Tanrı sənətinin daşıyıcıları
Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Təqvimin bu səhifəsi adi günü göstərmir. Bu gün ömrünü başqalarının yolunu işıqlandırmağa həsr edən fədakar peşə sahiblərinin-müəllimlərin günüdür. Təsadüfi deyil ki, dahi filosof Platon “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir” deyərək bu fəaliyyətin ilahi tərəfinə diqqət çəkirdi. Çünki müəllimlik sadəcə bir peşə, bilik ötürücülüyü deyil; o, ruhun işığı, təkamülü və nəsillərin mənəvi varisliyini təmin edən qlobal bir missiyadır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəsi vardır. Mən dünyada müəllimdən yüksək ad tanımıram” fəlsəfəsi də məhz bu müqəddəs amala verilən ali dəyərin ən parlaq ifadəsidir.
Müəllimlik peşəsinə sevgim ailə köklərindən pərvazlanıb.
Pedaqogika və sosiologiya elmində şəxsiyyətin formalaşmasında mühitin, genetik faktorların və ailə modelinin rolu hər zaman fundamental meyar kimi qəbul edilir. Müəllim ailəsində doğulub böyümək – hələ uşaq yaşlarından kitab qoxusunu içinə çəkmək, dəftər yoxlamaq həyəcanına şərik olmaq, elmi müzakirələrin və ziyalı mühitinin aurasında formalaşmaq, iştirak etmək deməkdir. Mənim bu peşəyə olan sonsuz sevgimin qaynağı da məhz böyüdüyüm ocaqdır. Bir ailədə atanın, bacıların, mənim və indi isə qızlarımın bu şərəfli cığırla irəliləməsi sadəcə bir təsadüf ola bilməz. Bu, antik dövrün dahi mütəfəkkiri Sokratın: “Dünyada hər bir insanda bir günəş var, bircə imkan verin ki, o parlasın. Müəllimlik isə o günəşi oyatmaq sənətidir” kəlamının bizim ailəmizdəki canlı təzahürüdür. Bizim evimizdə müəllimlik heç vaxt sadəcə iş saatları ilə məhdudlaşan bir peşə olmadı; o, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürmək kimi şərəfli bir həyat tərzinə çevrildi. Övladlarımın da bu estafeti eyni məsuliyyətlə davam etdirməsi ailəmizin bu ali sənətə mənəvi sədaqətinin sübutudur.
Hazırda bir müəllim və alim kimi fəaliyyət göstərdiyim Lənkəran Dövlət Universiteti (LDU) bu missiyanı daha geniş müstəvidə davam etdirməyimə imkan yaradır. Müasir dünyada təhsilin keyfiyyəti birbaşa olaraq pedaqoji kadrların elmi-nəzəri və praktik hazırlıq səviyyəsindən asılıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, LDU ölkəmizdə müasir standartlara cavab verən, rəqabətqabiliyyətli pedaqoji kadrların hazırlanmasında əhəmiyyətli bir regional mərkəz rolunu oynayır.
Universitetimizin pedaqoji ixtisasları üzrə hər il tələbə qəbulu planının 100% dolması cəmiyyətin, valideynlərin və gənclərin LDU-ya olan sonsuz inamının ən böyük göstəricisidir. Lakin bizim əsas uğurumuz təkcə statistika ilə ölçülmür. Bizim hazırladığımız müəllimlər bu gün respublikanın dörd bir yanında özlərini layiqincə doğruldur, Müəllimlərin İşə Qəbulu (MİQ) və Sertifikasiya imtahanlarında ən yüksək balları toplayaraq LDU brendini qürurla təmsil edirlər. Böyük yunan filosofu Platon dövlət idarəçiliyi və təhsilin vəhdətini vurğulayaraq yazırdı: “Dövlətin taleyi gənclərin tərbiyəsindən asılıdır. Əgər bir ölkədə müəllimlik fəaliyyəti layiqincə qiymətləndirilməzsə, orada nə elmdən, nə də ədalətdən bəhs etmək olar.” Biz məhz dövlətimizin intellektual gələcəyini inşa edən bir müəllimlər ordusu yetişdiririk. Çünki bilirik ki, müəllim yalnız o zaman həqiqi tərbiyəçidir ki, daima öz üzərində çalışır və yenilikləri işinə tətbiq edir.
Bu elmi və pedaqoji uğurların arxasında, şübhəsiz ki, güclü strateji idarəetmə və müəllim əməyinə verilən ali mənəvi dəyər dayanır. Universitetimizin rektoru, professor Natiq İbrahimovun rəhbərliyi ilə LDU-da müəllim nüfuzunun uca tutulması, hər bir əməkdaşın elmi potensialının üzə çıxması üçün yaradılan akademik mühit universitetimizi sadəcə bir təhsil müəssisəsi deyil, böyük bir elm ailəsi halına gətirib.
Mənim bir alim kimi formalaşmağımda, elmi fəaliyyətimin hər bir uğurlu addımında isə elmi rəhbərim, Azərbaycan ədəbiyyatşünaslıq elminin dəyərli ziyalısı professor İslam Qəriblinin əvəzsiz rolu olub. Onun elmi yaradıcılığı və pedaqoji ustalığı mənim üçün hər zaman yolumu işıqlandıran bir mayakdır. İnsanın öz ustadına olan hörməti, onun elmə və mənəviyyata olan fundamental sadiqliyidir.
Sokratın da dediyi kimi: “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.” Çünki müəllim əməyi hər cür maddi ölçünün fövqündədir.
Lənkəran Dövlət Universitetinin bir müəllimi və böyük bir müəllim nəslinin nümayəndəsi olaraq, mən öz həmkarlarımı, yetişməyimdə rolu olan bütün ustadlarımı, ailəmin dəyərli müəllimlərini və sabahın işıqlı ziyalıları olacaq tələbələrimizi ürəkdən təbrik edirəm. Biz birlikdə daha güclüyük və LDU olaraq Azərbaycan təhsilinə keyfiyyətli, milli ruhlu nəsillər bəxş etməyə davam edəcəyik!
Bayramınız mübarək, əziz Müəllimlər!
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.
Digər Xəbərlər
05 Oktyabr 2026 11:51
“Bu yolda nəinki düşmənə, ən yaxın qardaşa belə güzəşt etməməliyik”
05 Oktyabr 2026 11:01
Elə bilirdim ki, dünya əbədiyyən onundur- Əntiqə Kərimzadə yazır
05 Oktyabr 2026 09:10
Ah, bu sevdalar... - Tərlanə Yaqubqızı yazır
05 Oktyabr 2026 08:09
Müəllim öyrədir bizə
02 Oktyabr 2026 17:06
Əməyin dəyərindən istirahətin sevincinə – Nabran təəssüratları
01 Oktyabr 2026 18:29
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
01 Oktyabr 2026 10:00
Əbülfət Mədətoğlu: VARMI
01 Oktyabr 2026 09:23


Bakı -°C

