19 Dekabr 2024 09:34
398
ƏDƏBİYYAT

Təbiətin yenidən oyanışı kimi... - Ayaz Arabaçı yazır 

Həyat təsəvvür edilməz dərəcədə qiymətli və şirindir. Bizə bəxş olunmuş bu şirinliyin və dəyərin başında sağlamlıq durur..

Çox təəssüf ki, biz bunun fərqinə çox gec varırıq. Necə ki, bir aforizmdə deyilir:

- Sağlamlıq insanın başında elə bir qiymətli tacdır ki, onu yalnız xəstələr görür..Bu tacı itirmək, layiqincə qoruyub-saxlamamaq adətən öz səhlənkarlığımızdan, biganəliyimizdən qaynaqlanır.

Çox vaxt gözümüzü-könlümüzü oxşayan həyat nemətləri taleyimiz üçün əsil faciəyə çevrilir.Əslində imtina etməli olduğumuz bir sıra şeylər var ki,biz onları azaltmaq, həyatımızdan tədricən çıxartmaq əvəzinə onlara daha çox aludə olur,daha çox girdabına yuvarlanırıq.

Bu yazını qələmə almaqda məqsədim və niyyətim heç də müdriklik qiyafəsində dərs vermək, onsuz da məlum olan həqiqətlərlə yenidən qulaqlara sırğa asmaq deyil. Bu qəlbimin bütün hərarətilə qızınmış bir minnətdarlıq yazısıdır,xəyallarımın alt-üst olduğu, arzularımın darmadağın olduğu,qəlbimin qəfəsə salınmış quş kimi bəlkə də son çırpıntılarını verdiyi bir vaxtda yenidən ümid işartılarını cücərdən inamın yazısıdır.

Sinəmdəki kəskin ağrını hiss etdiyim o ana qədər heç vaxt içimi qəfil -durduğun yerdə ölmək xofu sarmamışdı.Düzdü gözümün qarşısında o qədər vaxtsız,həyatla tələm-tələsik vidalaşıb gedən insanlar olmuşdu ki..Amma bunun öz başıma gələcəyi fikri məndən işıq ili qədər uzaq idi.Axı mən, qızmar günəş şüaları altında, yğışda-suda,seldə, ucsuz-bucaqsız səma altında, dağlarda-meşələrdə bərkimiş bir kənd uşağıydım.Görünür ölüm adlı şər hökmdarına baş əyməyin vaxtı çatmışdı...

Zəruri analizləri verib, müayinələrdən keçdikdən sonra həkimlər açıq ürək əməliyyatının qaçılmaz olduğunu və bu prosesin çox təcili baş tutmasını dönə-dönə vurğuladılar.Düzünü desəm bu xəbəri eşitmək mənə sonsuz uçurumdan yuvarlanmaq kimi oldu.

Mən bu əməliyyatdan qəti şəkildə imtina etdim və ağlımı çulğamış dəhşətli vahimədən nisbətən qurtuldum.

Mən o məqamlarda dost,qardaş, ailə sevgisiylə əhatələnməyin adamın əlini-qolunu necə bağladığına bir daha şahid oldum.Artıq burda sənin qərar vermək hüququn əlindən çıxır, sənin əvəzinə hökmü məsləhətlər, təsəllilər,tənbehlər, göz yaşları verir...

Və sən başa düşürsən ki,sənin bu adamlara narahat, qorxulu, səksəkəli günlər yaşatmağa zərrəcə haqqın yoxdur.

-Telefonu götürüb artıq neçə illərdir ki,dostluq elədiyim Musa doktora zəng vurdum.Məsələni yüngülcə anlatdım,o gecikmədən sabah nəticələri də götürüb xəstəxanaya gəlməyimi istədi..

Açığı bir xeyli yüngülləşdim.Hər halda dostluğumuzun xatirinə o daha aydın məsləhətlər verəcək, daha artıq can yandıracaqdı.

Bir neçə dəfə onun xəstələrə necə mehribançılıq və nəvaziş göstərdiyinin şahidi də olmuşdum.

Mən üstəlik, Musa doktorun etiqadına hörmət bəsləyirdim.Onun qəlbindəki inam və Allah sevgisi eləcə də iman işığı çox güclü idi.

