Təbrizə Pünhanın şeirlərindəki onomastik vahidlərin semantikası
Akif İmanlı, Filologiya elmlər doktoru, professor
İstedadlı şair Təbrizə Pünhanın yaradıcılığında onomastik vahidlərdən istifadənin müşahidə edilməsi təbii haldır. Onomastik vahidlər dedikdə, bura antroponimlər (şəxs adları), oykonimlər (yaşayış yeri adları), oronimlər (yer səthinin relyefində olan hər hansı elementlərin, yəni oroqrafiya obyektinin xüsusi adı daxildir. Məsələn, Talış dağları, Qafqaz dağları və s.)
Hər bir şair özünə təxəllüs götürməkdə sərbəstdir. Təbrizə xanımın təxəllüsü “Pünhan”dır ki, bu söz fars dilində gizli deməkdir. Şairlərin götürdükləri təxəllüs köməkçi ad kateqoriyasına daxildir. Köməkçi ad, yəni təxəllüs, adətən adla birlikdə işlənir. Misal üçün Səməd Vurğun, o baxımdan Təbrizə Pünhan. Müşahidələr göstərir ki, Azərbaycan şəxs adları müxtəlif səbəblərdən yaranır ki, bunlardan biri də toponimlərdir. Məsələn, Altay, Savalan, Təbriz və s.
Şəxs adlarının mənası probleminə toxunan professor A.Qurbanov “Azərbaycan dilinin onomalogiyası” kitabında (Bakı: “Maarif”, 1988) yazır ki, “şəxs adlarının mənası mövcuddur və bu məna xüsusiyyəti adlarda uzun tarixi inkişafla əlaqədar formalaşmışdır... Tarixən dünyaya gələn uşağa ad verilərkən mütləq müəyyən bir məna, məzmun düşünülmüş və bu əsasda ad seçilmişdir” (səh. 189).
Təbrizə adı, göründüyü kimi, Azərbaycanın qədim paytaxtı olan Təbriz adından yaranmış və məişətimizdə təsadüf olunan nadir antroponimlərdəndir. Təbrizin mənşəyi və etimologiyası haqqında müxtəlif fikirlər vardır. Xalq etimologiyasına görə şəhərin təmiz havası və şəfalı mənzərəsi nəzərə alınaraq fars dilində “qızdırma qovan”, “xəstəlik qaçıran” mənası verən bu yerə Təbriz adı qoyulmuşdur. Guya Təbriz sözü farsca “qızdırma, isitmə” anlamında olan “təb” leksemindən yaranmışdır. C.N.Zeynaloğlunun “Müxtəsər Azərbaycan tarixi” kitabında (Bakı: Azərbaycan Dövlət Kitab Palatası, 1992) belə bir qeyd vardır: “Təbriz. Əsl adı Davris – Təvriz – Tabriz idi, Təbriz deyildi və farsların iddia etdikləri “təbriz”in “qızdırma tökən” ilə heç bir əlaqəsi yoxdur” (səh. 63). Təəssüf ki, adıçəkilən kitabda Təbrizin yeni etimoloji izahı verilməmişdir.
Professor Vilayət Əliyev “Azərbaycan toponimiyası” adlı dərs vəsaitində (Bakı: “Nurlan”, 1999, səh. 169-170) Təbriz və onun etimologiyasına aid maraqlı məlumata rast gəlinir: “Həmdullah Qəzvini yazır ki, şəhəri 791-ci ildə xəlifə Harun ər-Rəşidin arvadı Zübeyda xanım tikdirmişdi. Rəvayətə görə, qızdırmaya tutulmuş Zübeyda Xatun Təbriz ərazisində müalicə olunmuş və burada şəhər saldıraraq onu Təbriz adlandırmışdır. Təbriz fars dilindəki teb – “isti, qızdırma, yüksək hərarət” və riz – “tökmək, axıtmaq, yəni xatunun qızdırmasını tökdüyü, qızdırmadan xilas olduğu yer” adlandırmışdır. Təbriz oykonimini mənşə etibarilə fars dilinə aid etmək istəyənlər həmin rəvayətdən istifadə etmişlər.
Təbrizin mənşəyi haqqında digər müəlliflər də fikir söyləmişlər. Məsələn, A.E.Qrantovski yazır ki, H.Nyunberqə görə, e.ə. VIII əsr assur mənbələrində xatırlanan Tarvi (Təbrizin ən qədim forması) qəbilə bildirən toponimdir. Onun qənaətinə görə, Təbrizin ilkin forması Tarviça, yaxud Tarvaiça ola bilər, çünki bu variant e.ə. VIII əsr assur mənbələrində Tarvakisa şəklində qeyd olunmuşdur.
