adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 12:32
86
SİYASƏT
A- A+

Türkiyə nümayəndə heyəti Qarabağda - FOTOLAR

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.

N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.