24 Aprel 2025 13:53
97
ƏDƏBİYYAT

SONA BÜLBÜLLƏR - Nazim MURADOV yazır

İlahi, bu nə səs, bu nə nalədi?!
Çəkilib zülmətə ölürmü dünya?!
Kainat Qədirə baş əyir, nədi?!
"SONA BÜLBÜLLƏR"ə dönürmü dünya?!

                                                  KƏNAN QAZİ


(Qədir Rüstəmovun əziz xatirəsinə)

Sona Bülbüllərə, onun tək yəni ilk və son ifaçısı olan Qədir Rüstəmova ilk dəfə nə vaxt qulaq asdığımı tam xatırlamıram. Bu dinləmə yəqin ki 1980-ci illərdə olub. Amma mədəniyyətimizin çox mühüm bir mərhələsi sayıla bilən Sona Bülbüllərin mədəniyyətimizin özü qədər köklü olduğunu, bizim də bu “mahnını” min illərdən bəri dinləməkdə olduğumuzu deyə bilərəm. Bu mahnının Qədirdən əvvəlki ifaçıları da şəxsən mənə məlum deyil, Qədirdən sonrakılar isə -Qədirə ən çox bənzəməyə çalışan Mustafa Mustafayev də daxil (hörmətli Aqil Abbas qüsuruma baxmasın)- başarısız təqlidçilikdən ötəyə gedə bilməyiblər. Sona Bülbüllər Qədirindir və yəqin ki musiqi tariximizdə bir sənət əsəri ilə bu qədər doğmalaşan, özdəşləşən ikinci bir nümunə yoxdur. Çahargâhın ölməz Mənsuriyyəsini Yaqub əmidən dinləmək xoşdur, amma onu Ağaxan Abdullayevdən, Alim Qasımovdan tutmuş Babək Niftəliyev, Mirələm Mirələmov, Güllü Muradovaya… qədər gözəl ifaçılardan dinləyib feyziyab olmaq mümkündür. Segâhı Arif Babayev, Mahuru Alim Qasımov, Dəştini Әlibaba Məmmədov, Süleyman Abdullayev, Sabir Mirzəyev… gözəl ifa ediblər, Sona Bülbüllər’i isə Qədirdən başqa heç kimdən dinləmək mümkün deyil. Zalım oğlu bu havanı bir dəfə necə ifa edibsə, bu havaya necə möhür vurubsa artıq onun özü belə ikinci dəfə o şəkildə oxuya bilməyib… Başqa sənətkârlarımızın repertuarına da Sona Bülbüllərin daxil edilməməsi bütün sənətsevər dinləyicilər tərəfindən təbii və böyük məmnuniyətlə qarşılanıb.

Qu quşu Allahın, ona cəmi bircə dəfə oxuma fürsəti verdiyini bildiyindən ömrü boyunca susaraq bütün enerjisini o “ifa” üçün toplayıb o ifanı yerinə yetirdikdən sonra dünyadan köçür. Qədir Rüstəmovun Sona Bülbülləri qu quşunun son nəğməsidir…

Vaqif Səmədoğlunun maraqlı və təxminən belə bir fikri var, deyir ki “mən yaxşı musiqiyə qulaq asanda dincəlmir, əksinə yoruluram, çünki yaxşı musiqi beyni yoran ağır bir işdir”. Qədirin bu ifası da əslində insanı yoran amma yorduqca da ona güc verən, insanın beynində yeni üfüqlər açan möhtəşəm bir dalğaqırandır… Sona Bülbülləri dinləmək üçün həmişə vaxtı olan mənim, bundan sonra da “Sona Bülbüllər vaxtım” olacaq… Әn az min dəfə dinlədiyim bu havadan hər dəfə fərqi bir şəkildə ‘havalandığımı’ etiraf edirəm…

Sona Bülbüllər şəxsən mənim üçün bir tərəfdən “dilə gətirilə bilməyən və haqqında səssiz qalmağın imkansız olduğu musiqi”dirsə (dırnaq içindəki ifadə Viktor Hüqo’ya aitdir, Hüqo deyir ki: musiqi, sözlə deyilə bilməyən və haqqqında da səssiz qalmağın mümkün olmadığı şeyləri ifadə edər), digər tərəfdən də “içimizdə həbs edilməyə məhkûm olan dərdlərimizi, səslənməsi sadəcə xoş təsadüflərə bağlı bir neçə musiqi parçası ilə ortaya çıxaran nadir sənət nümunələrindəndir (Ahmet Hamdi Tanpınar isə Beş Şehir əsərində deyir ki: ... Bizim dərdlərimiz nədənsə həbs edilməyə məhkûmdur; onlar, dinlənilməsi sadəcə təsadüfə bağlı bir neçə türküdə yaşayır).

