adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2023 15:20
689
ƏDƏBİYYAT

Ümummilli liderimiz Heydər Əliyev obrazı aşıq Əhmədin yaradıcılığında

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, ustad sənətkar Aşıq Əhmədin yaradıcılığında ulu öndər Heydər Əliyev şəxsiyyətinə, onun müasir tariximizdə tutduğu fenomenal mövqeyinə, respublika rəhbəri kimi geniş və çoxşaxəli fəaliyyətinə həsr olunmuş mükəmməl poeziya nümunələri mühüm yer tutur. Dövlət başçısının və ya xalq və millət üçün böyük xidmətləri olan şəxsiyyətlərin milli poetik ənənədə tərənnümü məlum hadisədir. Bizim mifoloji əcdadımız Oğuz xandan üzü bəri bütün dövrlərdə böyük şəxsiyyətlər ədəbiyyatın mövzusu olub və onlara xalq məhəbbəti, el sevgisi məhz ədəbi mətndə öz bədii ifadəsini tapıb. Bu mənada Aşıq Əhmədin Heydər Əliyev şəxsiyyətinə müraciəti, ona poetik abidə ucaltması milli-ədəbi ənənəyə əsaslanır. Xalqın rəhbərə minnətdarlıq duyğusu və düşüncəsi məhz bu şəkildə sənətkar dilində və sənət hadisəsində öz ifadəsini tapır.

Müstəqillik dönəminin ilk illərində ölkədəki xaos və anarxiya, başsızlıq, yiyəsizlik aşığın poeziyasına xüsusi seçilən bir mövzu – rəhbər mövzusu da gətirmişdir. Doğrudur, Sovet dönəmində proletariatın «dahi rəhbəri» geniş şəkildə tərənnüm olunurdu. Amma Aşıq Əhmədin rəhbər silsiləsindən olan şeirlərində Öndər millətin içərisindən seçilir və vətənin xoş günündə öyülür, dar günündə axtarılır, ona xitab olunur.

Aşıq Əhmədin Heydər Əliyevə həsr etdiyi poetik nümunələrin tarixi yetmişinci illərdən başlanır. Təxminən 30 illik bir dövrdə ardıcıl şəkildə Heydər Əliyev şəxsiyyətinə üz tutan, poetik enerjisini rəhbərə olan sonsuz sevgisindən alan Aşıq Əhmədin bu kontekstdə yaradıcılıq nümunələrini şərti də olsa iki yerə ayırmaq olar:

-Sovet dönəmində yaradılan əsərlər;

-Müstəqillik dövründə yaradılan əsərlər.

Mövzu baxımından bunların arasında sərhəd yoxdur. Yalnız hər dövrün öz sosial ovqatı əsərlərdə öz əksini tapır. Aşıq Əhmədin sovet dönəmi yaradıcılığında H.Əliyev şəxsiyyətinin rəhbər və xalq konteksti daha qabarıq müşahidə olunur. Vaxtilə ölkədə kənd təsərrüfatı işlərini yüksək səviyyədə təşkil edən respublika rəhbəri tez-tez rayonlara və kəndlərə gedir, əmək və zəhmət adamları ilə görüşür, onların qayğılarını öyrənir, problemlərini operativ şəkildə həll edir, qabaqcılları mükafatlandırır, bununla da əmək adamlarına yeni-yeni zəfərlər qazanmaq üçün sonsuz ruh verirdi. Ulu öndər H.Əliyevin tarla düşərgələrində keçirdiyi görüşlərin ədəbi-bədii salnaməsinin bir hissəsi Aşıq Əhməd yaradıcılığının yaddaşında yaşayır. 1977-ci ildə H.Əliyev Kürdəmirə gələrkən görüşdə söylənilən aşağıdakı şeirin misralarında xalq sevgisi özünün nikbin ifadəsini tapır:

Qoy sözümü deyim mərdü-mərdana,

Hər qədəmin layiqdi yüz qurbana.

Arzum budur sizin kimi loğmana,

Allah min il ömür verə, rəhbərim!

Aşıq tarla düşərgəsində respublika rəhbərinin qarşısında verdiyi konsertlərdən birində deyir:

Bir saz tutum rəhbərimin şəninə,

Nəğmə qoşum bu məclisdə söyləyim.

Bir «Gəraylı», bir «Koroğlu» havası,

Bir havalı «Ordubadi» söyləyim.

 

1988-1992-ci illərdə Azərbaycanın başına gələn müsibətlər, faciəli günlər aşığın yaradıcılığından kədər notları ilə keçir:

Beş-on ildi bilirsiniz, a dostlar,

Bizim başımıza nələr gəlibdi.

