16 Dekabr 2024 13:19
311
ƏDƏBİYYAT

Tofiq Bayram - 90

 Ana dilim

Qalxıb Şahdağına söz istəyirəm,

Çatsın hay-harayım dinləyənlərə,

Mən nankor deyirəm, nacins deyirəm –

Öz ana dilini bilməyənlərə!

 

Bu dil şirinlikdə şərbət kimidir,

Saflığı qorunan sərhəd kimidir,

Anamız Vətən də qürbət kimidir –

Öz ana dilini bilməyənlərə!

 

İtsin gözlərimdən qoy ilim-ilim,

Qəzəb ümmanıyam, yoxdur sahilim.

İlan zəhərindən acıdır dilim –

Öz ana dilini bilməyənlərə!

 

Döyüşdə bərkiyib el polad olur,

Zirvəyə uçmağa dil qanad olur.

Torpağın sevinci, dərdi yad olur –

Öz ana dilini bilməyənlərə!

 

Mən qədim “Qarabağ şikəstəsi” yəm,

Üzeyir nəfəsli gül dəstəsiyəm.

Vaqifin, Vurğunun nifrət səsiyəm –

Öz ana dilini bilməyənlərə!

 

Yad dildən pay umub kişi dilənməz,

Bu ləkə üstündən heç vaxt silinməz.

Füzuli şeirdə kimdir bilinməz –

Öz ana dilini bilməyənlərə!

 

Beyninə girmədi, ana öyüdü,

Əsilsiz yaşayıb o küt böyüdü,

Görüm haram olsun ananın südü –

Öz ana dilini bilməyənlərə!

 

Yad əllə bir çiçək, gül dərilməsin,

Canlı meyit olsun, o dirilməsin.

Bu ana torpaqda yer verilməsin –

Öz ana dilini bilməyənlərə!

 

Nankorun qızıldan olsa dirəyi,

Dar gündə millətin olmaz gərəyi.

Haramdır Vətənin halal çörəyi –

Öz ana dilini bilməyənlərə!

 

Bu dildə bir qızmış pələngəm, şirəm,

Aslanlar döşündən mən süd əmirəm.

Yeddi oğul doğsun, ana demirəm –

Öz ana dilini bilməyənlərə.

 

Yüz dili öyrənsən, alqışlayıram,

Hər dili üzüyə bir qaş sayıram.

Güllədən kəsərli söz tuşlayıram

Öz ana dilini bilməyənlərə.

 

Birinə əslini danıb desələr,

Bu nifrət ölüncə ona bəs edər,

Bir gün öz övladı qənim kəsilər –

Öz ana dilini bilməyənlərə.

 

Qədrini bilməsə kamanın, neyin,

Saman çuvalıdır o baş, o beyin

Bu ana torpaqda fərari deyin –

Öz ana dilini bilməyənlərə!

 

Övlad ki, yadlaşdı, dərd böyük olur,

Çəkdiyi xəcalət ömürlük olur.

Vicdan da, qeyrət də artıq yük olur –

Öz ana dilini bilməyənlərə!

 

Bu gün azad dilli Azərbaycanam,

O taylı, bu taylı vahid bir canam,

Baxır ögey kimi ağbirçək anam –

Öz ana dilini bilməyənlərə!

 

Şairəm, adım da Tofiq Bayramdır,

Bu dil cəngi səsim, ana laylamdır.

Vətəndaş sözünü demək haramdır,

Vətənin karına gəlməyənlərə.

Bu qanun ən ağır bir ittihamdır –

Öz ana dilini bilməyənlərə!

 

 

"Ən gözəl"

Ey könül, ümmanlar coşsun səsində,
Şeirin qanad açan günüdür bu gün.
Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!

 

Dostları şad görüm, yadları dalğın,
Arzumun gül açan günüdür bu gün.
Şöhrətli vətənin, qeyrətli xalqın
Tarixə nur saçan günüdür bu gün.

 

Payızdan xoş ətri gəldi baharın,
Elimin sevinci aşıb-daşıbdır.
Sifəti nurlanıb ağsaqqalların,
Ağbirçək analar cavanlaşıbdır.

 

Dünyanı mat qoyub bu arzu, həvəs,
Xalqımın öyünən günüdür bu gün.
Bütün ürəklərin həmrəy, həmnəfəs
Sevinclə döyünən günüdür bu gün.

 

Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alqışlardan Azərbaycana.
Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana!

 

Bayramın mübarək, ey ana Vətən!
Hünərlər, zəfərlər izləyir səni,
Şöhrətin ən uca zirvəsindəsən,
Hələ çox zirvələr gözləyir səni!

 

Azərbaycan deyəndə.

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

 

“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şe’r-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!

Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!

Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

 

 

 

 

 

 

Ay gecikən məhəbbətim!

 

İllər boyu səni gəzdim,

Ay gecikən məhəbbətim!

Sən yubandın, mən tələsdim,

Getdi gənclik təravətim,

Ay gecikən məhəbbətim!

 

Mən bir yanda sənə möhtac,

Sən bir yanda gəzdin əlac.

İki qəlbdə bir ehtiyac,

Övladıyıq bir həsrətin,

Ay gecikən məhəbbətim!

Saç ağartdım bu yollarda,

Harda idin, söylə harda?!

