23 Avqust 2025 13:51
110
SİYASƏT

Bu regionda əgər siyasi xəritələr dəyişməzsə, illər sonra... - Səxavət Məmməd yazır

Azərbaycan çox ağır dönəmdən keçir. Bir çoxları elə düşünürdü ki, müharibədən sonra həm ölkə daxilində, həm də dövlətin özü ilə bağlı hər şey hamar olacaq. Ancaq elə müharibə bitər-bitməz Azərbaycana qarşı ən müxtəlif istiqamətlərdən təzyiqlər başladı. Azərbaycan müharibəyə hazırlaşırdı deyə, müharibəni sahədə də, masada da, elə informasiya cəbhəsində də qüsursuz apardı. Ancaq xaricdən gələn təzyiqlər qarşısında xüsusilə son zaman baş verənlər çoxlu sayda qüsurları ortaya çıxardı.

Bir neçə ay bundan öncə sual versəydilər ki, Azərbaycanda ən çox hansı ölkə iş aparıb? Fikirləşmədən cavabım belə olardı - Rusiya, İran, Türkiyə. Ancaq indi açıq-aydın görünür ki, adı gedən ölkələr heç də böyük iş görməyib. Baş verən prosesləri izləyənlər hansı ölkənin daha ciddi iş apardığını görür və bilir.

Elə bir coğrafiyada yerləşirik ki, arzulamasaq da, düşmənsiz keçinməyəcəyik. Bir gün Ermənistan, bir gün Rusiya, bir gün İran, bir gün Gürcüstan, bir gün Fransa, bir gün Amerika, hətta bir gün Türkiyə ilə yola getməyəcəyik. Bu regionda sabitlik, sakitlik mümkündür, ancaq stabillik mümkün deyil!

Bu regionda əgər siyasi xəritələr dəyişməzsə, illər sonra müharibə olacaq. Su uğrunda mütləq şəkildə müharibə qaçılmazdır. İran hazırda susuzluqdan əziyyət çəkir, gələcəkdə Azərbaycanın da bundan əziyyət çəkəcəyi proqnozlaşdırılır. Su qaynaqları uğrunda müharibəni bəlkə biz görməyəcəyik, ancaq bizdən sonrakılar mütləq görəcək.

Gələk hazırda baş verənlərə. Azərbaycanla Rusiya arasında xüsusi bir gərginlik var. Bu gərginliyin artan xəttlə getdiyinin şahidiyik. Səbəblər heç kimə maraqlı olmadığı üçün nəticələr barədə danışaq.

Ümumiyyətlə, Rusiya ilə Azərbaycan münasibətləri həmişə dalğalı olub. Soyuqluq yaranan kimi Rusiyadakı bəzi siyasətçilər, ekspertlər, mətbuat orqanları Azərbaycanı təhdid edir. Burda qeyri-adi bir şey yoxdur. Rusların mahiyyəti budur. Hesab edək ki, ruslara deyirlər Azərbaycanın üzərinə əsin! Ruslar da şimal küləyi kimi əsir. Azərbaycanlı bəzi politoloqlara, siyasətçilərə, jurnalistlərə deyəndə ki, siz də ruslara qarşı əsin bizimkilər Xəzri, Gilavar kimi əsmirlər, Tornado kimi küləkləyirlər.

Misal üçün ruslar SOCAR-ın Ukraynadakı məntəqələrini vurub. Azərbaycanlı bəzi ekspertlər deyir ki, Azərbaycan Ukraynaya qoyduğu silah embarqosunu götürməlidir. Kənardan baxan da elə bilər ki, Azərbaycan dünya silah ticarətinin ən böyük payçılarından biridir. Ukraynaya dünyanın 50-dan çox ölkəsi yardım edir. Nəticə verir? Azərbaycan lap hesab edək ki, embarqonu götürdü. Bu nəyisə dəyişəcək? Yaxınlarda bir ukraynalı ehtiyatda olan polkovnik bu mövzu ilə bağlı qərb mediasına müsahibə vermişdi. Sözündən belə çıxdı ki, o embarqo qalxsa nə olar, qalxmasa nə olar. Hələ biri də çıxıb yazmışdı ki, Azərbaycan arsenalındakı silahları verə bilər. Azərbaycan özü güclənmək üçün silah alır. Arsenalındakı silahı vermək nə deməkdir? Silah embarqosunun əvəzinə başqa şey təklif etmək olardı? Əlbbət olardı. Silahdan daha effektiv olan bir şey təklif etmək olar. Misal üçün hərbi texnikaları pulsuz yanacaqla təmin etmək kimi. Bu da küləkdi, ancaq bu Xəzridir, Gilavardır, ancaq silah konkret Tornadodur.