Ölümlü, itimli, qanlı, qadalı,

Burulğanlı neçə sellər gəlibdi.

Ulu öndərin 1993-cü ilin 15 iyununda respublika rəhbərliyinə qayıdışı aşığın şeirlərində böyük sevinc hissləri ilə ifadə olunur:

Əhmədəm, sözümü yetirdim sona,

On beş iyun sada saldı hər yana.

Gözlərimiz aydın, Azərbaycana,

Yenə rəhbər cənab Heydər gəlibdi...

Çünki Heydər Əliyev şəxsiyyəti hələ sovet dönəmindən insanların qəlbində böyük məhəbbət duyğuları ilə silinməz izlər qoyub:

Heydər baba, sənin bütün dünyada,

Öz adın, öz yerin, öz hörmətin var.

Qayğıkeş atalıq əməllərinlə

Xalqımın qəlbində məhəbbətin var...

1993-cü ildən başlanan demokratik, dünyəvi dövlət quruculuğu, ölkədə siyasi sabitliyin və ictimai asayişin bərpası istiqamətində aparılan gərgin fəaliyyət aşığın həssas müşahidələrindən kənarda qalmır:

Bir səs gəlir qulağıma hər eldən,

Qazaxdan, Gəncədən, Muğandan, Mildən.

Min doqquz yüz doxsan üçüncü ildən

Dahi, müdrik rəhbəri var xalqımın.

Lissabonda durub mərdü mərdana,

Haqq sözünü sübut edən cahana,

Zəka ordusuyla Ermənistana,

Zərbə vuran sərdarı var xalqımın.

Amerikada haqq danışıb, mərd duran,

907 tilsimini sındıran,

Erməni xülyasın odda yandıran,

Zati-Ali-Heydəri var xalqımın!

1995-ci ilin avqust ayının 5-də «Şərqin səsi» qəzetində nəşr olunmuş «Hörməili Prezidentimiz Heydər Əliyev cənablarına açıq məktub»da böyük şəxsiyyətin fəaliyyəti poetik şəkildə təsvir olunur:

 

Ey xalqımın mərd, qayğıkeş rəhbəri,

Sadiq sərkərdəsi, müdrik əsgəri,

Adının sahibi Heydəri-Kərrar,

Sözünlə hərb evin etdi tarimar...

 

Aşıq Əhməd yaradıcılığında H.Əliyevin ad günlərinə həsr olunmuş şeirlər geniş silsilə təşkil edir. Belə şeirlərdən birində (“Mübarək”) aşıq deyir:

 

Aşıq Əhməd deyir: gün o gün olsun,

Zəkanız sülh ilə qələbə çalsın,

Xankəndində heykəliniz ucalsın,

Gedib Sizi orda təbrik eyləyək,

Deyək, rəhbər, ad gününüz mübarək!

 

Aşığın «Xalqımın», «Rəhbərim», «Söyləyim», «Əlləriniz yorulmasın», «Mübarək», «Heydər bulağı», «Gəlibdi», «Var», «Səs verək» rǝdifli qoşma, gəraylı və müxəmməsləri, eləcə də, bir sıra başqa şeirləri H.Əliyevin rəhbər obrazını mükəmməl poetik forma və məzmunda təqdim edir. Ən başlıcası isə odur ki, bu şeirlərin hər birində ustad sənətkarın böyük rəhbərə sonsuz sevgisi aydın şəkildə görünür.

Bəli, mərhum sənətkarın alxışında deyildiyi gün gəldi çatdı. Ümummilli liderimizin layiqli varisi İlham Əliyev ata arzusuna, vəsiyyətinə əməl edərək Xalqın dəstəyi, yaratdığı qüdrətli ordumuzun hünəri və sərkərdəlik zəkası, qüdrəti ilə düşmən üzərində Zəfər çaldı. Və bu gün işğaldan azad olan torpaqlarımızda quruculuq, abadlıq işləri gedir. Bu gün milli mədəniyyətimizin beşiyi Şuşamızdan “Xarı-bülbül” festifalı, “Vaqif poeziya günləri” kimi mədəni –kütləvi tədbirlərin əks-sədası bütün dünyaya səs salır və sakral, milli-mənəvi dəyərlərimiz ümumbəşəri mədəniyyətlərin ön cərgələrində görünür. Əminəm ki, lap yaxın illərdə işğaldan azad olunmuş bütün bölgələrin ən hündür,ən səfalı yerində ümummilli liderimiz H.Əliyevin abidəsi ucalacaq və o uca zirvədən unudulmaz rəhbərin müqəddəs ruhu gülü-gülüstana çevrilən Vətən torpağını, azad, sazlı, sözlü, nəğməli, bəxtiyar xalqını salamlayacaq.

 

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru