11 Noyabr 2024 15:22
1358
MƏDƏNİYYƏT

“Tarixdən bu günümüzə süzülən tar sənəti” mövzusunda konfrans-konsert keçirildi

Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə 7 noyabr 2024-cü il tarixində tanınmış sənətkar-tar ifaçısı Aydın Tağıyevin 90 illik yubileyinə həsr olunmuş “Tarixdən bu günümüzə süzülən tar sənəti” mövzusunda konfrans-konsert keçirildi. Bu tədbir, dörd ali təhsil müəssisəsinin - Ü.Hacıbəyli adına BMA, AMK, ADMİU, BXA Balakən Uşaq İncəsənət məktəbində ilk dəfə bir araya gələrək həm ustad dərsləri, həm də elmi-paktiki-konfrans təşkil etməsi baxımından əhəmiyyətlidir.

Məktəbin şagirdləri hazırladıqları müxtəlif musiqi nömrələri, vətənpərvərlik ruhunda şeirləri və xor ifaları ilə zalda əyləşənlərin ruhunu oxşadılar. Bu nömrələrdən sonra Bakıdan gələn professor və müəllim heyəti ustad dərslərinə start verdi. Ü.Hacıbəyli adına BMA-nın elmi- tədqiqat laboratoriyasının baş elmi işçisi, xalq artisti, professor Ramiz Quliyev və onun tələbəsi olan ADMİU-nun müəllimi Səxavət Məmmədov məktəbin tar, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə fortepiano, Ü.Hacıbəyli adına BMA-nın baş elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pofessor Arif Əsədullayev kamança, BXA-nın müəllimi, əməkdar artist Elçin Allahverdiyev xoreoqrafiya sinfi üzrə şagirdlərə və onlara dərs deyən müəllimlərə ustad dərsi keçdilər. 

Konfransın açılışını edən Balakən rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev konfrans iştirakçılarını və qonaqları salamladı. İ.Rzayev həmçinin Aydın Tağıyevin yeni nəsil tərəfindən tanıındığını və bu sahədə xalq artisti Ramiz Quliyevin xüsusi xidmətlərini vurğuladı. Daha sonra, Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə konfransın elmi və praktiki əhəmiyyətini önə çəkdi və bildirdi ki,virtuoz tarzən Ramiz Quliyevin təşəbbüsü ilə keçirilən bu cür tədbirlər Azərbaycan tar sənətinin gələcəyinə işıq salmaqdadır.

Nuridə İsmayılzadə “Usta sənətkar Aydın Tağıyevin həyat və fəaliyyətinə bir nəzər”, mövzusunda məruzə etdi. N.İsmayılzadə elmi-tədqiqat laboratriyasının əməkdaşları tərəfindən hazırladıqları “Türkdili dövlətlərin musiqi alətləri” adlı atlası İslam Rzayevə təqdim etdi. Xalq artisti Ramiz Quliyev tar ustası Aydın Tağıyevin hazırladığı tarla yer kürəsininin səhnəsini bir neçə dəfə fəth etdiyini vurğuadı və Balakən rayon mərkəzi küçələrindən birinə onun adının verilməsini təklif etdi. AMK-nın professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə “Azərbaycanın Qax, Zaqatala, Balakən bögəsində unikal musiqi mədəniyyəti”, elmi-tədqiqat laboratoruyasının əməkdaşları Arif Əsədullayev “Muğam ifaçılıq sənətinin sarı simi”, Zümrüd Məmmədova “Xanəndələrin müşayiətində tarın rolu”, Rauf Bəhmənli “Tar - Azərbaycanın mili sərvətidir”, Zeynal İsayev “Milli çalğı alətimiz tarın bəzi akustik xarakteristikaları”, Musa Yaqubov “Tar alətinin hazırlanma texnologiyasında ustaların fərqli yanaşması” adlı məruzələriiylə çıxış etdilər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini, Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Nargilə Qafarova və məsul şəxslər iştirak edirdi.

Sonda məktəbin direktoru Arifə Tağıyeva ailə üzvləri adından tədbir iştirakçılarına, məktəbə töhfə olunan kitablara, dərsliklərə görə gələn qonaqlara öz minnətdarlığını bildirdi və atasının düzəltdiyi tarı xalq artisti Ramiz Quliyevə təqdim etdi.

Balakən rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, Balakən camaatının iştirakıyla 8 noyabr Zəfər Gününə həsr olunmuş konsertdə xalq artisti Zümrüd Məmmədova, Abbasqulu Nəcəfzadə, əməkdar artist Elçin Allahverdiyev, Səxavət Məmmədov, Nigar Bayramova çıxış etdilər.

Böyük təəsüratlarla Balakən rayonundan ayrıldıq və ümid edirəm ki, musiqi mədəniyyətimizin inkişafına qatqı olacaq belə tədbirlərin sayı davamlı olacaq.

 

Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova