adalet.az header logo
  • Bakı -°C
09 Mart 2026 12:48
158
DÜNYA
A- A+

“Əgər İran İslama riayət edirsə, müsəlman qonşuya qarşı...”

“İran rejimi İslam dinini təhrif edərək siyasi alətə çevirib. Qurana görə küfr və haram sayılan bütün əməlləri təqiyyə, siyasət, sionizmlə mübarizə adı altında aşkar şəkildə həyata keçirir. Müharibə başlayan gündən ancaq müsəlman ölkələrini bombalayır və İsrailin də əsasən ərəblər, digər millətlərdən olan müsəlmanlar yaşayan rayonlarını vurur. Eyni zamanda Türkiyə və Azərbaycana da raket və dron hücumu icra edib. Siyasi rejimin mahiyyətindən doğan vəziyyətə görə prezidentin səlahiyyətləri məhdud olsa da hər halda üzr istəmək səlahiyyəti yerində idi, dolayı və dolaşıq da olsa qonşu ölkələrdən üzrxahlıq etmişdi”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, lakin şüubiyyə mollalarının qılıncı olan SEPAH-ın bəyanatında açıq-aşkar prezidentin səhv etdiyi deyildi:

“Ancaq mübahisəsiz və şübhəsiz olaraq bilirik ki, Naxçıvana dron zərbəsi İrandan gəlib. Dövlət başçısı səviyyəsində bu məsələyə münasibət bildirilib, hadisə terror aktı kimi qiymətləndirilib, namərdlik hesab edilib, müvafiq açıqlamalar verilib, uyğun addımlar atılıb. Bir çox dost, müttəfiq ölkələr öz narahatlıqlarını və münasibətlərini ifadə edib İran tərəfdən törədilmiş hadisəni qınayıblar. Törətdiklərini öncə etiraf etmək istəmədilər. Sonra da bunu təhdid üçün etdiklərini yazdılar. Səfir isə bu xəbərləri yayan SEPAH-a məxsus teleqram kanallarından bixəbər olduğunu dedi”. 

Onun sözlərinə görə, dünya mətbuatı və siyasiləri tərəfindən yayılan rəsmi məlumatlara görə savaş yeni başlayan günlərdə İranda məktəbin vurularaq uşaqların həlak olmasının da təşkilatçıları heç şübhəsiz ki, rejimin özüdür:

“Çünki əhalinin rejimə qarşı etirazlarını yalnız bu metodla neytrallaşdırıb diqqəti daxili düşməndən xarici düşmənə qarşı yönəldə bilərdilər. Müəyyən qədər bu effekt verdi, insanları inandıra bildilər ki, məktəbi ABŞ vurub. 1941-ci ildə SSRİ-nin Hitler Almaniyası ilə müharibəsi zamanı Ukraynada müəyyən bölgələrin savaşmaqdan imtinasının qarşısını almaq üçün Stalin, üzərinə alman xaçının şəkli çəkilmiş qırıcılarla əhalini bombalatmışdı. Ondan sonra əhali rahat şəkildə savaşa qatıldı. İran rejiminin də Stalinin bu metodundan istifadə etməsi aydındır. Lakin bütün hiylələrə rəğmən İran rejimi Azərbaycana qarşı hücumu üzərindən ata bilmədi, etiraf etdi. Fəqət prezident Pezeşkiyanın üzrü ilə əsas hakimiyyət olan şüubiyyə mollalarının təkzibi onu sübut etdi ki, rejim daxilində mürəkkəb idarəetmə üsulu daha da xaotik durumdadır. Ümumiyyətlə xarici siyasət yoxdur”. 

T.İrfan deyib ki, lakin Naxçıvana hücumu İrandakı xaotik vəziyyətlə, müharibədən doğan qarışıq durumla əlaqələndirib terroru törədənləri bir növ məsuliyyətdən yayındırmağa çalışmaq da növbəti cinayətdir:

“Hələ bunu danmaq ondan daha betərdir. O zaman açıq etiraf etsinlər ki, silahlı qüvvələrə nəzarət dövlətin əlindən çıxıb. İranın müsəlman ölkələrinə maksimum ziyan vurmaq siyasəti qəbuledilməzdir. Ərəb ölkələrinin mülki strukturlarını hədəf almaqla özünə qarşı kualisiyanı böyüdərək əzabkeş qəhrəman obrazı yaratmaqla beynəlxalq aləmin diqqətini çəkmək arzusu sonda xalqı güdaza verməklə nəticələnə bilər. Çünki hər bir halda müharibədən xalq əziyyət çəkir. Və bu "siyasət" xəyanət kimi xarakterizə olunaraq iflasa uğrayıb rejimin öz əleyhinə çevrilir. Onsuz da əvvəldən ağır olan sosial, iqtisadi vəziyyət daha da ağırlaşır. Bu vəziyyətdə xalq neçə ay susqun qala bilər? İran rejimi bunları düşünmək yerinə qonşulara hücum edir, dosta xəyanət yolunu seçərək namərdcəsinə ərazimizə atəş açır. Yalan, böhtan, iftira, şantaj və bütün şər əməlləri halal və vacib hesab edən İran rejimi özünü müsəlman elan etməklə əslində İslamı və müsəlmanları dünyaya mənfi imic və obrazda təqdim etmiş olur. İslamda qonşu haqqı müqəddəsdir. Həzrət Muhəmməd deyirdi, Cəbrail mənə qonşu haqları barədə o qədər şey dedi, elə düşündüm ki, qonşunun miras ala biləcəyini də deyəcək. Əgər İran İslama riayət edirsə, müsəlman qonşuya qarşı hansı dinin əsasları ilə xəyanət edir?”.

Vasif ƏLİHÜSEYN