Sona Bülbüllərin mənim həyatımda unudulmaz xatirələri də var. Onlardan bəzilərini Qədir Rüstəmov ana topraqla qucaqlaşmadan sizlərlə paylaşmaq istəyirəm. BDU-dakı tələbəlik dönəmimin (1989-1995) ilk illərində Qarabağda ağır savaşlar davam edirdi. Bu savaşlardan birində sol ayağını itirib ön cəbhədən vertolyotla Bakıya gətirilən dayım oğlu Kənan xəstəxanada ağır bir vəziyyətdə yatarkən onun yanında qalır, ona ancaq Sona Bülbülləri dinlədib ağrısını unutdura bilirdik. O illərdə Azərbaycan Radyosunda işləyən dəyərli dostumuz, jurnalist Şərəf Cəlilli mənimlə Sumqayıta- Kənanın yatdığı Təcili Yardım Xəstəxanasına getmiş, musiqini, ədəbiyyatı və təsəvvüfü çox sevən Kənanla çox maraqlı bir radio-reportaj yapmış, bu reportajı - radio programını Sona Bülbüllərin fon musiqisi ilə davam etdirib elə onunla da bitirmişdi. Müharibənin dəhşətlərini yaşamış, dostlarını və bir ayağını ön cəbhədə itirən Kənanın, bu programın kasetini dinlədikcə yavaş-yavaş sağlığına qovuşduğunu yaxşı xatırlayıram…

2003-cü ildə sevdiklərini bir göz qırpımında tərk edən və Qədiri çox sevən gənc dayım Arif Həsənoğlu’nun belə bir rübaisi vardı: 

Ay gözəl bülbüllər, sona bülbüllər,
Yetməzmi bu həsrət sona, bülbüllər?!
Ağrıyır, sızlayır bağrımın başı
Qədir oxuyanda “Sona Bülbüllər”…

Tələbəlik illərimdə fürsət tapdıqca rayona, doğulub böyüdüyüm kəndə gedər, ailəmi bir-iki gün görüb Bakıya qayıdardım. Bu gedişlərdən birində sərin bir yay gecəsi idi və ailəmiz, qohumlarımızla gecə yarısına qədər balkonda oturub söhbət edirdik. Gecə yarısını keçdikdə birilərinin məni küçədən çağırdığını eşitdim. Səsindən tanıdım, məndən 2-3 yaş böyük olan və o illərdə çobanlıq edən bir dostumuzdu. Mənim kəndə gəldiyimi dağda bir çoban yoldaşından eşidən dostumuz, dağdakı sürünü çoban yoldaşına tapşırıb Qədir Rüstəmov’un Sona Bülbüllər mahnısı olan kaseti məndən almaq üçün gecənin qaranlığında 10-15 km yolu piyada kəndə gəlmişdi… Mən Qədirin kasetini böyük bir məmnuniyət hissi ilə o dostumuza bağışladım. Sona Bülbüllərə olan bu səmimi münasibət mənə görə ən təbii, qürurverici bir sevgi idi... Ayrıca zirvələr fəth edən Sona Bülbüllər yüksək dağlarda, geniş dərələrdə də səslənməyi haqq edirdi və təmiz havalı əngin dağ zirvələrinin də bu dünyanın adamı olmayan ‘havalı’ Qədir’in bu “təmiz və dəli hava”sına ehtiyacı vardı…

Yenə tələbəlik illərimin unudulmaz dostlarından ikisinin arasında keçən bir Qədir söhbəti də xatirimdədir– o zaman Azərbaycan radiosunda işləyən Laura Quliyeva dünyanın malında-mülkündə, müəllimlərimizin verdiyi dörddə-beşdə gözü olmayıb “bənövşəyə oxşadığı üçün” onlardan həmişə 3 (üç) istəyən və mənalı təbəssümü həmişə üzündə olan tələbə yoldaşımız İlqar Bayraməliyev’dən (şair İlqar İlkin’dən) radio üçün bir reportaj alanda Laura İlqardan soruşmuşdu ki, “əgər qayıtması imkansız uzaq bir yerə (yəni gedər-gəlməzə) getsən özünlə nə apararsan?” İlqar da cavabında demişdi ki Qədirin Sona Bülbüllərini apararam ki, gözüm arxada qalmasın... 

