Hədiyyənin kəraməti - Tərlanə Yaqubqızı yazır

Hər il 8 mart Beynəlxalq qadınlar günü gələndə yadıma uzaq uşaqlıq illərində baş vermiş bir əhvalat düşür. Bayram ərəfəsində heç kəsin əhval- ruhiyyəsini korlamaq istəməzdim. Amma 8 mart günündə bəzən o qədər neqativ hallara şahid oluruq ki, Klara Setkin sağ olsaydı və baş verənləri görsəydi, yəqin ki, bu günün bayram kimi qeyd olunması sevdasından vaz keçərdi.
1976- cı il martın 7- si idi. Birinci sinifdə oxuyurdum. İlk müəllimimiz Almaz xanım xəstələndiyi üçün bir həftə olardı ki, məktəbə gəlmirdi. Onu başqa bir müəllim əvəz edirdi. Səhər ilk dərsimiz başlayan kimi həmin müəllim bizimlə salamlaşıb sinif jurnalında davamiyyətimizi yoxladı. Sonra üzünü bizə tutdu:
-Kimin valideyni mənim üçün hədiyyə göndəribsə, gətirsin stolumun üstünə qoysun.
Elə bil səhərdən uşaqlar bir himə bənd idilər.
Sinifdə bir canlanma yarandı ki, gəl görəsən. Uşaqlar hədiyyəni hamıdan birinci müəllimə vermək uğrunda sanki ölüm- dirim mübarizəsinə çıxmışdılar. Bir- birini itələyən, öz hədiyyəsini az qala müəllimin gözünə dürtmək istəyən uşaqların yarışı məndə müəllimin bayaq amiranə tərzdə dedikləri ilə bərabər dəli bir gülüş oyatmışdı. Özümü saxlaya bilmədim, pıqqıldayıb güldüm. Bu hərəkətim müəllimin gözündən qaçmadı. Məni lövhəyə çağırdı. Cəzamın ağır olacağını bilirdim. Dərsimiz ana dili olsa da qəsdən mənə riyaziyyatdan çətin bir misal verdi. Pərt olmuşdum, müəllimin bu haqsız hərəkətinə etiraz edə bilmirdim. Qəhər məni boğmuşdu. Müəllim mənim fikirləşməyimə də müsaidə etməyib danlağa keçdi:
- Gündəliyini gətir. İndi sənə yağlı bir "iki" verərəm, ağlın başına gələr, bilərsən dərsdə gülmək olmaz. Camaat anasına bayram təbriki olaraq "beş" aparanda, sən anana "iki" apararsan.
Birdən- birə sevimli Almaz müəllimi xatırlayıb kövrəldim. Gözlərim yaş dolu əyləşdiyim partaya yaxınlaşıb çantamdan gündəliyimi götürmək istədim. Elə bu zaman kitab- dəftərimin arasında kağıza bükülmüş bir bağlama gördüm. Bu, anamın müəllim üçün qoyduğu bayram hədiyyəsi idi. Ola bilər, səhər yuxulu olduğumdan məni hədiyyə barədə xəbərdar etsə də unutmuşdum. İndi hədiyyə, necə deyərlər, lap qanımın arasına girmişdi. Gündəliklə bərabər içərisində nə olduğunu bilmədiyim bağlamanı şəstlə müəllimə tərəf uzatdım. (O vaxtın hədiyyələri dəsmal, corab, ətir və s. olurdu). Bu dəmdə sanki möcüzə baş verdi. Bayaqdan qaşqabağını turşudan müəllim hədiyyəni görən kimi gülümsündü və məni tərif yağışına tutdu:
- Bayaqdan öz- özümə deyirəm ki, bu qıza nə olub? Bir həftədir sizə dərs keçirəm, səni əlaçı şagird kimi tanıyıram. Bayram olduğu üçün sənə "əla" yazıram. Bayaq verdiyim misalı isə hələ gələn həftə keçməliyik, unutmuşam.
Gündəlik əlimdə keçib yerimdə əyləşdim. Bugünkü dərs mənə çox şeyi öyrətdi. Öyrəndim ki, hədiyyə bağlı qapıları açarmış. Hədiyyə çox müşkülləri həll edərmiş. Bir sözlə, o gün hədiyyənin kəraməti mənə aydın oldu. Amma anamın çantama qoyduğu o hədiyyə mənim məktəb həyatımda ilk və son oldu. Elə yaxşı ki, dili ilə hədiyyə istəyən və hədiyyəyə görə " günahımı bağışlayan" o müəllim də tanıdığım ilk və son müəllimim oldu.
Sonralar əsl müəllim adı daşıyan qadın müəllimlərimə bayram günlərində verdiyim hədiyyə ancaq onlara həsr etdiyim şeirlər oldu. Mənə ədəbiyyatı sevdirən, şeir yazmağa ruhlandıran, məktəb tədbirlərində aparıcı olmağıma dəstək olan Azərbaycan dili və ədəbiyyatı müəllimi Südabə Mahmudovanı bugün də sevə- sevə xatırlayıram. Mədəni- maarif kollecində bizə ədəbiyyatı tədris edən Rəhilə Qasımovaya, Klara Rzayevaya Allahdan qəni- qəni rəhmət diləyir, Bakı Dövlət Universitetində bugün də çalışan sevimli müəllimlərim Nüşabə Sadıxlıya, Almaz Əliqızına və Xuraman Ağayevaya möhkəm can sağlığı və işlərində uğurlar arzulayıram.
Müəllim adını ləyaqətlə daşıyan, şagirdlərinin, tələbələrinin varlığını və uğurlarını ən dəyərli hədiyyə kimi qiymətləndirən gözü- könlü tox analarımızın, bacılarımızın, qızlarımızın, o cümlədən Ceyran və Kəmalə bacımın, Günel qızımın qarşısında baş əyir, onları bayram münasibətilə təbrik edirəm.
Amma yeddi yaşımda başıma gələn o əhvalatı yəqin ki, ömrümün sonuna qədər unutmayacağam. Çünki ətrafımızda baş verən bəzi haqsızlıqları, ayaqda olmağa layiq deyilkən hətta başa keçirilənləri görəndə istər- istəməz hədiyyənin kəramətini xatırlayıram. Bütün bunlar mənə uşaq vaxtı həll edə bilmədiyim o misal kimi çox müşkül görünür.
Digər Xəbərlər

Qadın da Vətən kimidir...- Çağdaş qadın şairlərimizin şeirləri

“Müharibə namus, torpaq müharibəsiydi hər birimiz şəhid ola bilərdik...”-Babək Aslanov

Etdiklərin qismətində var sənin

Vasif Quliyevin "Xankəndi" kitabı

“KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR...” - Vaqif TANRIVERDİYEV yazır

Şəlalə Camal: Boş qoydun qucağımı

TƏLƏBƏ YOLDAŞIMIZ RÖVŞƏNİN VƏFATI XƏBƏRİNİ EŞİTDİK... - Vaqif TANRIVERDİYEV yazır