Bir yarpağam son baharda,

Saralıram yetim-yetim,

Ay gecikən məhəbbətim!

 

Sən əzabsan, göz yaşısan,

Bəxtimin son naxışısan,

Bəlkə tale qarğışısan,

Bəlkə də ilk səadətim,

Ay gecikən məhəbbətim!

 

Gəl ki, sənsiz ürək bir daş.

Poz qanunu, sədləri aş.

Sevə-sevə öləydim kaş,

Sən olaydın vəsiyyətim,

Ay gecikən məhəbbətim!

 

Bir könül var, əmanətdir,

Acısı da şirin dərddir.

Bir qadına xəyanətdir,

Bir gözələ sədaqətim,

Ay gecikən məhəbbətim!

 

Cəzan varsa, verən gəlsin,

Könlü hicran görən gəlsin.

Məcnun gəlsin, Kərəm gəlsin,

Desin, nədir qəbahətim,

Ay gecikən məhəbbətim!

 

Bir xəstəyəm, əlacım sən,

Bir koram, əl ağacım sən,

Görüşünə əl açım sən –

Gəl ol mənim son qismətim,

Ay gecikən məhəbbətim!

 

Vağzalı

Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
Vağzalı çalınır, anam ağlayır.

O, nələr etmədi toyunda, nələr
Bu həsrətin yeri nə tez bilindi?
"Vağzalı" çalınır, son dəqiqələr...
Özgə bir yuvaya köçürsən indi.

Köçürsən üzüağ, məğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri, xəyalı,
Bəs niyə kövrəlir o birdən-birə?

Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
Vağzalı çalınır, anam ağlayır.

Xeyir-dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşım.
Atanı dövrəyə alır qocalar,
Qapıya söykənir bəzəkli maşın.

Göz yaşı inci tək qonur sinənə,
Getmək istəyirsən, o qucaqlayır.
- "Ay qızım, xoşbəxt ol!" - söyləyir sənə,
Vağzalı çalınır, anam ağlayır.

Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.

Otaqda boş qalır gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın,
Vağzalı çalınır, anam ağlayır.

Ona təskinlik də gərək deyildir,
O göz yaşlarında sevinc var, bacım.
Səadət həmişə gülmək deyildir,
Ana qız toyunda ağlayır, bacım.

Gedirsən ən şirin arzu-kam kimi,
"Vağzalı" çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!

 

Qarabağı vermərəm!

Bütün aləm danışır

mənim səxavətimdən,

Dostlara pay verəndə

bahasını verərəm.

Qonağa süfrə açıb

öz halal nemətimdən,

Evimin ipəyini,

xarasını verərəm.

Lazım gəlsə yolunda

keçib, can sərvətimdən

Çıxarıb ürəyimin

parasını verərəm.

Kimlər ki, şəfqət tapır

öz ana təbiətimdən

Dərman kimi dağların

havasını verərəm.

Fəqət dağı vermərəm,

Mən heç zaman dönmərəm.

Fikrimdən, niyyətimdən,

lazım gəlsə, gözümün

Qarasını verərəm,

Qarabağı vermərəm!

Əgər yer-göy dağılıb,

dönsə baharım qışa

Parça-parça doğranıb,

yem olsam da qurd-quşa

Allah da göydən enib,

başlasa yalvarışa

Qara keşiş yumşalıb,

Kərəm ilə barışa

Göyçə gölü birləşib,

Göy-gölümlə qarışa

Yüz-yüz çaya Turşsutək

bir bulağı vermərəm

Mən canımı verərəm

Qarabağı vermərəm!

Bu necə qonşuluqdu,

üzük mənim qaş onun?

Mən öz başımdan keçim

çiynimdəki baş onun?

Torpağımdan pay verim

olsun könlü xoş onun?

Bu Qarabağ nə vaxtdan

məskəni olmuş onun?

Əli sınsın tarixi

belə düzüb, qoşanın.

Gözüm yoxdur üstündə

bircə qara daşının

Ağ dumanlar gəlinlik

duvağıdır Şuşanın.

Mən gəlinin üzündən

o duvağı vermərəm.

Namusum, ismətimdir

Qarabağı vermərəm!

Bu nə oyundu? - deyib

Vaqif qalxar məzardan,

Məqbərəsi od tutub

əriyər intizardan.

Lənət daşı yağdırar

Xan qızı daş hasardan.

Görən Üzeyir bəyə

çatıbdır bu səs hardan,

Qarabağın çənidir

tunc heykəli bozardan.

Nərə çəkir Koroğlu

cəngi çalır saz hardan.

Qıratdımı şığıyan

göyə qalxır toz hardan?

Çıxıb cıdır düzünə Nigar,

Xan Eyvaz hardan.

Kür burdan hay qoparır

kükrəyir Araz ordan.

Vətən satlıq mal deyil

əl çəkin bu bazardan.

Millətçilik deyilən

ən dəhşətli azardan.

Millət xilas olmasa

qurtarmaz ahu-zardan

Torpağıma girişən

Qarabağa gor eşən

Hər növ mərdi-məzardan,

cana doyub deyirəm

Əlin qopmasa ordan

köynəyim bayraq olub,

Seçilməz laləzardan,

mən əsgərəm əlimdən

O bayrağı vermərəm,

öz canımı verərəm,

Qarabağı vermərəm!