Həm də artıq ürək-damar cərrahı kimi 22 illik iş təcrübəsi onun haqqında çox şey deyirdi.Bu kardiologiya uzmanı həm də böyük hörmət və mərifət sahibi idi.

Doktor uzun illər Türkiyədə işləmişdi,İstanbul, Dr.Sadi Konuk Eğitim və Araştırma Xəstəxanası, Ürək və Damar cərrahiyəsi şöbəsinin uzman həkimi kimi fəaliyyət göstərmişdi.Hər şeyə rəğmən öz arxayınlığım və rahatlığım üçün haqqında apardığım araşdırmalar məndə məmnunluq hissi yaratmışdı:

2004-2005 – Ege Universiteti Türk Dünyası İnstitutu.

2006-2013 – Uludağ Universiteti Tibb Fakultəsi Xəstəxanası. Ürək və damar cərrahiyyəsi kafedrası. Uzmanlıq təhsili

Kurslar

2013-2014 – Ankara Universiteti Yabancı Dil Mərkəzi (ingilis dili təhsili)

2014-2016 – Muş şəhəri Özəl Sevgi Xəstəxanası

Assosiasiya

Türk Kalp ve damar cerrahisi derneği

2008 – Türk Kalp ve Damar Cərrahisi Dərnəyi. Mitral Qapaq təmirləri kursu. Edirnə ş.

2009 – I Bakı Ürək Günləri

2011 - II Bakı Ürək Günləri

2013 - III Bakı Ürək Günləri

2018 – Minimal İnvaziv və Robotik Kalp Damar Cerrahisi..

Mən tam yəqinləşdirdim-madam, Musa Qayıbov-Musa doktor bu qədər məndə inam yarada bilib onda mən düşünmədən ürəyimi ona əmanət eləyə bilərəm.Müalicəliksə müalicəsini, əməliyyatlıqdırsa əməliyyatını.

Səhəri vədələşdiyimiz vaxtda Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində görüşdük.Doktor artıq bir neçə ildi ki bu mərkəzdə ürək-damar cərrahı kimi fəaliyyət göstərir, xəstələrə yeni həyat bəxş eləyir.

Söhbətimiz-görüşümüz xeyli çəkdi, onun həkim kimi amiranə və özünə güvənli şəkildə qərarını təsdiqləməkdən başqa əlimdən bir şey gəlmədi.O bütün dəlillərində doğru olduğuna inandırmışdı məni.Doktor iradəsində tərəddüdsüz idi və yekun qərarı verdi:

-Əməliyyata hazırlaş!

Ağrıların əlindən bir qaranlıq bucağa sıxılıb qalmış ürəyimi gün işığına çıxardacaq bu adama heyrətlə baxırdım.Sanki ovsunlanmışdım.Ağrılar azalmışdı,qat-qarışıq xəyallar yox olmuşdu.

Bu adam elə bil ki, hardasa mistik qatlarda durub danışırdı.Və həm də şair ürəyinə məlhəm olaca şəkildə şairanə danışırdı.

Əməliyyata rahat getdim, arxayın getdim,gedəndə dedim ki, doktor elə bilirəm ki, öz qəlbini əməliyyat eləyirsən.

Musa doktor böyük ləyaqət və sevgiylə məni təhlükəli vəziyyətdən qurtardı, necə deyərlər yenidən həyata qaytardı...

Nə vaxtsa oxumuşdum-"Tanrı insanlara onların öz şəxsi duyğuları,hissləri şəklində özünü göstərir ki, bu da özünü yaxşı dərk etdirmək, yaxşı tanıtdırmaq üçündür".

Şükürlər olsun ki, hər şey yavaş-yavaş qaydasına düşür, sağlamlığım bərpa olur..İndi özümü Musa doktorun sayəsində yenidən oyanmış təbiət kimi hiss eləyirəm..Artıq həyatın xoş və mənalı anları barədə düşünməyə dəyər..

Mən sağlamlığımın rəsmini pozulmağa qoymayan Musa doktora bu yazımla minnətdarlıq duyğularımı çatdırmaq istədim.

Var ol doktorum!