Göründüyü kimi, bu izahda Təbrizin etimoloji mənası aydın olmur, yəni qəbilə hansı xalqa məxsusdur və tavri nə deməkdir?
Təbriz şəhərinin tarixini araşdıran alimlərdən biri də S.M.Onullahi olmuşdur. Onun qeydlərindən bəlli olur ki, e.ə. 714-cü ilə aid assur kitabəsinə görə, Tarun–Tarmakis şəhəri Tovri (indiki Suxrab) dağının ətəyində yerləşirdi; deməli, şəhərin adı dağın adı ilə bağlı olaraq meydana gəlmişdir. “Tovri”nin sonuna cəmlik bildirən -z şəkilçisi sonralar əlavə edilmişdir. Yenə də mətləb aydın olmur.
Belə görünür ki, Tovriz//Təbriz sözünün semantikasını aydınlaşdırmaq üçün ya “tovri”, ya da ümumiyyətlə, Təbriz oykonimi ciddi şəkildə elmi araşdırmaya cəlb olunmalıdır. Hələlik, Təbriz oykoniminin tarvi qəbilə adından yaranaraq etnooykonim olduğunu qəbul edə bilərik. Biz hörmət əlaməti olaraq istedadlı şairimiz Təbrizə Hüseyn qızı Rəsulovanın yalnız adının mərkəzində dayanan Təbrizə sözünün semantikası üzərində dayandıq. Fikrimizcə, rəsmi adlardan ibarət olan Rəsulova Təbrizə Hüseyn qızı modelli antroponimik vahidlər iki komponentli Rəsulova Təbrizə kimi antroponimik birləşmələrə nisbətən daha çox konkretdir. Yeri gəlmişkən qeyd edim ki, yüksək vətənsevərlik hissinin hökm sürdüyü ailələrdə belə adlar övladlarına verilir. Elə zənn edirəm ki, Təbrizə Hüseyn qızı Rəsulova antroponimik vahidində maraq doğuran Təbrizə adı və onun etimoloji izahıdır ki, buna az-çox toxunduq.
Hüseyn qızı ifadəsindəki Hüseyn adı, tədqiqatçıların fikrinə görə, ərəb dilində “yaxşı” mənası verən Həsən adı ilə eyni kökdəndir. Azərbaycan məişətində geniş yayılan Hüseyn, Hüsü, Hüsni, Hüsniyyə kimi adlar onunla (Həsənlə) eyni kökdəndir. Hüseyn Həsənin əzizləmə forması olmaqla, təxminən “yaxşıcığaz” anlamına gəlir.
Təbrizə xanımın soyadı Rəsulovadır. Soyadın kökü Rəsuldur. Rəsul (Rasul) ərəbcə “elçi, səfir, nümayəndə” mənasını verir.
Bədii ədəbiyyat həyatı əksetdirmə sənəti olduğundan insan düşüncəsinin məhsulu kimi təbii zərurətdən yaranmışdır. Bədii mətnlərdə hadisələr müəyyən ideya ətrafında cərəyan edir və bu proses daxilində istər-istəməz obrazlar silsiləsi (antroponimlər) bədii mətnlərə orqanik üzv kimi daxil olur. Bu baxımdan Təbrizə Pünhanın poeziyası da onomastik vahidlərin zənginliyi ilə diqqəti cəlb edir. Öncə, antroponimlərin semantikasına fikir verək. “Bütün gözlər dikilmişdi // Ancaq Heydər Əliyevə”. Bu misrada iki antroponim vardır: Heydər və Əli. Heydər ərəb mənşəli sözdür. Mənası “şir, aslan; cəsur, igid” deməkdir. Əliyev soyadının kökü olan Əli ərəbcə “ali, ulu, yüksək” mənasındadır.
Nizamini tanıyıb baş əyir bütün bəşər // Üzeyir musiqisi bütün dünyanı gəzər.
Nizami ərəbcə “nizam” (qayda, intizam) sözü ilə eyni kökdəndir; həm də “şeir poeziya” bildirən “nəzm” ilə eyni kökdəndir.
Üzeyir sözünün mənası ərəbcə “güclü, qüvvətli”dir. Bu adın digər çalarları da vardır: “nadir, qiymətli, əziz”.
Nizami, Füzuli, Əssar olmuşam // Mənəm bu dünyanı yenə mat qoyan.
Füzuli – füzul “ülum” və “fünun” kimi “fəzl”in cəmidir. Füzulinin xalq arasında başqa mənası “ədəbə müxalif” deməkdir.
Həm şaham, həm şair Xətaiyəm mən,
Cahana sığmayan Nəsimiyəm mə,
Üzeyir, Cabbarlı, Cəlil, Sabirəm,
Xan qızı Natəvan, Məhsətiyəm mən.