Sona Bülbüllərin bir zamanlar kosmosa -yer üzünü təmsilən- göndərildiyini eşitmişdim. Başqa planetlərdə yaşayan varlıqlara yer üzünün bu möcüzəsini göndərməklə insanoğlunun nələrə qadir olduğunu bildirmək istəyiblər sən demə. Bu gözəl və layiqli seçim təbii ki, bizi ancaq qürurlandıra bilərdi və mən yeri gələn hər yerdə Sona Bülbüllərin artıq sadəcə bir yer musiqisi olduğunu deyil, çəkisizləşib əbədiləşən bir kosmos musiqisi olduğunu da musiqi zövqü olanlara deyirdim. Bu sözləri eşidən Türk arkadaşlardan biri Sona Bülbülləri çox merak edincə bu parçanı internet üzərindən ona göndərdim və maşın sürərkən dinləməməsini tövsiyə etdim. Bir gün mənə zəng edib qəza yapdığını deyən o arkadaş, sən demə maşınını yolun kənarındakı böyük bir çuxura salanda Sona Bülbülləri dinləyirmiş…

Keçən il dünyasını dəyişən əziz qardaşım Polad, vəfatından bir neçə ay əvvəl mənə zəng edəndə mənim yenə “Sona Bülbülləri dinləmə vaxtım”dı. Təxminən on beş ildən bəri cəmi bir neçə dəfə görüşdüyümüz Polad, “sən iyirmi ildir Sona Bülbüllər”i dinləyirsən, doymadınmı?” sualını verəndə, “mən öləndə də qəbrim üstə bu havanı çalarsınız, mütləq eşidəcəyəm!” demişdim. Vəfatından bir neçə ay əvvəl görüşdüyüm Polad, “həqiqətən də Sona Bülbüllər’i dinləməyə dəyərmiş!” demişdi mənə…

Qədir Rüstəmov televiziya kanallarına çıxanda, onunla bağlı veriliş olanda ya da televiziya kanallarında Sona Bülbüllər səslənəndə yaxın qohum və dostlarımdan bir neçəsi mütləq Azərbaycandan zəng edər, “filan kanalı aç, Qədir oxuyur” deyə mənə xəbər verərlərdi. Qədirin Sona Bülbülləri illərdən bəri qürbətdə yaşayan mənim, bizi sevib-sayan əzizlərimizlə görüş yerimiz olub…

Hörmətli müəllimim Prof. Kâmil Vəli Nərimanoğlu’nun şahmat üzrə dünya çempionu olmuş Robert Fişer haqqındakı bir yazısında belə bir fikri var: “Dünyanın dəngəsi, həyatın özü üçün önəmli olan varlıqlar var: W. Faulkner (Folkner), G. Marquez (Markes), C. Castaneda (Kastaneda), Borges’in varlığı ədəbiyyat üçün; Üzeyir Bəy Hacıbəyli, Dmitri Şastokoviç, Fikrət Әmirov, Qədir Rüstəmov, Alim Qasımov, Barış Manço musiqi üçün nə qədər dəyərlidirlərsə dünyanın dəngəsi və varlığı üçün də o qədər dəyərlidirlər.” 

Qədir Rüstəmovun Sona Bülbülləri, Qədirin səs tellərinin titrəməsindən deyil, onun ruhunun səsinden yaranıb. Qu quşuna ömrü boyunca bir dəfə “oxuma” haqqı tanıyan Ruh sahibi, insanoğluna da ruhunu bir dəfə səsləndirmə haqqı verib yəqin ki, bu da Qədirin qismətinə düşüb. Әslində Qədir, bu ruhu səsləndirmək üçün seçilmiş bir “Ruh adam”dır və bu “ifa” onun fiziki ömrünü qısaldıb mənəvi ömrünü sonsuzluğa qədər yaşadacaqdır… 
Әslində Sona Bülbüllər’in “mətni” bizim yeddi hecalı bayatılarımızdan mütəşəkkildir:

Su atdım yara dəydi, sona bülbüllər
Әlim divara dəydi, saçı sünbüllər.
Dilim-ağzım qurusun, sona bülbüllər
Nə dedim yara dəydi, saçı sünbüllər.

Elə yar, yar deyirlər, heç məni demirlər
Ay sona bülbüllər!
Elə bil yar deyiləm, bir məni dindirməz,
Ay saçı sünbüllər!

