Köhnə dostlar - Tərlanə Yaqubqızı yazır
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/45jpeg-1739525072.jpeg)
Bugün Beynəlxalq Kitab Bağışlama Günüdür.
Gözəl səslənir, elə deyilmi?
Anlayan adam üçün kitabdan qiymətli hədiyyə ola bilərmi?
Kitab insan zəkasın məhsuludur, kitab çapı dünyanın ən böyük və səmərəli ixtiralarından biridir.Ağlım kəsəndən evimizdə olan kitabları sevmişəm. Anamın oxuduğu boz rəngli "Çalıquşu" kitabı mənə uşaq oyuncaqlarından daha cazibəli görünürdü. Yaşım imkan verməsə də, hərdən o kitabı vərəqləyib höccələyə- höccələyə oxumağa çalışırdım. İllər sonra o romanı oxuyanda uzaqda qalmış uşaqlıq illərimi və həmin kitaba olan qəribə marağımı xatırlamışam.
Kitablara sevgimi görən və özü də kitab həvəskarı olan babam mənə uşaq ədəbiyyatına aid kitablar alırdı və mən o kitabları sevə- sevə oxuyurdum.
Məktəb illərində hələ ibtidai sinifdən həm evimizə, həm də məktəbimizə yaxın məsafədə yerləşən Korolenko adına uşaq- gənclər kitabxanasına üzv yazılmışdım. Oradan alıb oxuduğum kitabların adları və məzmunları indiyənə qədər yadımdadır və elə zaman olub ki, uşaqlıq və gənclik illərimdə oxuduqlarıma yenidən qayıtmışam. Çünki o kitabları oxuyanda sanki yenidən uşaqlaşıb, yenidən gəncləşirsən. Elə bil köhnə dostlarınla illər sonra yenidən görüşürsən.
Bəlkə bir tərəfdən bəxtimiz gətirmişdi ki, hələ intetnet əsrinin gəlməyinə xeyli vardı və biz kitablardan dördəlii yapışmışdıq. Həm dərslərimizi oxuyurduq, həm bədii kitabları. Hətta istirahət və tətil günlərində boş vaxt tapan kimi dörd bacı Səməd Vurğunun "Vaqif", C.Cabbarlının "Solğun çiçəklər" və başqa pyesləri rollara görə bölüb növbə ilə ucadan oxuyurduq. Elə ktablara olan sevgimiz mənim və Dilarə bacımın gələcəkdə kitabxanaçılıq ixtisasına yiyələnməyimizə təkan vermişdi.
Ötən əsrin doxsanlarında yaşayanlar yaxşı xatırlayırlar ki, çox çətin vaxtlar idi. Müharibə, qaçqınlıq, ərzaq qıtlığı, inflyasiya... Bu çətin günlərdə yenə də "köhnə dostlar" köməyimə gəldi. Sumqayıtda birotaqlı mənzildə kirayədə qalırdıq. Evdə televizor yox idi, özümüzün də almağa pulumuz. Adətim idi, harada kirayə qalırdıq, təcili oralarda kitabxana axtarıb tapırdım. Şəhərin 11- ci mikrorayonunda yerləşən və yenə də xoşbəxtlikdən köçdüyümüz binaya yaxın olan kitabxanaya üzv olub oradan çanta dolu kitabları evə gətirir, azyaşlı övladlarıma oxuyurdum. Sonra çətin günlər arxada qaldı.Televizorlarımız da oldu, evlərimiz də. Amma bugünün özündə o kitabla keçən
günlərimizi xoş xatirə kimi yada salırıq və babasının adını daşıyan sonbeşiyim Yaqub mənə deyir ki, sən bizə kitabları oxuduqca qardaşım Nicatla oradakı hadisələr kino lenti kimi gözümüzün qarşısında canlanırdı. İllər sonra Karlsonu, Buratinonu, Mauqlini, Alisanı, Kozettanı və bir çox ədəbi qəhrəmanları ekranda görəndə təəcüblənmişdik ki, uşaq təxəyyülümüzdə də onları elə bu cür təsəvvür etmişdik.
Bugün Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş tədbirə dəvət olunan məktəblilər də bu əlamətdar günü sevə-sevə xatırlayacaq, onlara ərmağan edilmiş kitabları ən qiymətli hədiyyə kimi dəyərləndirəcək, dost kimi sevəcəklər.
Mən kitabları əbəs yerə "dost" adlandırmadım. Dahi rus şairi A.S.Puşkin ölüm yatağında ikən həkimin " Hansı dostlarınızla görüşmək istəyərdiniz" sualına cavab olaraq, əli ilə otağında yerləşən kiabları göstərmişdi.
Həqiqətən də, insana düzgün yol göstərən, yaşamaq eşqi verən, onu tənha qoymayan, çətin günlərində dayaq olan, gözünü və beynini nurlandıran kitablar bizim əsl dostlarımızdır!
Nə xoşbəxtəm ki hər gün bu dostların arasındayam!
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/21jpg-1739536187.jpg)
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/2jpg-1739529911.jpg)
Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkündür - Aqşin Yenisey yazır
![](https://adalet.az/uploads/img/posts/2025/02/14/62jpg-1739529695.jpg)
Rəşad Məcid: Aqil Abas bizi yenidən Ağdama apardı
![](https://adalet.az/uploads/img/posts/2025/02/13/Fotoramio (4)jpg-1739440854.jpg)