Cavidəm, Müşfiqəm, Xəlil Rzayam,
Ölməz Şəhriyaram, o tay, bu tayam.
Xətai – ərəbcə “xəta” sözündəndir. Mənası “günahkar, günah iş görən”dir. Şah İsmayılın təxəllüsüdür. Şah İsmayılın bu təxəllüsü götürməsi bir rəvayətlə əlaqələndirilir. Deyilənlərə görə, Hürrün qəbrini açmaqda xəta etdiyi üçün özünə belə bir təxəllüs götürmüşdür. Digər mülahizələrə görə Şah İsmayıl Xətai təxəllüsilə özünün Xatay türk tayfasına mənsub olduğunu bildirmişdir.
Nəsimi – məşhur şairimiz Seyid Əli İmadəddinin təxəllüsüdür. Nəsimi ərəbcə “xəfif və lətif nəsim küləyinə mənsub olan” deməkdir.
Cabbarlı – Cabbar (Cəbbar) Allahın gözəl adlarından (Əsmayi-hüsna) olan Cabbarın ərəb dilində bir neçə mənası vardır: 1. Qüvvət, qüdrət,əzəmət sahibi; 2. Cəbr edən, zülm edən, qəsb edən; 3. Sınıqçı; 4. Allah.
Cəlil ərəbcə “böyük, uca, yüksək; hörmət sahibi” deməkdir.
Sabir ərəbcə “səbirli, dözümlü, dəyanətli” mənasını verir.
Natəvan XIX əsrdə yaşamış, xaqlımızın istedadlı şairi Xurşidbanunun təxəllüsüdür. Mənası “bacarıqsız, taqətsiz, əlindən bir iş gəlməyən”; “gücsüz, qüvvətsiz, iqtidarsız”; “zəif, aciz” deməkdir.
Məhsəti. Tədqiqatçıların fikrinə görə, Məhsəti farsların “böyük, dahi” mənasındakı “məhəst” sözündəndir.
Cavid – fars dilində “cavid”, “cavidan” əbədi, daimi deməkdir.
Müşfiq – ərəbcə “şəfqətli, rəhmdil, ürəyiyumşaq” mənasındadır.
Xəlil – ərəbcə “dost”, Rza – ərəb dilində “razılıq, məmnuniyyət” deməkdir.
Şəhriyar//Şəhryar fars dilində “hökmdar, padşah” anlamındadır.
Mehdi Hüseyn. Mehdi – ərəbcə “doğru yola gələn, düz yol tutan”, Hüseyn – ərəb dilində “gözəl, göyçək” mənasını verir.
Mir Cəlal – Cəlal ərəb dilində “böyüklük, ululuq, əzəmət, şan-şöhrət” mənasındadır. Mir farsca əmir sözünün ixtisarı olmaqla 1. Rəis, başçı, rəhbər; 2. Bəzi adam adlarının əvvəlinə artırılaraq onların seyid nəslindən olduqlarını göstərir.Seyyid isə ərəb dilində 1. Ağa, cənab; 2. Nəsilcə guya Məhəmməd peyğəmbərin nəslinə mənsub olan deməkdir.
Səməd Vurğun – Səməd ərəb mənşəli sözdür. Mənası: 1. Əbədi yaşayan, əbədi, daimi; 2. Möhkəm, bərk; 3. Əbədi mövcud olan.
Bəxtiyar – fars dilində “xoşbəxt” anlamındadır. Sözün birinci hissəsi olan bəxt “tale”, yar isə “dost, yoldaş, sevgili” mənasındadır.
Rəsul Rza. Rəsul ərəbcə “elçi, səfir, nümayəndə”, Rza isə yenə ərəb dilində “razılıq, məmnunluq, razı, qane olmaq” mənalarındadır.
Mikayıl – dini əfsanəyə görə, işi avand olsun deyə Allah özünə dörd icraçı mələk təyin edib: Əzrayıl, İsrafil, Mikayıl, Cəbrayıl. Bu mələklərin vəzifə bölgüsünə görə, İsrafil yalnız bircə dəfə dünyanın axırında zurnasını çalacaq, insanları məhşər ayağına, cavab verməyə çağıracaq. Əzrayıl istirahət bilmədən çalışır, eyni zamanda dünyanın müxtəlif yerlərində minlərcə adamın canını birdən alır. Mikayıl dörd mələyin içində ən xeyirxahıdır. Allahın əmri ilə o, insanlara ruzi yetirir, pay verir. İnsanlar onu sevir, övladlarına onun adını verirlər. Başqa xalqlardakı Mixail, Maykl, Mişel də həmin adın variantlarıdır. Qədim yəhudi dilindən tərcümədə “Allah kimi olan, Allaha bənzər” deməkdir.
