adalet.az header logo
  • Bakı -°C
12 Fevral 2026 12:29
100
SİYASƏT
A- A+

“Azərbaycan xarici siyasətində çox aktiv, məqsədyönlü addımlar atdı...”

“Bu gün Cənubi Qafqaz bölgəsində çox dinamik proseslər gedir. 2020-ci ildən sonra, yəni 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalibiyyəti regionda ümumiyyətlə yeni münasibətlər sistemi yaratdı. Azərbaycan bir güc olaraq meydana çıxdı. Azərbaycana təsir imkanı olan Rusiya, İran kimi ölkələr əllərini bir qədər geri çəkməli oldular. Türkiyənin bölgədə mövqeyi gücləndi. Amerika, Avropa Azərbaycana daha geniş şəkildə diqqət yetirməyə başladı”. 

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

O, bildirib ki, Qarabağ probleminin həlli, Avropayla münasibətlər, Qərbin siyasi dairələri ilə dialoq, çoxvektorlu xarici siyasətin reallaşdırılması sözün həqiqi mənasında yeni Azərbaycanı gündəmə gətirdi:

“Ölkənin içində müəyyən problemlərin olmağına baxmayaraq Azərbaycan xarici siyasətində çox aktiv, məqsədyönlü addımlar atdı və burda da ciddi nəticələr var. Bu mənada Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında, xüsusən Donald Trampın gəlişi ilə bağlı yeni münasibətlər müstəvisinə çıxış, bu gün ABŞ Prezidentinin Azərbaycana səfəri, bundan əvvəl ötən ilin avqust ayında Ağ evdə bağlanmış müqavilələr, verilmiş bəyanatlar, Azərbaycan-Ermənistan-Amerika Birləşmiş Ştatları arasında olan üçtərəfli görüş və razılaşmalar artıq bu gün bölgədə reallığa çevrilir. Zəngəzur dəhlizinin açılması məsələsi və sair. Yəni bunlar Azərbaycanın irəli sürdüyü və reallaşdırmaq istədiyi geniş qlobal nəqliyyat layihəsidir və bunun genişləndirilməsi üçün ciddi addımlar atılır”. 

Q.Məhərrəmli deyib ki, ABŞ vitse-prezidentinin ölkəmizə gəlişi həmin sahədə irəliyə doğru çox böyük addımdır:

“Həm Amerika-Emənistan, həm də ABŞ-Azərbaycan münasibətləri, imzalanan sənədlər, əldə olunan razılaşmalar, strateji tərəfdaşlıq təməlinin qoyulması və bütün bunları ona gətirib çıxarır ki, bölgədə tamamilə yeni geosiyasi mühit yaranır. Burda aktorlar dəyişir, Azərbaycan güc olaraq ortaya çıxır, özünün siyasi məqsədlərini reallaşdırmaq üçün güclü-iqtisadi potensial yaradır. Eləcə də Orta Asiya Respublikaları ilə əməkdaşlıq, Çinlə strateji tərəfdaşlıq, Türkiyənin burda oynadığı fəal rol tamamilə yeni mənzərə yaradır. Ona görə Vensin Azərbaycana səfəri, onun verdiyi bəyanatlar, Azərbaycanla imzalanan sənədlər, Amerikanın Azərbaycanı öz strateji tərəfdaşı elan etməsi, bu səfərin və imzalanan sənədlərin yüksək qiymətləndirilməsi onu göstərir ki, Azərbaycanla ABŞ arasında münasibətlər tamamilə yeni mərhələyə keçir”. 

Professorun sözlərinə görə, Ermənistanla Amerikanın münasibətləri də indiki vəziyyətdə Azərbaycanın lehinə işləyən addımdır:

“Çünki Amerikanın bütün gücü və səyi ondan ibarətdir ki, İranı, həm də Rusiyanı geopolitik maraqlar çərçivəsindən çıxarsın, Ermənistanın İranla asılılıq münasibətlərini aradan qaldırsın, Ermənistanı iqtisadi cəhətdən gücləndirsin, onunla dinc nüvə əməkdaşlığını reallaşdırsın və Rusiyanın bu regionda iştirakını minimuma endirsin. Ona görə də bu proseslər dinamik şəkildə gedir. Bizim bəzi soydaşlarımız Amerika Ermənistan münasibətlərinin dərinləşməsindən narahatdırlar, amma mənə elə gəlir ki, indiki vəziyyətdə bu narahatlığa heç bir əsas yoxdur. Çünki Ermənistan özü özünün təhlükəsizlik sistemini Türkiyə və Azərbaycanla bağlayır. Həm kommunikasiya, həm də ümumi nəqliyyat infrastrukturu bunların hamısı irəliyə doğru addımlardır. İndi növbəti addım kimi Ermənistanda iyun ayında keçirilən parlament seçkilərinə qədər Azərbaycanla böyük sülh sazişinin imzalanması hesab edirəm ki, prosesləri dərin, güvənli bir məcraya yönəldir və bundan sonra regionda dincliyin, sabitliyin, iqtisadi əməkdaşlığın dərin təməllərinin atılması üçün ümidlər oyadır”. 

Vasif ƏLİHÜSEYN