28 Mart 2025 19:58
317
HADİSƏ

 Şəhid ailəsi qonağımız oldu...

Biz həmişə Füzuli rayonunun Böyük Bəhmənli kəndindən olan, İkinci Qarabağ savaşının qəhrəmanı, tank komandiri, şəhid Elçin Tehran oğlu Süleymanovun məzarını ziyarət edib, ailəsinə baş çəkmişik.

Onun anası Xalidə xanıma, atası Tehran qardaşımıza, həyat yoldaşına, qızı balaca Xalidəyə, qardaşı Telman balaya, əmisi Hacı Təbrizə başsağlığı vermişik. Elçinin doğum və ölüm günündə bütün kənd camaatı şəhidin məzarını ziyarət edib, sonra da evlərinə gəlib, onların dərdinə şərik olublar.Yəni bu ailə, bu insanlar əl- oba tərəfindən heç vaxt unudulmur. Ötən ilin fevralın 19-da  Tehran qardaşımız Elçinin ayrılığına dözə bilməyib, Allahın dərgahına qovuşdu.O, oğlu Elçin Süleymanova qovuşdu. İndi hər ikisinin ruhu sakitdir və  bir- birinə  sığınıb.    Elçin mənim mamam nəvəsidir. Həm ata, həm də ana tərəfindən mənə çox yaxındır.

Elə gün olmur ki, Elçini, Tehranı yada salmayım. Hər gün " Quran" oxuyanda onları da xatırlayıram. Amma bu dəfə bayram günlərində onlar- Elçinin anası Xalidə xanım, qardaşı Telman balam bizim qapını açdı və qonağımız oldu. Elə bildim bizə Elçin gəldi, Tehran gəldi. Bayramda bundan böyük sevin ola bilməzdi. Elə bildim ki, dünyanı bizə verdilər. Bu dəfə Xalidə bacımızın, Telman balamızın  çöhrəsində sevinc gördüm və çox sevindim. Onlar dörd saat bizdə oldular, amma bu dörd saat dörd dəqiqə kimi tez keçdi.  Söhbətimiz o qədər şirin oldu ki, ayrılmaq istəmirdik. Onlara dedik ki, axşam qalıb, səhər gedərsiniz. Xalidə xanım isə bildirdi ki, evi kimsəsiz qoymaq istəmirlər, hara getsələr, axşam evə qayıdırlar. Tay biz də bundan sonra bir söz demədik.

Şirin söhbətimizin özəyi Elçin oldu, Tehran oldu, dünyasını dəyişmiş digər əzizlərimiz  oldu. Həmin anlar ömrümüzə-günümüzə qızıl hərflərlə, qızıl sözlərlə yazıldı.Çünki o anlarda Elçin vardı, şəhidlərimiz vardı, Tehran qardaşımız vardı. Və bir də əzizlərimiz  vardı. Ayrılanda həm onlar, həm də biz çox kövrəldik, gözlərimiz  doldu.

Çünki ömür çox vəfasızdır. İtirə-itirə gəlirik və itirəndən sonra bir- birimizin qədrini bilirik. Elə olmazmı ki, sağlığında bir- birimizə sevək, hörmət edək və qoruyaq?!

Emil Faiqoğlu