18 Aprel 2025 15:30
145
SAĞLAMLIQ

İmtiyazlı xəstələr zülm çəkir...

Ölkəmizdə elə xəstələr var ki,  dövlət onlara dərmanı pulsuz verir. Yəni belə xəstələrə imtiyazlı xəstələr deyilir və onlar dərmanları  imtiyazlı apteklərdən  alırlar.

Çox təəssüflə ki, Bakının mərkəzində  belə apteklər ya azdır , ya da yoxdur. Məsələn, Yeni Günəşlidə yaşayan imtiyazlı xəstələr həmin pulsuz dərmanları Qaraçuxur qəsəbəsindəki imtiyazlı aptekdən  ala bilərlər. Əgər o dərman olsa. Əksər xəstələr həmin qəsəbədəki aptekə getsə də, çox nadir halda hansısa dərmanları alırlar. Aptekdə xidmət göstərən əczaçı xanım deyir ki, dərmanların çoxu bizdə yoxdur, onları gedib, Maştağadakı imtiyazlı aptekdən ala bilərsiz, bəzi dərmanlar ya bizə gec gələcək, ya da heç olmayacaq.

Bax belə də olanda imtiyazlı xəstələr özləri, özləri gedə bilməsə də valideyinlərinə  hər ay ən azından bir dəfə Maştağaya getməlidir. Bu isə əlavə vaxt və pul itgisi deməkdir. Əgər onların özlərinin  və valideynlərinin xəstə olduğunu nəzərə alsaq , bu işin nə qədər müşkül  və ağır olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil.

Çətini odur ki, bu insanları başa düşən, anlayan  vəzifə sahibləri, məmurlar  yoxdur.  Onu görə də biz də bu insanların haqlı səsinə  qoşulub səhiyyə nazirinə  müracət edərək deyirik ki, o xəstələr hər ay dərman  almaq  üçün Maştağaya getməkdən beziblər. Ona görə hörmətli səhiyyə naziri konkret tapşırıq verməli, Bakının bir neçə mərkəzi yerində və o cümlədən Yeni Günəşlidə imtiyazlı apteklər fəaliyyət göstərməlidir. Elə konkret olaraq Suraxanı Tibbi Mərkəzində . Bu addım tezliklə atılmalıdır. Əgər bu addım tezliklə atılsa, Yeni Günəşlidə imtiyazlı xəstələrin problemləri həll edilir, onların hər ay Maştağa gedib- gəlməkdən  canları  xilas olar!!!

Emil Faiqoğlu