdi. Mən Respublika yoxlama komissiyasından keçdim və sənədlərimi Moskva şəhərinə təsdiqə göndərdilər. Həmin il institu bitirib doğma Şuşaya təyinat aldım. Sentyabr ayında "Azərbaycan Bədən Tərbiyəçisi" qəzetində mənim SSRİ İdman ustası adı almağım haqqında yazı var idi. Məni sevən dostlar, tanışlar təbrik etdilər. Hamıdan çox sevinən məni ilk dəfə döşək üzərinə çıxaran məşqçi İsmayılov İsmayıl oldu. Mə İsmayıl müəllimə öz minnətdarlığımı bildirdim. Onun mənə verdiyini güləşin sirlərini heç kim verməyib, onun qarşısında həmişə borcluyam və ömrüm boyu ona minnətdaram.
Onu da sizə deyim ki, mən imkan daxilində İsmayıl müəllimin qulluğunda olmuşam. Dünyasını dəyişdikdən sonra da hər il Şuşaya gedəndə onun məzarını ziyarət edir, "yasin" oxutdururdum. Allah ona qəni-qəni rəhmət eləsin, torpağı nurla dolsun!
Şuşada 3 ay işlədim Mənə 3 nömrəli orta internat məktəbində iş verdilər. Sonra noyabr ayının 23-də ordu sıralarına əsgəri xidmətə çağırıldım.
Mən Belarusiyanın Vitebski şəhərində xidmət etdim. O vaxt qohumlar çox çalışdılar ki, məni əsgərlikdən saxlasınlar. Lakin münkün olmadı. Burda mənim bəxtim gətirdi. Müdafiə Nazirliyinin əmri çıxdı ki, institutu bitirənlər 1 il əsgəri xidməti çəkməlidirlər. Mən də 1 il xidmət edib, aprel ayının axırında evə gəldim. Xidmət etdiyim orduda əsgərlərin yanında böyük hörmətim var idi. Boş vaxtlarımızda bir-birimizlə güləşirdik. Həmişə də qalib gəlirdim. Bir dəfə bir pezəvəng erməni mənimlə güləəşməli oldu. O, özünü sambo güləşçisi kimi qələmə vermişdi. Güləşərkən mənə yavaşca erməni dilində dedi ki, məni yıxma, əsgərlərin yanında pərt olaram. Kənardan baxan əsgərlər hiss etdilər ki, mən güləşə girişmirəm. Elə vəziyyət yaratdım ki, istəsəm onu yıxardım, amma yıxmadım. Bu zaman serjant Stelmak Kostya görüşü saxlayıb, heç-heçə elan etdi. Əsgərlik müddəti çox maraqlı və mənalı idi. Bir ildə adam çox şey öyrənir və çox şeyin şahidi olur.
Bir dəfə mənə bağlama gəlmişdi. Mən bağlamanın içindəki şeyləri stolun üstünə tökdüm və dedim ki, yeyin. Onda serjant mənə dedi ki, yerlilərini gözlə, onlar da gəlsin onda aç. Mən ona cavab verdim ki, burda "hamı mənim üçün birdir". Bu söz bütün hərbi hissəyə gedib çatmışdı. Ona görə də, hamı mənimlə çox mehriban idi
Hərbi xidməti başa vurub, Şuşaya qayıtdım. Şuşada qeydiyyatdan çıxıb, iş yerindən əmək kitabçasını götürüb getdim atamın yanına - Ulan-Udeyə, Ulan-Ude şəhərində Texnologiya İnstitutunun bədən tərbiyəsi kafedrasına assistent-müəllim təyin edildim. Eyni zamanda "Spartak" Cəmiyyətində güləş üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərdim. Artıq şəhərin idman adamları məni tanıyırdı. Mən çox gözəl məzmunlu məşqlər keçirirdim. Hətta, "Buryatskaya pravda" qəzetinin müxbiri mənim məşqlərimdə iştirak edib, qəzetdə işıqlandırmışdı.
