24 Iyul 2024 16:58
76
GÜNDƏM

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə iyulun 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.

Adalet.az Konstitusiya Məhkəməsinə istinadən xəbər verir ki, nümayəndə heyəti görüşdən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub.

    Sonra Şəhidlər xiyabanı ziyarıt olunub.

    Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azadlığı uğrunda həlak olmuş Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində keçirilən görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib.

    Sədr vurğulayıb ki, iki qardaş ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir. Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik qardaş ölkələrimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.

    Sədr diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Hər iki ölkənin Konstitusiya məhkəmələri də bu əməkdaşlığa öz töhfələrini verir. Azərbaycan və Türkiyə arasında olan sıx hüquqi əməkdaşlıq məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından məhkəmə-hüquq təsisatlarının praktiki fəaliyyəti üçün çox vacibdir. Konstitusiya ədalət mühakiməsi orqanları arasındakı əməkdaşlıq həm ikitərəfli, həm Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY), həm də digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

    Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, o cümlədən hər iki məhkəmə arasında qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir. Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq mübadiləsi konstitusiya ədalət mühakiməsinin səmərəliliyini artıracaq, beynəlxalq səviyyədə isə məhkəmələrin bir çox məsələlər üzrə bir mövqedən çıxış etməsinə xidmət göstərəcək.

    Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq təcrübəsinə toxunulub, hüquqi məsələlər müzakirə olunub.

    Görüşdə hər iki tərəfdən Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

    Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.