adalet.az header logo
  • Bakı 20°C
27 Yanvar 2022 10:59
721
ƏDƏBİYYAT

TOY GÜNÜ - Şəlalə CAMAL yazır

Bu gün toyumdu, otağımda oturmuşam. Bir azdan toy adamları gələcək, vağzalı səslənəcək. Mən də həyat yoldaşımın qoluna girib otaqdan çıxacam. Bir də bu evə qayıtmayacağam sonra. İçimdən bir səs “ Etmə, hər şeyi yarıda qoy, soyun gəlinliyini” – deyir… Amma qonşular nə deyər, ailəm nə deyər?… Axı hər kəsin ümid yeriyəm… Axı hər kəs bəzənib – düzənib restorana gələcək. Axı bizim toydan kim isə kiməsə qız bəyənəcək, kimlərsə sağlıq deyəcək axı…

Halbuki məni düşünən yoxdu…

Hə, bir şey yaxşı oldu, daha “Nə vaxt tərpənirsən?”- sözünü eşitməyəcəm. Yerinə “Bir şey, mir şey var?”- deyəcəklər bir müddət.

Amma istəmirəm, könülsüz gedirəm. O bir mahnının da sözlərində var e, deyir: “Könülsüz gedən qızın, ağlamaqdır peşəsi”… Mən ağlamaq istəmirəm artıq. İndiyədək ağladığım bəsdi mənə. Güclü olmaq,. eh… Bəlkədə elə xoşbəxt olmaq istəyirəm.

HƏDİYYƏ

Səliqəli evdə valideynləri və Arif süfrə arxasında əylışib yemək yeyir. Bu zaman Arifə mesaj gəlir, “ Biz kafedəyik, istəyirsən sən də gəl”. Arif anasını qucaqlayıb, öpüb, atasından icazə alıb evdən çıxır. Anası qapıda: “Arif, oğlum, amandı, qurbanın olum tez gəl, bilirsən ki, narahatam, yeməyini də yemədin.”

Arif: Narahat olma, anam, qayıdacam.

Kafe: Uşaqlar yığışıb çay içir, hərə maşından danışır, hə… Arif, sən nə vaxt maşın alırsan?.. (yerdən gülüş səsləri eşidilir) – Onun anası icazə verməz, Arif hələ uşaqdı… (gülüş səsləri)

– Sürücülük vəsiqən də yox idi sənin? (gülüş səsləri davam edir)

– Adə, sürməyi bilir ki, öyrənsin də?

– (yerdən yenə səs) qırxında öyrənər… (gülür) o məsələ

Gülüş səsləri davam edir.

Arifin isə heç nəyi yox idi, söhbətə qarışa bilmirdi və bu onu çox narahat edirdi. Hər dəfə dostlarının xoşbəxtliyi və onların hər şeyi olduğunu görüb, özünün isə heç nəyi olmadığını biləndə çox pis olurdu. Nəhayət stoldan pərt olaraq durur və evə gəlir.

Qapını qəzəblə çırpıb açır və deyir: Bəsdir də, başqaları hər gün yeyib- içməkdə, sən mənə heç nə etmirsən. Mən də rahat yaşamaq istəyirəm. Mənim də buna haqqım var, mən bir də bu evə qayıtmayacam”- qapını çırpıb ağlaya- ağlaya evdən çıxır.

Ana donuq vəziyyətdə, məyus olur.

Televizorda aparıcının təqdimatında xəbərlər eşidilir: “Efiri elə indicə baş vermiş gərgin bir ölüm hadisə ilə açırıq. Hazırda Bakının inşaatçılar prospektində ağır avtonəqliyyat hadisəsi baş vermişdi. Sürücü idarəetməni itirərək avtomobili divara çırpmış, ölənlər var”…

Qara fon: fatihə surəsi eşidilir.

Mərhumun dəfnindən sonra oğlan əlini cibinə qoyub millətdən uzaqlaşır… gəlir evə, anasını öpüb qucaqlayır.

Kadr arxası səs: “Bəzən qıymır deyə valideynlərimizin bizə almadıqları şeylər əslində bizim varlığımızdır. Ən böyük hədiyyə də məhz budur”.