Yaxud biri çıxıb Dərbəndi geri qaytarmalıyıq deyir. Kimsə durub deyəcək ki, bizimdir, tələb edək. Ölkədə özümdən yekə imperialist adam tanımıram. Azərbaycanın o gücü olduğunu bilsəm, Hələbi, Kərkükü də tələb edərəm. Ancaq qüvvələr nisbəti, reallıqlar var axı. Çıxıb dedim ki, Hələb bizimdir. Suriyda da ipləmənin biri çıxıb deyir ki, gəl olsun sənin. Adama deməzlər ki, ay başdanxarab bax hansı yolla gedəcəksən ora, qoşunu hardan aparacaqsan? Deyərlər, vallah deyərlər.

Bizimkilərin çoxusu elə bilir ki, haranısa tutmaq istəyəndə ordunun gücünə baxırlar. Tarix oxusaydılar bilərdilər ki, Krım birinci dəfə Osmanlıdan rusların əlinə keçməmişdən əvvəl nə baş verib. Yaxud, SSRİ Əfqanıstana girməmişdən əvvəl orada hansı işlər aparıb, yaxud Rusiya Krımı Ukraynadan almaq üçün hansı addımlar atıb. Ruslar 1920-ci ildə Azərbaycana gəlməmişdən əvvəl hansı işlər görüb. Hesab edək ki, Dərbəndi, Təbrizi tərkibimizə qatmaq istəyirik və buna hərbi gücümüz də imkan verir. Bunun üçün orda hansı işlər görmüşük? Təbrizlidən soruşmuşuq ki, bizə qoşularsan? Yaxud təbrizli Azərbaycan əsgərini görəndə qabağına duz çörəklə qaçmaq üçün nə etmisən? Eləcə də dərbəndlidən bunu soruşan olub? Yaxud bunun üçün iş görülüb? Türkiyə Afrində əməliyyat keçirəndə yerli əhali türk ordusunu duz-çörəklə qarşılayırdı. Niyə? Təkcə xilas olduqları üçün idi bu? Əlbbətdə ki, yox. Bu aparılan işin nəticəsi idi.

Dərbəndi götürmək istəyən birinci gedər avarların, ləzgilərin və türklərin (orada bir dəfə olmuşam onlar özünə azərbaycanlı yox, türk deyir) teatrına baxar, sonra barmağın dişləyər ki, ay aman biz daha yaxşısını etməliyik. Gedər oradakı türklərin problemini altdan-altan həll edər, işləyər. Deyənlər olacaq ki, Rusiya buna imkan verməz. Necə olur ki, Dərbəndəki zavod uğrunda iki iri ranqlı azərbaycanlı məmur savaşa bilirdi orada (təxminən 10 il əvvəl), ancaq dəstək vermək lazım gələndə Rusiya yada düşür? Gürcüstan da bunun kimi...

Azərbaycan Rusiya hərbi bazalarını müstəqillik zamanı çıxardı, daha sonra Qəbələ RLS-dən də getmək məcburiyyətində qaldılar, Qarabağdan da həmçinin. Dərbənddən söz düşmüşkən 2004-cü ildə Rusiya və Azərbaycan arasındakı hökumətlərarası razılaşmaya əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasına əvvəllər icarəyə verilmiş iki kənd, Xraxoba və Uryanoba kəndləri Xaçmaz rayonunun tərkibinə qaytarıldı. İş budur. Tornado kimi əsmək yox. Gül kimi mövzudur, götürün yazın ki, dünən Xraxoba ilə Uryanobanı almışıq, sabah da Dərbəndi alacağıq. Öz ölkəsinin Rusiya qarşısındakı uğurlarından bixəbər, dölbeyinlər.

Bəziləri də yazır ki, Azərbaycanda Türkiyə hərbi bazası, Pakistanın aviabazası yerləşdirilməlidir. Qəti anlayışları yoxdur ki, hücum olanda birinci növbədə aviabazalar hədəf alınır. Hesab edək ki, Rusiya ilə total müharibəyə girdik, Pakistanın da aviabazası var. Pakistan təyyarələri havaya qalxır, aviabazalar da vurulur. O təyyarələr hara enəcək?

İllərdir yazıram ki, Azərbaycan özü güclü olmalıdır. Əslində Azərbaycan özü güclü olmalıdır yazmaq ən çətinidir. Türkiyə bazası, Pakistan aviabazası qurulsun demək ən asanıdır. Niyə? Məsuliyyət yoxdur bunda. Hamı əsir, sən də biraz əs. Nə olacaq? Azərbaycan özü güclü olmalıdır demək, məsuliyyət deməkdir həm də. Bunu deyən adam öz ölkəsinin təkcə ordusunu yox, hər şeyini təhlil etməlidir. Zəif yerləri aşkarlamalısan, bunları ya yazmalısan, ya hansısa bir yolla dövlətə çatdırmalısan. Bunun üçün ən azı işləməlisən.

Türkiyə İran-İsrail toqquşmasını təhlil edəndən sonra ciddi şəkildə hava hücumundan müdafiə sistemləri, orta və uzaq mənzilli raketlər, ballistik, hipersəs raketlər, sığınacaqlar, həyacan siqnalları və sair istiqamətində hərəkətə keçib. Üç fərqli müharibə gördük - Hindistan-Pakistan, İran-İsrail və davam edən Rusiya Ukrayna. Bunlar təhlil edilməli, əlində olanlar masaya qoyulmalı, səhvlər, düzlər, zəif, güclü tərəflər aşkarlanmalı və iş aparılmalıdır. Küləkləməyə nə var, gəl bundan danış.

Azərbaycanla Rusiyanın, İranın, Fransanın, ABŞ-nin arasında soyuqluq olanda hamısına qarşı eyni adamlar hücum edir. Əslində bu adamların külək olması elə burdan görünür. Bu ölkələrin hamısı bir-birinə daban-dabana zidd ölkələrdir. Normalda Rusiyanı söyən adam ABŞ-ni söyməməlidir. Yaxud dünən İranı tərifləyən adam bu gün Amerikaya tərif deməməlidir. Bir ekspert var mənə yazmışdı ki, Qərbə qarşı mübarizə aparıram, niyə imkan vermisən, məni tənqid edirsən? İndi həmin adam Rusiya cəbhəsində döyüşür. Sülhməramlılar Qarabağda olanda az qala hər gün rusların etdiklərindən yazırdım. Oxuyanlar bilir, nələr yazırdım. Özümü kiməsə sübut etmək məcburiyyətində deyiləm. Deyirdilər ki, bəsdir, rus çıxsa yerinə Qərb gələcək, daha betər olacaq. İndi baxıram həmin adamlar Rusiyanın birinci eşalonun yarmaq üzərdir. Hansın da dindirsən deyəcəklər ki, dövlətmizi müdafiə edirik. Azərbaycanın başına gələn bütün bəlalara baxırsan və indi olanlara müqayisə edəndə görürsən ki, bu müdafiədən daha çox "qarğa, məndə qoz var" deməkdir. Bir nəfəsə 6-7 tarixi analogiya yaza bilərdim. Üzdə müdafiə elə, arxada "pul vermirlər" davası elə. Nə bilim vallah.

Gedin küləkləyin, lap Tornado kimi qasırğa qoprın. Ancaq öz stəkanınzda.

Səxavət Məmməd