Türkiyə və Rusiya arasında Krım "duello"su: "Onlar bizim qardaş və bacılarımızdır"
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Krımın ilhaqını tanımadıqlarını və bu ərazinin Ukraynaya qaytarılmalı olduğunu bildirmişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vaxt itirmədən Ərdoğanın məlum fikrinə mövqe bildirmişdi : Krımın kimə aid olması mövzusu Rusiya ilə Türkiyə arasında fikir ayrılıqları kateqoriyasına aiddir. Rusiya öz nöqteyi-nəzərini izah etmək cəhdlərindən əl çəkmir. Burada bizim fikirlərimiz fərqlənir, eyni zamanda, öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etmək üçün məqsədyönlü cəhdlərimizdən əl çəkməmişik. Ümid edirik ki, zaman keçdikcə bu, Ankaraya bizi daha yaxşı başa düşməyə, dəlillərimizi anlamağa və razılaşmağa imkan verəcək”.
Adalet.az xəbər verir ki, Peskovun açıqlası Türkiyə Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş direktoru Basat Öztürkü hərəkətə gətirib. Öztürk açıqlamasında bildirib ki, Türkiyə Ukraynadakı müharibəni mümkün qədər tez bitirməyə çalışır. Bunun üçün Ankara Ukraynanın maraqlarını nəzərə alaraq sülh danışıqlarından istifadə etməyi təklif edir.
Öztürk qeyd edib ki, Türkiyə tərəddüd etmədən Ukraynanı dəstəkləyir. Eyni zamanda o, bu dəstəyin təkcə Krım tatarlarının problemi ilə bağlı olmadığını vurğulayıb:”Biz Ukrayna xalqını da öz qardaş və bacılarımız hesab edirik, ona görə də mən həqiqətən də bütün qəlbimizlə onlara qayğı göstəririk”. Türkiyənin məsul şəxsi onu da qeyd edib ki, müharibənin sonunu sülh danışıqlarında axtarmaq lazımdır: “Heç bir müharibə əbədi deyil. Bu müharibədə sülhün əldə olunması şəraitində təbii ki, Ukrayna xalqının qanuni maraqlarına hörmət edilməlidir. Amma bunu da başa düşməliyik. Bu sülh danışıqlarında balanslaşdırılmış nəticə əldə etməliyik”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir 1954-cü ildə Xruşşov faktiki olaraq Ukraynaya RSFSR-in tərkibində olan Krımı verdiyini iddia edib, SSRİ tərkibindəki respublikaların sərhədləri proletar zərurətindən irəli gələrək özbaşına bölündüyünü deyib, amma bir çox ölkələr bu fikirlə razılaşmır.
Hətta Tehran və Moskvanın əla münasibətləri olduğuna baxmayaraq, İran Krımın, eləcə də Donetsk və Luqanskın Rusiyanın tərkibinə daxil olmasını tanımır.
Xatırladırıq ki, 1441-ci ildə Girəy nəslindən Hacı xan Krımda xanlıq qurdu. Lakin 1475-də xan I Məngli Gərayın İstanbulda girov saxlanmasından sonra xanlıq Osmanlı imperiyasından asıllığa düşdü. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçdü. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa döndü.
İlk Sovet illərində Krım muxtariyyət əldə etdi. 1941-ci ildə Krım nasist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq, 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarı, həmçinin yunan, bolqar, türk, erməni, italyan, azərbaycanlı, çərkəz əhalisi hakimiyyət tərəfindən Mərkəzi Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu.
Əntiqə Rəşid