Məmməd Araz. Məmməd Məhəmməd (Muhamməd) adının Azərbaycan dilində deyiliş və yazılış formasıdır. Mənası “həmd olunan, hamının tərif etdiyi, şərəfli, şanlı” deməkdir. Məhəmməd // Məmməd adı islam dininin banisi Məhəmməd ibn Abdullaya aiddir. Araz isə şair Məmmədin təxəllüsüdür. Araz Cənubi Qafqazda uzunluğu 1072 km olan və Kürün ən böyük qolu Araz çayının adındandır. Mənası qədim şumercə “dağıdan çay”, ərəbcə “axan, qaçan”, yunanca “səsli-küylü” olduğu güman edilir.
Həmzələr əlində at yəhərlənir // Dərənin bəyləri düzdə hərlənir.
Həmzə adının mənası ərəb dilində “iti, yandırıcı”dır.
Samın, Zalın, Rüstəmin bu yurddadır adları // Rəvayətdən xəbərsiz bizim talış dağları
Rüstəm – çox qədim İran, Midiya adlarındandır. Pəhləvi dilindən tərcümədə “enlikürək, sağlamcüssəli” mənasını verir.
Firdovsi “Şahnamə” əsərinin baş qəhrəmanlarından biri Zal oğlu Rüstəmdir. Zal fars dilində “qoca, yaşlı, ağsaqqal, ixtiyar” anlamındadır. Firdovsinin “Şahnamə” əsərindən bəlli olduğu kimi, Rüstəm anadan olarkən tükləri ağ olduğu üçün atası onu Zal adlandırmışdır.
Ərəb sözü olan Sam insanları və heyvanları tələf edən səmum küləyinin adıdır. Yəni Sam adının semantikasında bu məna durur.
Coşan sel aparıb Sara gəlini // Quşlar Xançobana xəbər uçursun.
Sara və Xançoban məşhur əfsanədən gələn adlardandır. Sara fars mənşəli söz olmaqla “xalis, saf” mənasındadır. Xanın fars dilində üç mənası vardır: 1. Süfrə, xonça; 2. Oxuyan, oxuyucu. 3. Karvansara. Fikrimizcə, fars dilindəki bu mənaların Xançoban antroponiminə heç br aidiyyatı yoxdur. Xançoban – xanın çobanı anlamına gəlir.
Firdovsi İranın şah tarixini // Altmış min beytlə otuz il yazdı.
Əbülqasim Firdovsi (934-1020) “Şahnamə”nin müəllifi, İran (fars) şairidir. Firdovsi sözünün mənası “cənnətə aid olan, behiştlə əlaqədar olan”dır. Araşdırıcıların fikrinə görə, bu söz ərəbcə “cənnət” mənasında olan “firdaus” sözündən yaranmışdır. Sözün əsli isə hindlilərin qədim sanskrit dilindən gəlir.
Dayanmışam küçəmizin tinində / Düşünürəm Rəna, Pərviz, Əzizə.
Bu misralarda işlənən şəxs adlarının semantikasına fikir verək:
Rəna ərəb mənşəli apelyativdən yaranan antroponimdir. “Gözəl, qəşəng, incə” mənasındadır.
Pərviz farslardan gələn söz olmaqla mənası “bəsləyən, böyüdən”dir.
Əzizə adı ənənəvi olaraq ərəbcə “əziz, sevimli, istəkli” mənasını verən Əziz oğlan adından yaranan qız adıdır.
Adəm, Həvva zamanından bax bəri // Daş dəni yox, dən də daşı üyüdüb.
Adəm adının mənası lüğətlərdə “adam; dinlərə görə yer üzündə ilk insan, ilk peyğəmbər adı” kimi qeyd olunur.
Həvva da ərəb mənşəli “diri, canlı, həyati” anlamında olan qadın adıdır.
Araşdırıcıların fikrini nəzərə alsaq qeyd etməliyik ki, Adəm və Həvva adları “Quran”dan gəlir. İslama qədər mövcud olan digər peyğəmbərlərin, onların qohumlarının adları müəyyən fonetik dəyişikliyə uğrayaraq ərəb dilinə keçmişdir ki, Adəm və Həvva da belə adlardandır. Azərbaycan ad sistemində Adəm və Hava – oğlan və qız adları haliyədə mövcuddur.
Bu dünyanı ikiəlli tutanlar // Qalmadı Əl-Müəyyədtək sultanlar.
