Torpağa daman şəhid qanı... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1877 | 2023-07-31 11:56

...O qan elə-belə qan deyil. Əgər topağa şəhid qanı damırsa, o torpaq başdan-ayağa Vətən olur, yurd olur, ocaq olur və bu Vətəni, bu ocağı şəhidlər qədər, qazilər qədər heç kim sevə bilməz... Çünki onlar Qarabağın işğaldan azad olunması uğrunda döyüşdülər və öz qanları ilə yeni bir tarix yazdılar. Qanla yazılan tarixi isə zamanın heç bir seli, suyu, yağışı, zəlzələsi, tufanı, qasırğası silə bilməz!...

...Bax, mənim tanıdığım və çox istədiyim Füzuli rayonunun Böyük Bəhmənli şəhidləri də öz qanları ilə yurdumuzu, elimizi azad elədilər və onlar da möhtəşəm bir tarix yazdılar. Böyük Bəhmənli Qarabağ uğrunda gedən döyüşlərdə 63 şəhid verib! 63 şəhid deyirəm, ha! 63 uca boylu oğlan, 63 aslan biləkli igid, 63 palıda bənzər, çinara bənzər ər oğullar!...

Onlar barəsində ən gözəl məlumatı Bəhmənlinin vətənpərvər oğullarından biri olan Ramil Məmmədov hazırlayıb, sosial şəbəkədə və bir çox mətbuat orqanlarında yayıb. Bu gənc o qədər millətini və xalqını sevəndir ki, hər bir şəhidin haqqında məlumat toplayanda sanki öz qardaşı, öz balası barəsində nəsə axtarıb və o şəhidlərin hamısını da balası qədər sevib!... Şəhid Elçin Tehran oğlu Süleymanovla bir sinifdə oxuyub və Elçinə də qardaş münasibəti bəsləyib. O, Bəhmənlinin 63 şəhidinin hər birini sevə-sevə yaşatmağa can atıb...

...Şəhid Elçin Tehran oğlu Süleymanov barəsində kitab çıxartmaq ideyasını isə şairə xanım Zeynəb Bəhmənli səsləndirib. Təbii ki, bu şəhid ailəsinin və eləcə də Bəhmənli şəhidlərinin doğmalarının ürəyincə olub. Elçin Süleymanov mənim bibim nəvəsidir. Uşaqlığı, körpəliyi, yeniyetməliyi gözümün qabağında olub. Həmişə “Vətən deyəndə” dodağı dörd yerdən çatlayıb. Ona görə də hərbi xidmətdən sonra Füzulinin “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edib. Çoxları onu fikrindən daşındırmağa çalışsalar da, amma Eçin Vətəni xilas etmək yolunu seçib və o yolda da aslan balası kimi döyüşərək şəhid olub. Vətəni sevən, Vətəni Anası, namusu bilən Elçin elə-belə də olmalı idi! İkinci Qarabağ savaşı başlayan andan – yəni 27 sentyabr 2020-ci ildən Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə erməni işğalçılarına qarşı mərdlikcə vuruşub! Sentyabrın 28-də ermənilər onun idarə etdiyi tankı vurublar. Amma Elçin salamat çıxıb. Sentyabrın 30-da döyüş mövqeyinə atılan artilleriya mərmisi nəticəsində bir neçə dostu və Elçin Süleymanov şəhid olub.

Təbii ki, hər bir şəhid haqqında bir povest, bir roman, bir hekayə, bir poema yazılsa yenə də azdır. Çünki onların bir gündə keçdiyi döyüş yolu bəzən bir romana, bir povestə sığmır. Ona görə sığmır ki, ildırım sürətli ikinci Qarabağ savaşında hadisələr elə cərəyan edir ki, orada 5-10 dəqiqə 1 il qədər uzun çəkir. Mən həm birinci Qarabağ savaşında, həm də ikinci Qarabağ müharibəsində döyüş bölgəsində olmuşam. Azərbaycan əsgərinin necə döyüşdüyünü, qanı axa-axa vuruşduğunu gözlərimlə görmüşəm. Və onların hər biri barəsində də bacardığım yazıları qələmə almışam. Elə əsgər olub ki, yarasını sarımağa kömək eləmişəm. Şəhidi qucağıma alıb səngərdən çıxarılmasına çalışmışam və nə yaxşı ki, onları xilas eləyə bilmişəm. Onlar məni həmişə yaşadır...

Bəhmənlinin 2020-ci ilin ikinci Qarabağ savaşında 44 günlük döyüşdə 4 şəhidi olub: Elçin Tehran oğlu Süleymanov, Tural Firəddin oğlu Qubadov, Şamil Xançoban oğlu Əliyev və Məhəmməd Aydın oğlu Talıbov! Onlar hər biri yeni bir tarix yazıblar, qanları ilə “Vətən” sözün həkk ediblər!

Elçin Süleymanov barəsində yazılmış kitabda onun müəllimlərinin, sinif yoldaşlarının, kəndin ziyalılarının və eləcə də Elçinin doğmalarının qəlbindən gələn yazılar insanın istər-istəməz içini, ürəyini silkələyir. O xatirələri, o yazıları oxuduqca Elçin Süleymanovun anadan olduğu gündən, uşaqlıq, yeniyetməlik, orta məktəb illəri və sonra da toyu adamın gözünün önündən kino lenti kimi gəlib keçir. Qızı Xalidənin dünyaya gəlməsi, babası Tehranın, nənəsi Xalidənin sevinci gözlərimiz önündə yenidən canlanır. O anlar canlandıqca Elçinin sağ olduğu hiss olunur. Yəni Elçini yaşadan, onun qızı Xalidə, babası Tehran, nənəsi Xalidə, doğmaları və əzizləridir. Və Elçini yaşadan bəhmənlilərdir, cəmi Azərbaycandır! Çünki elçinlər heç vaxt tək öz ailələləri, öz kəndləri və öz ocaqları üçün döyüşməyiblər. Onlar Azərbaycan uğrunda döyüşüblər və Azərbaycan uğrunda da şəhid olublar! Mən dəfələrlə onun barəsində yazılar qələmə almışam, amma hər dəfə nəyisə yaddan çıxartmışam və unutmuşam. Ancaq sonrakı yazılarımda bu boşluğu doldurmuşam. Elçin Süleymanov kimi şəhidlərimiz Azərbaycandır, Vətəndir, xalqdır! Və onlar barəsində bir yox ey, yüz kitab yazılsa da azdır! Və onlar barəsində yazılan kitabların son səhifəsi olmayacaq və həmişə ardı var yazılacaq. Bu yazının da ardı olacaq!...

TƏQVİM / ARXİV