SOSİAL ŞƏBƏKƏLƏR AĞADADAŞI MÜHAFİZƏÇİDƏN PİS DÖYDÜ VƏ DÖYÜR - Aqil ABBAS yazır

AQİL ABBAS
126 | 2024-07-24 12:18

50 ildir Ağadadaş Ağayevi tanıyıram və dostluq edirəm. İndiyədək onun kiməsə acı bir söz dediyinə və ya kiminsə xətrinə dəydiyinə şahid olmamışam. Özünü həm həyatda, həm də məclislərdə ağır-ağayana aparıb.  Baxıram, sosial şəbəkələr onu mühafizəçidən  pis «döyür» və döyməkdədir. Kimlərinsə trol dəstələri tökülüb Ağadadaşın üstünə. 

Məsələn, yazırlar ki, Ağadadaş hadisədən əvvəlki gecə möhkəm içibmiş, yıxılıb  qulağı  partlayıb və həmin xəstəxanaya müraciət edib, qulağına  tikiş qoyulub. 

Ay bunu yazan, sən həmin  gecə  Ağadadaşgildəydinmi, onunla birgə içmişdinmi?! Yoxsa ailə üzvləri bunu sənə xəbər edib?

Neçə ildir ki, bu görkəmli Xalq artisti  onkoloji xəstədir, ağır əməliyyat keçirib. Bu xəstəliyə  tutulanlara və ağır  əməliyyat keçirənlərə həkimlər içkini qadağan edir. Gündə nə qədər  dərman qəbul edir. Ağadadaş  canının düşmənidir ki, o dərmanların qarşılığında içki  içsin və yıxılsın? 

Xalq artistinin  əlində balta nə gəzirdi?! Ağadadaş xəstəxana ilə üzbəüz, demək olar ki, on addımlığında həyət evində  yaşayır. Bəlkə səhər-səhər  həyətdə  çalışırmış və ona görə də balta əlində çölə çıxıb?

Və mühafizəçidən elə söz eşidib ki, özünü  saxlaya bilməyib. İnsanın  əsəblərinin  son həddi var, istəyirsən Xalq  artisti ol, istəyirsən Xalq yazıçısı, akademik, professor, bəzən əsəblərinə sahib  ola bilmirsən. Görünür, o da  əsəblərinə sahib ola bilməyib. 

Mən Ağadadaşa haqq qazandırmaq istəmirəm, sadəcə olaraq, bir görkəmli Xalq artistinin sosial şəbəkələrdə linç olunmasının əleyhinəyəm. 
Daxili İşlər Nazirliyi rəsmi məlumat  yayıb ki, hadisə ilə bağlı araşdırmalar  aparılır, təhqiqat aparılır. Məsələn, dünən Ağadadaş Ağayev Binəqədi rayon

Polis İdarəsində olub, ifadəsi alınıb.

Özü isə açıqlama yayıb ki, tezliklə hadisə ilə bağlı video-müraciət  yayımlayacaq. 

Ağır onkoloji xəstəlik keçirən bir adamı, istəyir Xalq artisti  olsun, istəyir adi bir bənna, bu  cür linç etməzlər.  Bu, Allahın xoşuna getməz.

Allah bizi Allahın öz qəzəbindən qorusun!

Sonda. Mən həmin videonu izləməmişəm. Yaxın bir dostumun vəhşicəsinə  döyülməsini görmək istəməmişəm. Həmin videonu paylaşanlar da böyük səhv edir. 

TƏQVİM / ARXİV