Müəyyəd ərəb sözüdür. 1. Qüvvətləndirilmiş, əsaslandırılmış; 2. Kömək edən mənasındadır. Əl-Müəyyəd antroponimindəki “Əl” ərəb dilndə müəyyənlik bildirən artikuldur, adın mənasını dəyişmir.
İkinci misrada işlənən “sultan” haqqında nə demək olar? Sultan // soltan “hökumət, hakimiyyət” mənasında işlənən söz olmaqla Abbasilər dövründə yaranmışdır. Tədqiqatçıların məlumatına görə, ilk dəfə Harun ər-Rəşid öz vəziri Cəfər Bərməkiyə fəxri ad kimi “sultan” titulunu vermişdir. Sonralar xilafətə tabe olan əyalət hökmdarlarına da verilən bu titul Sultan Mahmud Qəznəvi dövründə ən yüksək titula çevrilmişdir.
“Saman düşdü, Zaman öldü”, – deyərlər // “Əcəb oldu, bizə güldü”, – deyərlər.
Zaman ərəb dilindəki zəman sözündən olub, elə “zaman” deməkdir. Məcazi mənada “bəxt, tale” mənasında da işlənir. “Saman düşdü, Zaman öldü” deyimi ilə bağlı bir hadisə xalq arasında yayılmışdır: Gecə bərk külək əsir, damdan bir tay saman düşür Zamanın başına, o da ölür. Odur ki, deyirlər “Saman düşdü, Zaman öldü”.
Əlini möhkəm tut yarıb dənizi // Musa peyğəmbərtək qaça bilərik.
Musa – Bibliyada adıçəkilən Moşe peyğəmbərin qədim yəhudi adının ərəb formasıdır. Bu adın ərəbcə mənası “suda batmaqdan xilas olmuş, sudan xilas olmuş”dur.
Musa peyğəmbərlə bağlı bir rəvayət yaranmışdır: Misirdə yəhudilərin sürətlə artdığını görən və bu artımın təhlükəli olduğunu duyan yerli hakim əmr edir ki, dünyaya gələn bütün yəhudi oğlanları öldürülsün. Belə bir şəraitdə bir ana öz oğlunu üç ay qoruya bilir. Lakin uşağını qorumaq imkanının tükəndiyini hiss edən ana qarğıdan səbət düzəldir, səthini qətranlayır, sonra oğlunu həmin səbətə qoyub onu Nil çayına buraxır. Həmin gün, rəvayətə görə, Misir Fironunun (Tövratda Misir hökmdarı Firon adlanır) qızı öz qaravaşları ilə Nildə çimməyə gəlibmiş. Qız səbətdə üzən uşağı görüb xilas edir və uşağa ad qoyur. Rəvayətdə adqoyma mərasimində mübahisəli məqamlar vardır. Bəziləri belə hesab edir ki, uşağa Mesu, yaxud Meşu adı qoyulubmuş. Bu isə qədim misirlilərin dilində “körpə uşaq, övlad” deməkdir. Digərləri hesab edir ki, ad Mousey adlandırılıb. Bu isə yəhudi dilində “çıxarılmış” deməkdir; yəni uşağın sudan çıxarılması nəzərdə tutulur.
Mesu, yaxud Mouseyi ərəblər Musa kimi qəbul etmiş, zaman keçmiş, Musa adı Azərbaycan məişətinə də gəlib çıxmışdır.
“Əmr edilir: Osmanov, // Dayanmadan irəli”
Osmanov – Bəlli olduğu kimi, Azərbaycan antroponimikasında -ov, -ova, -yev, -yeva şəkilçilərinin vasitəsilə yaranan soyadları rus antroponimiyasının təsiri ilə baş vermişdir. Aydın məsələdir ki, Osmanov soyadı Osman adından yaranmışdır.
Azərbaycanda islam dininin yayılması və islam dinində meydana gələn sünnə və şiə təriqətləri ölkəmizdə ərəb mənşəli adların yayılmasında özünü göstərdi. Şiə təriqətinə mənsub olanlar övladlarına ən çox Məhəmməd, Əli, Talıb, Həsən, Hüseyn, Rza, Kazım, Fatimə və b., sünnə təriqətinə mənsub olanlar isə Məhəmməd, Əbutalıb, Ömər, Osman, Ayişə adlarından istifadə etmişlər.
Göründüyü kimi, Osman adını sünnə təriqətinə mənsub olan ailələr öz övladlarına vermişlər. Osman adının leksik mənası ərəb dilində “ağırtərpənən, astagəl” anlamına gəlir.
Qoy desin Xəlil Rza // Budur gözəl Astara.