Evləri köndələn yar, sona bülbüllər
Bizə gül göndərən yar, saçı sünbüllər
Gülü yarpıza dönsün, sona bülbüllər
Bizdən üz döndərən yar, saçı sünbüllər.

Elə yar, yar deyirlər, heç məni demirlər
Ay sona bülbüllər!
Elə yar, yar deyirlər, bir məni demirlər,
Ay saçı sünbüllər!

Dəryada gəmim qaldı, sona bülbüllər,
Biçmədim zəmim qaldı, saçı sünbüllər.
Çox çəkdim yar cəfasın, sona bülbüllər,
Mənə dərd-qəmim qaldı, saçı sünbüllər….

Elə yar, yar deyirlər, heç məni demirlər
Ay sona bülbüllər!
Elə yar yar deyillər, bir məni demirlər,
Ay saçı sünbüllər!

Qədir Rüstəmov’un, yeddi hecalı bayatı mətninin ortasına əruzla yazılmış və 
Olmasaydı qəm-i eşqin dil-i viranımda

Saxlamazdım onu bu izzət ilə yanımda… misralarıyla başlayan qəzəli yerləşdirməsi, heca ilə əruzun mükəmməl bir izdivacının ən gözəl nümunələrindən biridir. Yəni Azərbaycan xalq musiqisi ilə sənət musiqisinin birlikdə yer aldığı ən gözəl sənət nümunələrindən biri məhz Qədir

Rüstəmovun Sona Bülbülləridir…

“Gülü yarpıza dönsün, sona bülbüllər

Bizdən üz döndərən yar, saçı sünbüllər” misralarının qədim Türk mifologiyası ilə incə bir əlaqəsi var. “Gülü yarpıza dönmək”in mifoloji varyantlarından biri olan “vəfasız aşiqlərin məzarlarına gül deyil, yarpız qoyulması” çox maraqlı bir şəkildə bu “mahnının” yaddaşına ilişib qalıb. Əslində qarğış kimi səslənən bu üç söz, məşuqun “üz döndərməsi”nə baxmayaraq hələ də ona “yar” deyən aşiqin öncə yalvarışı, sonra qarğışı; cəmiyyətin isə o vəfasızı cəzalandırmasıdır həm də. İctimai münasibətlərdə bir vaxtlar çox həssas olan cəmiyyət, vəfa duyğusunu ölçü alıb və vəfasız olanlar ölümləri ilə də bu cəmiyyətdən yaxalarını qurtara bilməyiblər... Halbuki bu vəfalılıq bu günkündən fərqli olaraq çox da çətin bir şey deyildi... Böyük Füzuli də demirdimi:

Qılır təqsir, edib bir lütf, hər dəm könlüm almaqdan
Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz...

… Qədir Rüstəmovun adına layiq olmayan bu qaralama, rəhmətliyin 14 dekabr 2011 tarixli vəfat günü “qələmə alındı”. Sabah – 15 dekabrda “ipə-sapa yatmayan” Qədir Rüstəmov əbədi yatağında istirahətə çəkiləcək, zaman keçdikcə onun vəfat günü, hətta vəfat ili unudulacaqdır. Qədir kimi səsinə, sözünə və əngin Azərbaycan musiqisinə, Azərbaycan muğamına vəfalı olan sənətkarımızın böyük xidmətləri qarşısında kiçik bir vəfa borcu olaraq dəyərli hocamız Doç. Mustafa Aslan’dan onun vəfatı münasibəti ilə bir tarix düşməsini xahiş etdik. İndi Talasda (Türkiyə – Kayseri vilayəti) yaşayan Mustafa Aslan “bizi qırmayıb” Qədirin vəfatına bu tarixi düşdü: 

Azərbaycan'ın ünlü muğam sanatçılarından
QƏDİR RÜSTƏMOV ÜÇÜN TARİX

Muğamlar söylədi könlü pür-məlâl
Vədə tamamlandı, erişdi zaval.
Ay balam getdi də tarix yazıldı:
Rüstəmzâdə Qədir etdi irtihal.

2096رستمزاده قدير ايتدى ارتحال     
- 85آى بالام     
2011


Bəli, Qədir Rüstəmov 14 dekabr 2011-də ruhunu Ruh sahibinə təslim edib dünyadan köçdü. Onun ilahi səsiylə möhürlənmiş Sona Bülbüllər isə dünyanın sonuna qədər dil-dil ötəcəkdir…

Allah böyük sənətkarımız Qədir Rüstəmova rəhmət eləsin…

Nazim Muradov

14 dekabr 2011

Kuzey Kıbrıs Türk Cumhuriyyəti