Bir neçə aydan sonra baş hakim kimi Buryatiya Respublikasının sərbəst və klassik güləş üzrə birinciliyini keçirdim. Onu da deyim ki, yarışları yüksək səviyyədə təşkil etdim və keçirtdim. İdman komitəsinin sədri yarışın yekununda dedi ki, bu vaxta qədər burada belə yüksək səviyyədə yarışlar keçirilməyib. Buna görə də, mənə təşəkkür elan etdi və iki qat əməkhaqqı verdi. Elə bu yarış keçirmə təcrübəsi də İsmayıl müəllimin əməyi hesabına olmuşdur. Ümumiyyətlə, qısa bir vaxt ərzində mənim fəaliyyətim idman aləmində və yuxarı təşkilatlarda səslənirdi. Ulan-Udenin iqlim şəraiti, mənzərələri və eyni zamanda xalqı çox xoşuma gəlirdi. Lakin orada qalıb işləmək mənə qismət olmadı.
Yayda Baykal gölü ətrafında institut tələbələri üçün "İdman düşərgə"si yaradılmışdı. Mən də bir məşqçi-müəllim kimi güləşçilərin üstündə düşərgəyə getmişdim. Orada idmançılarla fiziki hazırlıq işləri aparırdıq. Bir sıra idman növləri ilə məşğul olurduq. O cümlədən, hər gün Baykalda üzgüçülük, avar çəkmə ilə də məşqlərimizi davam etdirirdik. Mən də idmançılarla bərabər, bütün hərəkətləri yerinə yetirirdim. Cavanlıq edib, özümü qorumayıb soyuğa verdim və xəstələndim. Həkim müayinəsindən keçəndə mənə məsləhət gördülər ki, isti iqlim olan yerə gedim. Yoxsa xəstəliyim daha da şiddətlənə bilər. Mən də ilin axırında işdən çıxıb Azərbaycana qayıtdım.
Zakir Babayev Sumqayıt şəhərinə gəlir və 17 nömrəli məktəbdə bədən tərbiyəsi müəllimi və "Neftçi" cəmiyyətində məşqçi işləyir. Bir müddət Sumqayıt şəhərində işlədikdən sonra 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumunun "Bədən Tərbiyəsi və Tarixi" və "Bədən Tərbiyəsi Nəzəriyyəsi" fənn birliyinə müəllim təyin edilir. Zakir Babayev müəllim işləməklə bərabər, öz peşəsi üzərində biliyini genişləndirmək məqsədi ilə bir sıra qəzet və jurnal məqalələri, orta məktəblərdə bədən tərbiyəsi dərslərinin proqramının, bədən tərbiyəsi tarixi və bədən tərbiyəsi nəzəriyyəsi və metodikası fənnlərinin dərs proqramlarının müəllifidir.
Babayev Zakir Allahverən oğluna 28 iyul 1964-cü ildə Klassik güləş üzrə "SSRİ İdman ustası" adı verilsin. Vəsiqə 38523 SSRİ Bədən Tərbiyəsi və İdman komitəsi sədrinin birinci müavini A.Kolesnikov
30 Yanvar 1987-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Babayev Zakir Allahverən oğlunu "Əmək Veteranı" medalı ilə təltif etmişdir. SSRİ Ali Sovetinin katibi, 17 fevral 1987-ci il Bədən tərbiyəsi və idman sahəsindəki uzun müddət və qüsursuz işlədiyinə görə Zakir Allahverən oğlu Babayevə 60 illiyində "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi" adı verilmişdir.
20 oktyabr 2001-ci il Zakir Babayev hal-hazırda təqaüddədir. O, ömrünün 85-ci ilinə yavaş-yavaş qədəm qoyur. Sağlam və gümrahdır. Tez-tez keçmiş gənclik həyatını və keçən mənalı, mənalı günləri yada salır və doğma vətəni Şuşaya gedib gəlir. Onun üç övladı var: 1 qız, 2 oğlan. Hər üçü də ali təhsillidir. Ona uzun ömür, can sağlığı arzu edirəm!
Əbülqasım Novruzov,
Qızıl qələm" mükafatı laureatı