Azərbaycan antroponimiyasında istər Xəlil, istərsə də Rza özünə geniş miqyasda yer tutan adlardan hesab olunur. Bunların hər ikisi həm şəxs adı, həm də soyadlarının yaranmasında fəal iştirak edir. Xəlil ərəb mənşəli söz olmaqla “yaxın yoldaş, sevimli dost, sevgili”, Rza adı da ərəb dilində “razılıq, razı qalmaq, məmnunluq” mənasındadır.
Qırıb zülmət zəncirini // Azad oldu Azərbaycan.
Görkəmli alimimiz Firidun Ağasıoğlu (Firidun Ağası oğlu Cəlilov) “Azər xalqı” kitabında (Bakı: “Ağrıdağ” nəşriyyatı, 2000, 436 səh.) yazır: “Az–ər–bi–qan hissələrindən yaranan Azərbaycan adı min illər boyu mərhələ-mərhələ Az˃Azər˃Azərbi˃Azərbiqan˃Azərbican˃Azərbaycan şəklində formalaşmışdır. Bu adın kökündə duran azər etnonimi həm xalqımızın, həm də dilimizin adını tarixi və elmi baxımdan dəqiq təmsil edir: ölkənin adı – Azərbaycan; xalqın adı – azər xalqı; dilin adı – azər dili; vətəndaşlıq – azərbaycanlı” (səh. 23).
Qarabağın qan çanağı // Dağılmışdı dörd bir yana.
Qarabağ toponiminin “böyük” mənasında işlənən qara və qədim türk dillərində “el, tayfa, soy” anlamında olan bak sözlərindən yarandığı ehtimal olunur. Qədim kəngər-peçeneqlərin tərkibində qarabağ adlı tayfa olmuşdur. Peçeneqlər hələ eramızdan əvvəl Azərbaycanda yaşamışlar ki, toponim də həmin tayfanın adı ilə əlaqələndirilir. Deməli, etnotoponimdir.
Yox ölməyib Xocalı, nağıllaşıb yaşayır // Kərbəla müsibətin bütün xalqlar daşıyır.
Xocalı – Qarabağ silsiləsinin ətəyində yerləşən şəhər adıdır. Xocalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Xoca keçmişdə mədrəsə təhsili almış şəxslər, din xadimləri fəxri xoca titulu daşıyırdılar. Şəhərin ərazisində xocalar dəfn edilmiş qoşa türbə vardır. Yaşayış məntəqəsinin adı da buradandır. Sözə artırılan -li şəkilçisi aidlik, mənsubluq ifadə edir. Yeri gəlmişkən qeyd edək ki, titul latın sözüdür, mənası “fəxri ad” deməkdir.
Kərbəla İraqda, Dəclə çayı vadisində şəhər adıdır. Şəhərin əsası VII əsrdə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynlə Yezidin vuruşma meydanında 680-ci ildə qoyulmuşdur. Vuruşmada həlak olan İmam Hüseynin məzarı burada olduğu üçün müsəlmanların müqəddəs ziyarətgahı sayılır. Kərbəla ərəb dilindəki “kərbül” sözündən yaranıb “süstlük” mənasında olması güman edilir. Başqa fərziyyəyə görə isə ərazidə bitən “kərbül” bitkisinin adından formalaşmışdır. Digər mülahizəyə görə Kərbəla ərəbcə “qəm və bəla, müsibət” mənasını bildirir.
Yer üzündə biz hər yanı // Cəhənnəmə çevirmişik.
Cəhənnəm ərəb sözüdür. Axirətə aid mövhumi məkandır. Guya pis əməl sahibləri öləndən sonra cəhənnəmə vasil olacaqlar.
Şəfəqlərin içində // Şölə saçır Astara.
1945-ci ildən şəhər statusu alan Astara eyniadlı rayonun mərkəzidir. Astara çayının mənsəbində, Xəzər dənizinin sahilindədir. Bəzi tədqiqatçılara görə, toponim qədim türk dillərində ast (üst sözünün antonimi olan alt, aşağı hissə) və ar, yəni qarşı tərəf, əks tərəf sözlərindən yaranmışdır (sözün sonundakı -a kiçiltmə şəkilçisidir). Astaranın qədim adı Qum olmuşdur. Qum indi şəhərin məhəllələrindən birinin adıdır. Fars dilində qum “alçaq yer, aşağı yer” deməkdir. Göründüyü kimi, Qum və Astara toponimləri eyni məna verir. Digər tədqiqatçılar isə toponimin ast (alt, aşağı) və ara (yer) sözlərindən ibarət olub, “aşağı yer, tərəf” mənasını bildirdiyini qeyd edirlər.
Min illərdir kükrəyir, kişnəyir dağ çayları // Əsarətdən xəbərsiz bizim Talış dağları.
