28 Avqust 2025 12:41
66
MƏDƏNİYYƏT

TÜKƏNMƏKDƏ OLAN SƏNƏTKARLAR

İrəvan Teatrı  - düşmən İqlimində Yaşayan Teatr və Vidadi Əliyev, Elmira İsmayılova – ömrünü səhnəyə həsr edən iki fədakar insan

Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan, yaratdığı obrazlara ruh verən, tamaşaçını təsirə salmağı bacaran nadir aktyorlardandır hər ikisi.

Onlar təkcə sənətkar deyil, həm də düşmən ölkənin iqlimində doğma teatrımızın keşiyini çəkmiş bir qəhrəmanlardır.
Ermənistanda tarix boyu mərhələli şəkildə aparılan deportasiyalara sinə gərən Azərbaycan teatrı ağır yollar keçib. Buradan ora, oradan bura köçürülə-köçürülə, nəhayət, 1967-ci ildə İrəvanda yenidən bərpa olunub.

Həmin ildən teatrın nəfəsini qoruyan, səhnəsini yaşadan bu adlar dayanıb önündə —aktyor, rejissor Vidadi Əliyev və aktrisa Elmira İsmayılova. Onlar teatrın bütün ağırlığını birlikdə çiyinlərində daşıyıblar

Vidadi Əliyev gənc yaşlarından Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsinə çıxıb. O, təhsildən aldığı teatr biliklərini həyat təcrübəsi ilə birləşdirərək, obrazlarını təkcə “oynamır”, həm də yaşayırdı. Tamaşaçı onun hər çıxışında səmimiyyət və peşəkarlığı görürdü.

Elmira İsmayılova isə teatr səhnəsinə öz incəliyi, dərin psixoloji oyun tərzi və güclü səs tembri ilə fərq qatırdı. Onun ifasında qadın obrazları təkcə xarakter yox, həm də dövrün, cəmiyyətin, tariximizin əks-sədası idi.

Həmişə qalmaqallardan uzaq olub, səssiz-səmirsiz, amma ustad duruşları, ləyaqətli addımları ilə yola davam ediblər. Vidadi Əliyevin qurduğu tamaşalar, və birlikdə oynadıqları rollar çoxdur, amma əsl dəyərləri onların təkcə yaradıcı irsində deyil, sənətə olan sadiqliyindədir.

Ömürlərinin 60 ilini teatra həsr edən bu aktyor cütlüyün bu il həm də 80 illik yubileyidir.

Bu iki sənətkar bir yerdə teatrın bədii simasını formalaşdırdılar. Hər biri 150-dən çox obraz yaratdı — klassik Azərbaycan dramaturgiyasından tutmuş dünya ədəbiyyatına qədər.

Cəfər Cabbarlının əsərlərində milli təəssübkeş obrazlar, Şekspirin pyeslərində dərin psixoloji portretlər, müasir dramaturgiyada isə həyatın içindən gələn, tamaşaçının özündə tapdığı insan taleləri…

Onların ifasında hər söz, hər pauza, hər baxış düşünülmüşdü. Səhnədəki harmoniyaları təkcə tərəfdaşlıqdan deyil, həyat yoldaşı olmalarından qaynaqlanırdı. Bir-birlərinin nəfəsini, baxışını, ritmini səhnədə də, həyatda da hiss edirdilər.

Qaçqınlıqdan Sonra Yenidən Səhnədə

1988-ci ildən başlayan hadisələr teatrı da məcburi köçkün etdi. Amma onlar ruhdan düşmədilər. Bakıda teatrın ilk tamaşasına yenə özləri çıxdılar. Səhnə dekorasiyaları sadə idi, amma onların oyunu bütün salona emosional bir güc yayırdı.

Bu, həm teatr, həm də aktyorlar üçün yenidən doğuluş idi. Onlar təkcə sənətkar kimi yox, həm də milli mədəniyyətin dirəniş simvollarıdır.

Dəyərsizləşən Dəyərlər

Bəs belə sənətkarlar nə qədər tanınır, onlara nə qədər dəyər verilir? Təəssüf ki, bizdə əsl sənətkarlar çox vaxt sağlığında diqqətdən kənarda qalır, ancaq vəfat etdikdən sonra yada düşürlər. Ölümü gözəlləşdirməyə adət etmiş bir cəmiyyətdə yaşayırıq.

İndi sənətə, sənətkara yox, “güldürənlər”ə dəyər verilir. Stəndapçılar, şit-şit danışıb “reytinq” yığanlar məşhurlaşdırılır, sənəti olmayanlar aktyor adlanır. Yetər ki, kimsə onların qarşısında ağzını tam açıb gülsün.

Zaman gec-tez kimin sənətkar, kimin müvəqqəti olduğunu göstərəcək. Amma o “gec-tez”i gözləməyək. İndi tanıyaq, indi dəyər verək, indi qədrini bilək.

Vidadi Əliyev və Elmira İsmayılova kimi sənətkarların bu yaşda kiməsə ehtiyacı yoxdur. Amma bizim çox ehtiyacımız var onlara — sənətə can verən, səhnəni, obrazı, tamaşaçını sevən və sevdirən aktyorlara.

Onlar tükənməkdədirlər…

İlhamə Nasir