Talış dağları Qafqazın cənub-şərqində dağ silsiləsidir. Lənkəranın fiziki-coğrafi vilayətinin dağlıq hissəsidir. Xəzər dənizindən ovalığı ilə ayrılır. Talış dağları ifadəsindəki talış bu ərazinin qədim yerli əhalisi olan talış xalqının adı ilə adlandırılmışdır. Azərbaycanda yaşayan talışlar maddi və mənəvi mədəniyyətləri ilə bir-birinə yaxın olan azərbaycanlılarla demək olar ki, qaynayıb qarışmışlar. Qızılbaş tayfa ittifaqında yeganə irandilli tayfa olan talışlar Səfəvilərin hakimiyyətə gəlməsində və Səfəvilər dövlətinin möhkəmləndirilməsində müəyyən rol oynamışlar. Bu xidmətlərinə görə Səfəvi hökmdarları sonralar onlara Azərbaycanın ayrı-ayrı yerlərində müəyyən ərazilər vermişlər.
Qeyd. Talış sıra dağları Şimali Azərbaycanın cənub-şərqində İran sərhəddindədir. Dağın Qızyurdu zirvəsinin hündürlüyü 2436 metrə çatır. Dağ İran xalqlarının ari qrupuna aid talış xalqının adını daşıyı.
Savalanla, Elbrusla dayanıbdır əl-ələ // Qızyurdu zirvəsindən dağ-dərə batır selə.
Elbrus Baş Qafqaz dağ silsiləsində zirvəsinin hündürlüyü 5633 metr olan dağın adıdır. Elbrusun 20-yə qədər adı var. Farslar ona “Yüksələn, İşıldayan”, İran tayfalarından olan zendlər “Hündür dağ”, Elbrusun ətəyində yaşayan balkarlar “Ətrafı küləkli” adı vermişlər. Bəzi türk xalqları bu zirvəyə “Cinlər şahı”, abxazlar “Xoşbəxtlik bəxş edən dağ”, acarlar “Yalbuz” deyir. Kabardalar isə Elbrusu “Yəhərvari dağ” adlandırırlar. Əfsanəyə görə bu ad dağın zirvəsini fəth edən iki qardaşın – Şedok və Əbunun şərəfinə adlandırılmışdır. Kabardalılar indi də Elbrusa Şedokmingə, yəni “Şedokun mindiyi”, Əbumingə, yəni “Əbunun mindiyi” deyirlər. Kabardalar bu dağı “Günış dağı”, “Xoşbəxtlik dağı” da adlandırırlar. Adıgeylər bu dağı “Şadlıq dağı” mənasında Şadtau kimi tanıyırlar. Elbrusun qədim gürcü dilindəki “aburtsimi”, yəni “yüksələn”, “səmaya qalxan” sözündən əmələ gəldiyini söyləyənlər də vardır. Elbrusun bir mənasının da farsca “İşıldayan dağ” olduğunu qeyd edənlər də olmuşdur.
Savalan – Qəbələ rayonunda bir kənd Savalan adlanır. Kənd Savalan dağ silsiləsinin adı ilə adlandırılmışdır. Ehtimal ki, Cənubi Azərbaycandakı Savalan dağının adı ilə eyni mənşəlidir. Dağın adının mənası hələlik izah edilməmişdir.
Dərd başımda tutub çələng // Mələk idim oldum pələng
Mələk ərəbcədən gəlmə addır. Mələk Allahın xidmətçiləri olan fövqəltəbii canlı varlıq, həm də həlim, nəcib, gözəl varlıq kimi izah edilir.
Torpaq udub zaman-zaman bəşəri // Adəm, Həvva zamanından bax bəri.
Həvva qadın adı kimi məişətimizə ərəblərdən keçərək ən çox Hava formasında daxil olmuşdur. Həvvanın mənası ərəbcə “diri, canlı, həyati”dir. Adəm eyni formada kişi adlarında işlənir. Adəm ərəb mənşəlidir. Hazırda dilimizdə işlənən adam sözünün azacıq fonetik dəyişikliyə uğrayan formasıdır. Dini baxışlara görə Adəm yer üzündə ilk insan, ilk peyğəmbərin adıdır.
Ömrünün ahıl yaşıdır // Əzrayılla yanaşıdır.
Cəbrayıl, Mikayıl, İsrafil, Malik, Rizvan kimi mələk adlarının sırasında Əzrayıl mələk adı da vardır. Dini əfsanəyə görə Əzrayıl insanların canını alan ölüm mələyidir.
Təbrizə Pünhanın şeirlərində hidronimlıərə, yəni su obyektlərinin adına da rast gəlirik.
Qanqın suyundan içib gəlmişəm // Dəclədən, Fəratdan keçib gəlmişəm.
Qanq Hindistan və Banqladeşdə çay adıdır. Benqal körfəzinə tökülür. Uzunluğu 2700 km-dir. Sanskrit dilində “dik sahilli çay” mənasındadır. Çayın adı vadisinin dərinliyi və axma xüsusiyyətini əks etdirir.
Dəclə Türkiyə və İran ərazisindən axan çaydır. Fərat çayı ilə qovuşandan sonra Şəttülərəb çayı adı ilə İran körfəzinə tökülür. Uzunluğu 375 km-dir. Dəclə sözü qədim fars dilində “ox” deməkdir. Bu da çayın iti və düz axması ilə əlaqədardır.
Fərat Ön Asiyada çay adıdır. İran körfəzinə tökülür. Uzunluğu 370 km-dir. Aramey dilində “şirin su”, “möhtəşəm çay”, “çaylar atası” deməkdir. Fırat sözünün “sel” mənasında olması haqqında fikirlər mövcuddur.
Sıxıb gözlərimə mavi Xəzəri // Qəlbimə, ruhuma içirtməliyəm.
Xəzər dənizi Qafqazla Orta Asiya arasında yerləşir. Sahəsi 371 min km2-dir. Keçmişdə dənizin qərb sahillərində yaşayan “qas” və ya “xas” tayfasının adını daşıyır. Tarixi mənbələrdə dənizin 60-dan çox adının olduğuna dair məlumatlar vardır. Xəzər və Kaspi eyni mənanı ifadə edən tayfa adıdır.
Sən yaşıl dağların gözünün yaşı // Axdın damcı-damcı Xanbulan çayı
Çayın adı mürəkkəb söz formasındadır. Xan+bulan. Bulanmaq feili xan tituluna uyğun gəlmir. Xan qədim türk dillərində, həmçinin fars, monqol, əfqan və başqa dillərdə “el başçısı”, “hakim”, “hökmdar”, “cənab”, “ağa” və s. mənalarda işlənir. Xan titulu Azərbaycan antroponimləri və toponimləri sistemindəki bir sıra vahidlərdə mühafizə olunmuşdur. Məsələn, Xanlar, Ağaxan, Ataxan, Babaxan və s. antroponimlərdə, Xanlar, Xankəndi, Xanbulaq və s. toponimlərdə qalmaqdadır.
Fikrimizcə, Təbrizə Pünhanın xatırlatdığı Xanbulan çay adı Xanbulaq adının fonetik təhrifə uğramış formasıdır. Xanbulaq hidronimi xan və bulaq komponentlərinin birləşməsindən yaranmışdır. Ola bilsin ki, əyalətin xanı bulaq üzə çıxartdığı üçün xan bulağı adlandırılmış və həmin bulağın axıb töküldüyü çaya xanın şərəfinə Xanbulaq adı verilmişdir.
Uzun illərin ənənəvi qaydasına görə şairin yaradıcılığına həsr olunmuş məqalələrdə şeirlərin ideya-məzmunu diqqət (təhlil) mərkəzində saxlanılır, bu istiqamətdə təhlilə üstünlük verilir. Müşahidələr göstərir ki, belə yazılar çox vaxt orta məktəblərin yuxarı sinif şagirdlərinə yazdırılan inşa səviyyəsindən yuxarı qalxa bilmir, həm də oxucular üçün yorucu olur. Bu amili nəzərə alaraq həm də oxucular üçün maraqlı olsun deyə məqaləmizi şairin öz yaradıcılığından misallar gətirməklə onomastik vahidlərin izahı üzərində qurduq. Buna nə qədər və necə nail olduq? Bu barədə sözü oxucular deyə bilər.
Digər Xəbərlər
13 Oktyabr 2026 10:52
DİVARDAKI ŞƏKİLLƏR - Salatın Əhmədli yazır
13 Oktyabr 2026 10:51
Şlyapalı kişi....
13 Oktyabr 2026 09:35
AYAZ ARABAÇI POEZİYASI- RUHUN SƏMİMİYYƏT AYNASI - Vüsal Hicranoğlu yazır
13 Oktyabr 2026 09:32
Yusif Nəğməkarın yaradıcılığında vətənpərvərliyin poetik əksi
12 Oktyabr 2026 14:21
Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olundu – FOTO
12 Oktyabr 2026 12:04
ƏDALƏT – ƏXLAQIN ƏN ALİ PİLLƏSİDİR
10 Oktyabr 2026 17:40
"Məndən ötdü...": tarix poetik şedevrin aynasında
10 Oktyabr 2026 13:00


Bakı -°C

